05 dekabr 2019 20:05
242

“Mühacir bazarı”nın fırıldaqları

AXCP ilə Müsavatın saxta “iş birlikləri”

Bu gün ictimai-siyasi həyatımızın bütün sahələrində aparılan islahatlar, cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılandığı kimi, Azərbaycanın beynəlxalq nüfuzunu da gücləndirir. Təbii ki, sosial, iqtisadi, hüquqi , kadr və struktur islahatları qanunvericilik sahəsində də adekvat addımalar atılmasını- növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri edirdi. Növbədənkənar parlament seçkilərinin keçirilməsi sözün həqiqi mənasında zamanın tələbi olmaqla yanaşı həm də sosial sifarişdir.

Deyəsən, Milli Məclisə növbədənkənar seçkilərlə bağlı məsələ köhnə təfəkkürlü AXCP sədri Əli Kərimlinin , “Milli Şura”nın biveclərinin, Müsavatın alverçi başqanı Arif Hacılının və onların ətrafında dolanan  satqınların keyfinə soğan doğrayıb. Almaniyada baş verən mühacir probleminin şokundan  ayılmayan, özlərinə gələ bilməyən bu zavallıları qorxu bürüyüb. Bu günədək arabir sayıqlayaraq, mitinq həvəsinə düşərək qohum-əqrabalarından, pulla tutulmuş iştirakçılardan ibarət aksiyasayaq şou düzəldənləri narahat edən yenə də sosial bazalarının olmamasıdır. Təbii ki, iyirmialtı illik dağıdıcı fəaliyyətlə məşğul olan radikal müxalifət həmişə olduğu kimi yenə də yeniləşmənin əleyhinə kedərək növbədənkənar parlament seçkiləri ilə bağlı “boykot” fikirləri səsləndirməsi onların sağlam siyasi mübarizədən qorxduğunun, sosial bazalarının yoxluğunun təsdiqidir.

Əvvəlki illərdə keçirilən siyasi kampaniyalar ərəfəsində xarici havadarlarından pul qoparmaq, daha çox qrant qazanmaq naminə  ənənələrinə sadiq qalan dağıdıcılar oyuncaq birlik və qurumlar təşkil etməklə  yeni şouları üçün ssenarilər hazırlayırlar. Amma son hadisələr, sirk təlxəyi Əli Kərimlinin paytaxtın mərkəzində  çıxardığı oyunlar, Müsavatın Avropa Koordinasiya Mərkəzi təmsilçilərinin başqan (yaxud bazarkom) Arif Hacılının “mühacir bazarı”nın fırıldaqları barədəki açıqlamalar göstərdi ki, demokratiya saxtakarlarının əsas niyyətləri elə Vətəni hərraca qoymaqla pul qazanmaq, varlanmaq imiş.

Əvvəlki prezident , parlament seçkiləri ərəfəsində baş verənləri xatırlamaqla dağıdıcıların  “siyasi” oyunlarının məqsəd və məramını aydın başa düşmək olar.

Yenə də yığışırlar,  özlərinə belə bəlli olmayan mənasız “müzakirələr” keçirirlər. Elə ki ayrıldılar, aralarında “olum, ya ölüm” savaşı, separat danışıqlar başlanır. Kiçikləri özlərinə pərçimləmək əməliyyatında usta olan, əzəli rəqiblər, AXCP ilə Müsavatın saxta “iş birlikləri” ilə bağlı “saman altından su yetirmək” bacarıqları ortaya çıxır. Bloklaşma oyunu isə hər iki tərəfin məğlubiyyəti ilə, 0:0 hesabı ilə nəticələnir.

Düşərgədə yenə də “köhnə hamam, köhnə tas” əməliyyatı başlayıb. Müsavat partiyasının qərargahında toplaşan Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin, Müsavatın başkanı Arif Hacılının, səhiyyə naziri olarkən radikal düşərgənin funksionerlərini “genetik xəstələr” adlandıran, hazırda isə özü də bu xəstəliyə mübtəla olan Əli İnsanovun, AXCP sədrinin müavini Seymur Həzinin, ReAL partiyasının icra katibi Natiq Cəfərlinin, AXP sədri Pənah Hüseynin “Turan” İA rəhbəri Mehman Əliyevin, politoloq Hikmət Hacızadənin iştirakı ilə keçirilən şounun əvvəlki yığıncaqlardan heç bir fərqi yoxdur. Bir məqamı diqqətə çatdıraq. Həmişə məsuliyyətdən kənarda qalmaq üçün pərdə arxasında gizlənən Əli Kərimli yenə də müavinin kölgəsinə sığınıb.

Adətən belə “məşvərətlər” bloklaşma təklifi ilə sonuclanır. Çox güman ki, yenə də qondarma bir qurum təşkil ediləcək. Seçkilərə az qalmış isə “sözləri biri-birinə xoş gəlmədiyi üçün” təşkilatdan yayınanlar, separat danışıqlara gedərək “masa yoldaşlarına” xəyanət edəcək, sonda “boykot” çağırışı səslənəcək.  

Bu məqamda istər-istəməz yada atalar məsəli düşür : “Hər bir insan səhv edir. Amma sarsaq adam səhv etməkdə israrlıdır.”

Nifrət dolu qəlblərini sağaltmadan sağlam düşünmə bacarığından danışan Əli Kərimli və Arif Hacılı kimi.

25 ildən artıqdır ki, siyasi kampaniyalarda məğlubiyyətlə üzləşən bu kəmsavadlar unudurlar ki, çox danışmaq əqlin azlığına, yalan danışmaq iradənin zəifliyinə dəlalət edir. Yalanları üzündən ətraflarını itirən dağıdıcılar yeganə ümidləri Azərbaycanı gözdən salmaq üçün xarici ölkələrdə başqalarının əlinə, cibinə möhtac , özgələrinin  haram süfrəsinin  artıqları ilə qarınlarını doyuranlardır. Əxlaqdan kənar hərəkətləri, xəyanətləri, satqınlıqları ilə mənəviyyatsızlıqlarını ortaya qoyanlardır.

Başqa ölkələrin zibilxanalarında  küllənərək, yadların atdıqları bir tikə çörəyə belə Vətənini satanları- Orduxan Bəbirov, Elşad Abdullayev, Vidadi İsgəndərli, Qənimət Zahid, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rafail Piriyev, Leyla Yunus, Sevinc Osmanqızı ... kimilərini təlimatlandıraraq Azərbaycana qarşı təxribatlara sövq edən başqanla “islahatçı” sədr ilana ağu verən kərtənkələlərdirlər. Trolları kimi Əli Kərimliyə və Arif Hacılıya yaraşan adlar dəyişilmir: Dönüklər, xainlər, satqınlar. Azərbaycana qarşı xəyanət edən dağıdıcıların,  “xəyanət tribunaları” olan “Meydan TV”də, “Kanal Turan”da, “Azadlıq”da  toplaşan, etik normalara sığmayan davranışları ilə mənəvi çirkinliklərini ortaya qoyan “ söyüş şəbəkələrinin” tör-töküntülərinin “ Azərbaycan xalqım” deməyə belə haqları çatmır. Xalqının təəssübünü çəkənlər eli, obası ilə birlikdə olanlardır. Başqalarının dili, diqtəsi ilə danışaraq milləti haqqında   böhtan yağdıranların, düşmənə dəstək verənlərin  xalqa məxsusluğu, mənsubluğu ola bilməz.

AXCP sədri Əli Kərimlinin “proqramlaşdırdığı” bu manqutlar üçün Vətən məfhumu yadlaşıb.

Xuraman İsmayılqızı, “İki sahil”