02 oktyabr 2019 19:16
205

Multikulturalizm: Sülh, həmrəylik, bərabərlik istəyinin ifadəsi

Əsrlər boyu müxtəlif dinlərə məxsus xalqların birgə yaşadığı, sabitlik mühitinin formalaşdığı, milli-mənəvi dəyərlərə sadiq qalan Azərbaycanda multikulturalizmə dövlət siyasəti kimi diqqət göstərilməsi təbiidir.

“Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq...”

Düşünürəm ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur” söyləyən” Prezident İlham Əliyevin sözlərini təsdiqləyən amillər çoxdur.”

Müasir, dünyaya açıq olan  ölkəmizdə 2016-cı ilin  “Multikulturalizm İli” elan olunması göstərdi ki, multikulturalizm Azərbaycanda dövlət siyasəti, həyat tərzidir. Beynəlxalq ictimaiyyəti düşündürən, dünya siyasətinin aktual məsələlərinin Azərbaycanda müzakirə olunması, mühüm çağırışların səslənməsi, hədəflərin müəyyənləşdirilməsi respublikamızın önəmini artırmaqla qədim odlar diyarını humanitar platforma kimi tanıtdırır. 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ölkəmizdə hər il qeyd olunur. ISESKO-nun 2009-cu ildə Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsi, 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi, respublikamızda “İslamda dözümlülük”” mövzusunda beynəlxalq konfransın, “ Bakı prosesi”nin, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısının, beynəlxalq humanitar forumların, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və digər mötəbər tədbirlərin keçirilməsi Azərbaycan modeli olan multikulturalizm və tolerantlığın nümunəsidir.

Azərbaycanın Birinci- vitse prezidenti, UNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilən  UNESCO-nun Ümumdünya İRS Komitəsinin 43-cü sessiyasındakı çıxışlar Azərbaycan xalqının bəşəri və milli -mənəvi dəyərlərə göstərdiyi ehtiramı təsdiqləməklə, dünya xalqlarını, millətləri eyni məqsəd naminə həmrəyliyə çağırış idi. Ölkəmizdə keçirilən dialoqlar, forumlar göstərir ki, Şərq ilə Qərb arasında körpü olan Azərbaycanda tolerantlığın, dini dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin çox qədim kökləri vardır.  Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş”in imzalanması, Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının təmiri ilə bağlı layihələrin reallaşması Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələrdəndir. Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mözusunda təşkil olunan konfransın, Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusundakı beynəlxalq Forumun, Heydər Əliyev Fondunun dəstəyi ilə “Gənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsü çərçivəsində keçirilmiş beynəlxalq konfransın məqsədi müasir dövrümüzdə xalqları düşündürən, narahat edən  problemlərin həlli üçün səyləri birləşdirməkdir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təminatına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib.

Sessiyadakı çıxışında ölkəmizin humanizmə və xalqların birliyinə yönəldilmiş təşəbbüslərini yüksək dəyərləndirən, tədbiri dünya xalqlarına çağırış tribunası adlandıran UNESKO-nun Baş direktoru Odre Azule “Burada həm Birləşmiş Ştatları, Çini, İranı, Rusiyanı, Burkina-Fasonu, həm də Böyük Britaniya və bütün digər dünya dövlətlərini narahat edən məsələləri müzakirə edirik. Bu, onu göstərir ki, məhz mədəni irsə gəldikdə bütün dünya ölkələri bu məsələləri birgə müzakirə edir” sözləri ilə diqqətə çatdırdı ki, Azərbaycanda multikulturalizm qədim tarixə malik bir xalqın sözdə deyil, əməldə sülh istəyinin ifadəsidir. Suriyada, İraqda, Fələstində,  Liviyada, Türkiyədə, Azərbaycanda, Arakanda ... törədilən terrorlar, dini ayrı-seçkilik nəticəsində qətlə yetirilən insanlar, dağıdılan tarixi abidələr, miqrantlara qarşı göstərilən ədalətsizlik sivilizasiyamıza vurulan zərbədir. Dağlıq Qarabağ münaqişəsinin bu gün də davam etməsi beynəlxalq təşkilatları ciddi düşündürməlidir.

Mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməklə sivilizasiyalararası mərkəz kimi tanınan Azərbaycana belə yüksək diqqət ölkəmizdə mövcud olan siyasi sabitliyin də göstəricisidir.

Cari ilin noyabrında  Dünya Dini Liderlərinin ikinci Bakı Sammitinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı maraqların çarpazlaşdığı bir zamanda müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən, qarşılıqlı münasibətlərin tarazlanmasına diplomatiyasının başlıca prinsipləri kimi sadiq qalan, İslam aləminin ayrılmaz parçası olan Azərbaycanın xarici siyasətinin xarakterik nümunəsidir. Dözümsüzlükdən qaynaqlanan, zorakı ideologiya ilə qızışdırılan, azsaylı xalqların hüquqlarının pozulduğu, fəlakətlərlə üzləşən dünyamızda, münaqişə ocaqlarında sülhün bərpası, terrorlara, dini radikalizmə qarşı birgə mübarizədə öz sözünü deyən Azərbaycan konfessiyalar arasında səmimi əlaqələrin yaradılmasında da zəngin təcrübəyə malikdir. Qərb ideoloqlarının bilərəkdən yaratdıqları islamofobiyaya qarşı mübarizədə  böyük rola malik dini liderlərin Sammiti dini-etnik zorakılıq girdabına düşən ölkələrə tolerantlıq nümunəsidir.

