15 oktyabr 2019 19:54
250

Müharibə qurtaran kimi tərxis olunanlar da Vətənə əsgərdi

Payızın orta  ayının sonuna az qalıb. Əsən yellər buna görəmi belə çılğınlaşıb? - nizamsız əsən yorğun qanadlı yellər yazda-yayda kölgəsinə can atanların ruhunu tumarlayan ağacların budaqlarından üzülmüş, üzülən yarpaqları yollar, xiyabanlar boyunca teyləməkdədir. Niyəsə bayaqdan bəri ayaq saxlayıb yarpaqların “can dərdi, könülsüz uçuşuna” baxıram, payızın gəlişiylə  yarpaqların  saralması, budaqdan üzülməsi, yellərə görə ora-bura  çırpılması fəlsəfəsini yenidən dərk etmək istəyirəm. İstəyim istək olaraq qalır, sonacan dərk edə bilmirəm...

Kövrək duyğular  yaradan belə görüntülər  ön xətdə diqqəti çəkmir. Bu, müharibə şəraitində ön xəttin mahiyyətinin hökmüdür, qadirliyidir...

Ön xətdəyəm...

Qəribə, başaçılmaz kövrəklik yaradan (yaratmış) bu görüntünün içindən keçib səngərlərə çatmışam. Salamlaşmağa beş-on addım qalmış bir anlığa ayaq saxlayıram. Ötən ay məni bu səngərdən uğurlayanda əsgərlərdən birinin dediklərini xatırlayıram: Döyüş əzmimiz, qələbə ruhumuz həm hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətlə bağlıdır, həm döyüş və mənəvi-psixoloji hazırlığın səviyyəsi ilə, həm də xalqın orduya güvənci ilə. Əsgərlərin baxışlarında gördüyüm döyüş əzmi, qələbə ruhu könlümü şükranlıqla silələyir. Bir azdan bu əzmin, bu ruhun  zəmanətiylə ötən il keçirilmiş möhtəşəm paradlardan, 2016-cı ilin aprel döyüşlərində qazanılmış qələbələrdən danışacağıq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla dediyi bir fikri xatırlayacağıq: “Gün gələcək, Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarımızda dalğalanacaqdır”.

Bu inam məmləkətimizin inamıdır.

Bu inamın işığında salamlaşma bitər-bitməz döyüş növbətçiliyindən qayıdan əsgərlər görünür. Ötən ezamiyyətdə - yayın orta ayında bu mövqedə döyüş növbətçiliyi aparanda kəlmələşdiyim, qətiyyətini, hiss etmək nədi, aydınlığıyla görünən vətənpərvərliyini ürəyimə yazdığım əsgəri - Valeh Rəhimovu tanıyıram. O tanışlığın qarşılıqlı xatırlanması, xatırlanmanın təbəssümü söhbətimizə etibarlı başlanğıc olur.

-Keçən dəfə söhbətimizdə dediklərini unutmamışam, - deyirəm. Gülümsünür. O dəfə müşahidə etdiyim təbəssümün eynini görürəm.

-Özüm də unutmamışam, unudulmamaq üçün demişdim. Yenə təkrar edirəm: Hərbi xidmət vətənsevərliyimizi daha da artırdı. Vətənin nə olduğunu ilk döyş növbətçiliyimdə daha dərindən dərk etdim. Söhbətlərimizdə öyrəndim ki, əsgər yoldaşlarım da eyni duyğuları yaşayıb. Bizdən  əvvəl xidmət edən əsgərlər kimi biz də əmin olduq ki, ömrü Vətən üçün yaşamalıyıq. Məhz belə bir amalla xidmət edirik.

Bu səmimi kəlmələr könlümü onda da telləndirmişdi, indi də telləndirir. Zabit Azər Kərimov əsgərin kəlmələrindən bir ürək tutumunca qürurlanır:

-Yüksək döyüş hazırlğına malik olan əsgərlərimizin mənəvi-psixoloji hazırlığı yüksəkdir, yəni şəxsi heyətin döyüş hazırlığı mənəvi-psixoloji hazırlıqla tamamlanır. Əsgərlərimiz Ali Baş Komandanın döyüş əmrinə hazırdır. Həm də istəyirlər ki, bu əmr onlar tərxis olunana kimi  verilsin, bu əmri qələbəylə tamamlayacaq əsgərlərin sırasında olsunlar...

Zabit Azər  Kərimovun sevgilərlə, ehtiramla, qürurla dediyi kəlmələr əhatəmizdəki əsgərləri duyğulandırır. Bayaqdan bəri baxışları qarşı tərəfdən üzülməyən əsgərlərin ürəyindən məhz bu istək keçdiyini duymaq çətin deyil. Bu məqamı duyuruq. Elə istəyirəm ki, əsgərlər nəsə desinlər, deyilənləri zabitin kəlmələrinin məntiqi davamı bilən.

