KÖŞƏ

Sevinc Azadi

Mühacir biznes olayı Müsavatı parçalayır

25 noyabr 2019 11:02
330

Almaniyada mühacirlərin qanunsuz yollarla ölkəyə gətirilməsi ilə bağlı aparılan həbslər böyük rezonans doğurub. Yayılan məlumatlarda ölkədə bir sıra şəxslərin, ictimai fiqurların, Müsavat Partiyası üzvlərinin adlarının bu qalmaqalda hallanması gündəmi zəbt edib. Mühacir alveri ilə məşğul olduğu bildirilən bu şəbəkə Azərbaycandan vətəndaşları aldadaraq pul müqabilində onlara saxta sənədlər, arayışlar verib, habelə onların Almaniyaya səfərini təşkil edib, orada yerləşdirib və s. xidmətlər göstərib. Uzun illər ərzində minlərlə insan bu şəbəkənin xidmətindən istifadə edib, onların əksəriyyəti külli miqdarda vəsait xərcləməsinə baxmayaraq, oturum ala bilməyib və ölkədən deport edilib.

Müsavatın mühacir biznesi şəbəkəsinin ifşası partiya daxilində də ciddi qarşıdurmaya səbəb olub. Belə ki, vaxtilə partiya rəhbərliyinin qanunsuz fəaliyyətinə qarşı çıxan və bu səbəbdən Arif Hacılının qəzəbinə tuş gələnlər hazırda onun istefasını tələb edirlər. Müsavat başqanının sabiq müavini Yadigar Sadıqlı hesab edir ki, Arif Hacılı və onun ətrafındakı şəxslər birbaşa mühacir biznesinin əsas təşkilatçılarıdır: “Düşünürəm ki, partiyanın rəhbərliyi, Arif Hacılı günahlarını etiraf etməli, məsuliyyəti nəzərə alıb istefa verməlidir”.

Digər müsavatçılar da bu biabırçılığa görə A.Hacılını istefaya çağırırlar. Bununla yanaşı, məsələyə fərqli yanaşan partiya təəssübkeşləri də var. Onlar hesab edirlər ki, Müsavat Partiyasının adından saxta arayışların verilməsi əvvəl də mövcud olub. Yəni İsa Qəmbərin başqanlığı dönəmində çoxsaylı saxta arayış verilib. Bu səbəbdən sözügedən məsələdə əsas günahkarlardan biri məhz İsa Qəmbərdir.

Bu arada diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, A.Hacılıya yönələn ittihamlarla bağlı heç bir partiya funksioneri onu sosial şəbəkədə müdafiə etmir. Təkcə A.Hacılının özü barəsində səslənən ittihamlara münasibət bildirir.

Maraqlıdır ki, bütün baş verənlərə “soyuqqanlı siyasətçi” imici daşıyan İsa Qəmbər açıq münasibət bildirmir. Prinsipcə, “hiyləgər gedişləri ilə tanınan” sabiq başqana belə qalmaqal sərf edir. Görünür, İ.Qəmbərin də öz hesablaması var. Belə ki, Arif Hacılının başqanlığı ilə davam edən hər gün Müsavatın əleyhinə işləyir. Son nəticədə yenə də nəzərlər “çirkab yağmuru”ndan uzaq durmağa çalışan İsa Qəmbərə dikilə bilər. “Vəziyyətin çıxılmazlığı”nı görən İ.Qəmbər güman ki, partiyaya rəhbərliyi yenidən öz əlinə almağı düşünür. Onsuz da o, partiyada heç bir post tutmamasına baxmayaraq, başqan kabinetini tərk etməmişdi. İndi isə kabinetindən rahatlıqla çıxması və müsavatçılara “xilas əlini” uzatması mümkün görünür. Lakin o vaxta qədər partiyadan əsər-əlamət qalmaya da bilər.

Göründüyü kimi, bu dəfə “Mühacir biznesi”nin miqyası o dərəcədə böyükdür ki, bu saxtakarlar üçün “hakimiyyətin məqsədyönlü hücumundan” danışmaqla vəziyyəti müsbətə doğru dəyişmək imkansız görünür. “Saxta arayış” məsələsini gündəmə gətirən və onu qabardan hakimiyyət deyil, demokratik Avropanın önəmli ölkələrindən olan Almaniyanın hüquq-mühafizə orqanları və başqan Hacılının sabiq və hazırkı silahdaşlarıdır. Digər tərəfdən, adıçəkilən problem Arif Hacılının bu qədər güvəndiyi Avropa demokratları və öz silahdaşları tərəfindən qabardılıb. İqtidarın iştirakı olmadan da “mühacir biznesi” nəinki Müsavatı, bütövlükdə müxalifətin etimad limitinin üstündən xətt çəkir. Əslində, spekulyasiya üçün əsas da qalmayıb. Belə ki, alman polisi bütün dünyada qanunun aliliyinə əməl edən bir qurum kimi tanınıb. Alman polisinin Müsavat və onun rəhbərliyi ilə hər hansı qərəzi ola bilməz. Digər tərəfdən, bu məsələdə fəallıq edən ən əsas tərəf elə müsavatçılar özləridir.

Qvami Məhəbbətoğlu
Siyasət nəhəngi
Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?