Bakıda olarkən ölkəmizdəki dinlər və millətlərarası münasibətlərdən məmnunluğunu “Mən bu ölkəyə hazırkı cəmiyyəti səciyyələndirən və müasir Azərbaycan dövlətinin çiçəklənməsi ilə nəticələnən təcrübə, dəyərlər və xüsusiyyətlər toplusunu formalaşdıraraq, bu torpaqda tarix boyu yaşamış çoxsaylı xalqların verdiyi töhfənin nəticəsi kimi mədəniyyətimizin çoxçalarlılığı və zənginliiyinə qəlbimdəki vurğularla gəlmişəm” sözləri ilə ifadə edən Roma Papası Fransisk Şərq ilə Qərb arasında körpü olan ölkəmizdəki sağlam mühitdən razılığını da ifadə etmişdir: “Səmimi qəlbdən arzu edirəm ki, Azərbaycan müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq yolunu davam etdirsin. Qoy, hər zaman ahəngdarlıq və sülh şəraitində yan-yana yaşama ümumi rifaha hər kəsin töhfə vermək imkanını təmin edərək, çoxsaylı sahələrdə ölkənin sosial və vətəndaş həyatını canlandırsın.”

Cənab İlham Əliyev Vatikan-Azərbaycan əlaqələrini, Bakıda Katolik Kilsəsinin açılmasını, məscidlərin, provaslav kilsələrinin, sinaqoqların qorunmasını,  tarixi məbədlərdə aparılan təmir-bərpa işlərini bütün xalqların mənəvi dəyərlərinə hörmət adlandırır.

Barışa, sülhə tərəfdarlıq missiyasını beynəlxalq səviyyədə ictimailəşdirən, müxtəlif komponentləri və fərqli dini konfessiyalara aid şəxslər arasında qarşılıqlı əməkdaşlığı formalaşdıran bu kimi tədbirlər  dünyaya tolerantlığın Azərbaycan nümunəsini təqdim edir.

Ötən illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Brüsseldə keçirilən “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusundakı Beynəlxalq Forumda müasir dünyanın ən aktual problemlərindən olan separatizmdən, dini radikalizmdən əziyyət çəkənlərin problemləri geniş müzakirə olundu.

Qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin yaratdığı narahatlıqlar arasında etnik separatizm və onun mənfi təzahürlərinin xüsusi yer tutduğu vurğulanaraq qeyd olundu ki, fobiyalar bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərir. Hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon kvadratkilometr ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmdən yaranan münaqişələr hərbi toqquşmalarla müşayiət olunur. Etnik münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo, Asiyada İsrail ilə Fələstin, Hindistan ilə Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s. arasındakı etnik münaqişələr uzun illərdir davam edir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə””” mövzusundakı  konfrans beynəlxalq ictimaiyyətə Azərbaycanın birlik çağırışı idi.

Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən bu konfrans Azərbaycan multikulturalizminin təbliği idi. Dünyanın 30-dan çox ölkəsinin təmsil olunduğu, Avstriya və Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatlarının, o cümlədən dünyanın müxtəlif dini konfessiya rəhbərlərinin, dövlət, elm və mədəniyyət xadimlərinin iştirak etdikləri konfranda vurğulanmışdır ki, Azərbaycan çoxmillətli və çoxdinli bir dövlətdir və ölkədə dini münasibətlər multikulturalizm siyasəti çərçivəsində nizamlanır. Kəskin ziddiyyətlərin, terrorun, dini radikalizmin, ekstremizmin, ksenofobiyanın, antisemitizmin və islamofobiyanın tüğyan etdiyi, dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini - multikulturalizm modelini təklif edir.

Təkcə siyasi, iqtisadi problemlərlə bağlı məsələlərin müzakirəsi üçün deyil, bütünlükdə qlobal problemlərin həlli yollarının araşdırıldığı, sabit məkan seçilən Azərbaycan qardaşlıq, birlik, həmrəylik simvolu olan  mədəniyət, idman ölkəsi kimi də tanınır. Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları,  Avropa Gənclərinin XV Yay Olimpiya Festivalını yüksək səviyyədə təşkil etməklə də  qardaşlıq, əməkdaşılq tərəfdarı olan Azərbaycanın enerji, nəqliyyat layihələri regional sülhə, tərəfdaşlığa xidmət edir. “Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizdən fərəhlənirik. Bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hesab edirəm ki, bu, indiki dünyada böyük zənginlikdir” söyləyən cənab İlham Əliyev haqlı olaraq bildirir ki, dünyada sabitliyin qorunması, dini radikalizmin aradan qaldırılması naminə biz öz təcrübəmizi bölüşməkdən məmnunuq.

Xuraman İsmayılqızı, “İki sahil”