Əsgər Əli Qurbanov deyir:

-Mən hərbi xidmətə gələndə qonşumuz Rəhim hərbi xidmətdən tezlikcə tərxis olunmuşdu. Onun qəlbini gizildədən bir təəssüfü indi daha həssaslıqla, daha əhatəli şəkildə dərk edirəm. Rəhim Ali Baş Komandanın döyüş əmrinə kimi tərxis olunmasına görə təəssüflənirdi. Belə təəssüfü heç birimiz yaşamaq istəmirik...

Əsgər Səlim Kazımov deyir:

-Hərbi xidmət hər bir gəncin xarakterini gərəkli şəkildə formalaşdırır, vətəndaş olaraq Vətən qarşısındda hərbi xidmət borcunu böyük sədaqətlə yerinə yetirir. Hərbi xidmət əsgəri həyat üçün olduqca gərəkli olan...

Əsgər Tahir Talıbov əsgər dostunun son kəlməsinə gərəkli  bir düzəliş edir.

-Səlim, həyat üçün, yaşayış üçün  gərəkli olan yox, gərəkli olacaq desən daha düzgün  olardı.

Səlim əsgər dostunun səmimi müdaxiləsini səmimiliklə dəyərləndirir:

-Haqlısan. Hərbi xidmət əsgəri həyat üçün gərəkli olacaq xarakter əsasında formalaşdırır - məsuliyyət, anda  sədaqət, ünsiyyəti dəyərləndirmə qabiliyyəti, əsgər dostluğu, bu dostluğun yaşarılığına əminlik...

Əsgər Pünhan Babayev deyir:

-Hamımızın şair dediyimiz qazaxlı Samir Həsənov tərxis olunduqdan sonra bir məktub göndərmişdi. Bölüyümüzə ünvanlanmışdı, yəni hamımıza yazılmış məktubu idi. Şairin yazdıqları hamımızın yadındadı - “Özüm tərxis olundum, ürəyim sizin sıranızda xidmət edir...”. Oxuyanda hamımız kövrəldik.

-Gözləmədiyimiz o kövrəklik qətiyyətimizi, döyüş əzmimizi, qələbə ruhumuzu  həm artırırdı, həm də bir daha dərk etdik ki, əsgər dostluğu son nəfəsəcəndi, dost könülü dost könlündən iraq düşmür, - əsgər Səbuhi Kərimov dostunun sözünə qüvvət olaraq belə deyir, səmimiyyətlə, qətiyyətlə, inamla deyir. Səmimiyyətlə, inamla dinləyirik. Olduqca səmimi və dönməz bir təbəssümlə əhatələnirik. Pünhanın dediyi fikri zabitin əminliyə söykənən kəlmələri tamamlayır:

-Onda hamımız bir daha əmin oldunuz ki, hərbi xidmət müharibə şəraitində tərxis olunmaqla tamamlanmır. Bu, “Mən azərbaycanlıyam!”, - deyənləri yaşadan ruhun qüdrətidir...

Zabitin dediklərini neçə aylar əvvəl ön xətdə başqa bir hərbi hissədə bir əsgərdən eşitmişdim: Torpaqlarımız işğaldan azad edilənə kimi tərxis olunanlar da əsgərdir! Onda demişdim, indi  də əminliklə deyirəm ki, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığını mənəvi-psixoloji hazırlığı, mənəvi-psixoloji hazırlığını bu ruh, bu vətənpərvərlik tamamlayır...

...Hansı duyumun, hansı duyğuların təsiriyləsə on beş -iyirmi addımlıqdakı ağaca sarı baxıram. Rəngi özündə olan yarpaqlarda zərrəcə tərpəniş hiss olunmur. Mənə elə gəlir ki, bayaqdan bəri məhəl qoymadığımız  yel gücsüzləşib...

...Bu payız günündə səngərdə sizinlə bu səmimi kəlmələşmə bir könül xoşluğudu.

Böyük Qələbəyə aparacaq döyüş yolunuzu belə könül xoşluğuna dönəcək işıqlı düşüncələr buna qadirdir, - əsgərlərə xitabən belə deyirəm. Vətənin ucalığının mühafizəkarlıq cəfakeşlərinin özünə, hərbi xidmətinin mahiyyyətinə ehtiramın ifadəsi olan kəlmələrimin on beş - iyirmi addımlıqdakı ağacın budaqlarına sığınmış yelin yaxasından yapışdığını görürəm.

Zabit qürurla əsgərlərə baxır, bu qürurun boyuna çatası inamla deyir ki, müharibə qurtarana kimi tərxis olunanlar da əsgərdir...

Rəşid Faxralı