31 avqust 2019 10:10
271

Mövzu aktuallığı ilə seçilən görkəmli sənətkar

Azərbaycanın böyük ziyalısı, ictimai xadim, görkəmli şair-dramaturq Hidayət Azərbaycan ədəbi mühitində öz dəst-xətti, üslubu və mövzu aktuallığı ilə seçilən sənətkarlardandır. Onun yaradıcılığı – istər poeziyası, istər nəsr əsərləri, o cümlədən dramaturgiyası, istərsə də publisistikası klassik formaya sadiqliyi, ənənələrə söykənən, lakin növatorluğu güclü olan bədii-estetik cəhəti, yüksək poetik xüsusiyyəti, yeni nəfəsi, xüsusən səlis dili və özünəməxsus manerası ədəbi aləmdə öz orijinallığı ilə seçilir. Ədibin dramaturgiyası isə sənət ocaqlarımızın tarixində xüsusi mərhələdir.

Hidayətin dramaturgiyası milli ədəbiyyat xəzinəmizi zənginləşdirdiyi kimi, bu əsərlərin səhnə təcəssümü də Azərbaycan səhnə mədəniyyətində, teatr tarixində parlaq iz buraxmışdır. Geniş dünyagörüşünə, parlaq zəkaya, səriştəli yazıçı dəst-xəttinə, yüksək intellektual səviyyəsinə görə ədəbi mühitdə özünə böyük yer tutan dramaturqun pyeslərinin səhnə təcəssümlərini təhlil etmək həm milli ədəbiyyat, həm də milli teatr tariximizi çağdaş sənətşünaslıq nəzərilə öyrənmək baxımından mühüm və aktual vəzifə kimi əhəmiyyətlidir.

Hidayət yaradıcılığına Azərbaycanın bir sıra müqtədir rejissorları müraciət etmişlər. Lakin yaradıcılığı ilə sayılıb-seçilən sənətkar kimi özünü təsdiq etmiş, rejissor Oruc İzzətoğlunun (Qurbanov) Hidayət yaradıcılığına müraciəti bir qədər fərqli prizmadan yanaşma ilə diqqəti çəkdi. O, Hidayətin nəsr yaradıcılığının səhnəyə gətirilməsində yeni bir mövqe tutdu. Avtobioqrafik, etnoqrafik, publisistik roman kimi dəyərə malik olan “Burdan min atlı keçdi” əsəri əsasında “Vətəndən ağırdı vətənin yükü” pyesi yarandı və əsərin maraqlı tamaşası meydana gəldi.

Hidayətin bütün yaradıcılığı boyu leytmotiv ahəng kimi özünü göstərən belə aktual mövzu məhz İrəvan Teatrının kollektivi üçün doğma və ülvi idi. Əsərdə qərbi azərbaycanlıların tarixi məskənləri olan Ermənistan adlandırılan dövlətin ərazisində daima milli mübarizə mücadiləsi aparmaq məcburiyyətində qalmış soydaşlarımızın tutduqları prinsipial mövqe, vaxtilə azərbaycanlıların sıx yaşadıqları Aldərə kəndində 1960-cı illərdə Stalinin heykəlinin azərbaycanlıların əli ilə yıxılmasını həyata keçirmək istəyən erməni millətçi məmurları ilə kənd sakinlərinin qarşı-qarşıya apardıqları mübarizə, özünü müdafiənin gərgin cəhətləri qabarıq şəkildə ön plana çəkilir. Məhz bu mövzunu özündə ehtiva edən tamaşa ilə 1988-ci ildə İrəvan Teatrının Aldərə kəndində həyata keçirmək istədiyi qastrol səfəri zamanı kollektiv son dərəcə çətin, gərgin, çıxılmaz bir vəziyyətə düşür. Tamaşanın oynanılmasını istəməyən ermənilər hər cür təzyiq göstərirlər, teatr kollektivinin təzyiqlərə sinə gərdiyini görən erməni millətçiləri nəhayətdə Mədəniyyət evinin qapısını kollektivin üzünə bağlayırlar. Bunu görən kollektiv tamaşanı açıq havada oynamağı qərarlaşdırır. Ən sonda silah gücünə, əmlakı əlindən alınmaqla əliyalın kollektiv Ermənistan deyilən dövlətin ərazisindən Azərbaycan Respublikasına deportasiya edilir. Romanın kiçik bir qismini özündə cəmləşdirən “Vətəndən ağırdı vətənin yükü” adlı bir səhnə əsərinin yaranması dramaturgiyada özünü təsdiqləmiş Hidayət yaradıcılığının nəsr əsərlərinin də dramaturgiyaya çevrilə bilmə kimi mühüm bir cəhətini ortaya çıxardı.

Səhnələşdirilmiş tamaşada zaman-zaman tarixi torpaqlarımızda məskunlaşmış ermənilərin xalqımızın başına gətirdikləri ağlasığmaz müsibətlər vaxtilə İrəvan Teatrının İrəvan şəhərində fəaliyyət göstərdiyi zamanlarda İrəvan Teatrında çalışmış, əsərdə cərəyan edən həmin hadisələrin canlı şahidi olmuş Xalq artisti Tamella Abdullayevanın və digər gənc aktyorların iştirakı ilə öz əksini tapmışdır. Tamaşada havadarlarına arxalanan erməni hakim dairələrinin neçə-neçə hiylə və iyrənc yollara əl ataraq, soydaşlarımızı növbəti dəfə deportasiyaya məruz qoyduqları teatrın istedadlı yaradıcı heyəti tərəfindən böyük məharətlə ifa olunmaqla, əyani şəkildə göstərilir.

Ümumiyyətlə götürsək, Azərbaycan ədəbiyyatında, xüsusən dramaturgiyasında Qərbi Azərbaycan mövzusuna, onun ağrılı problemlərinin və bu problemləri olduğu kimi ictimaiyyətə çatdırılması məsələsinə Hidayət qədər həssaslıq göstərən, həyəcan siqnalı verən ikinci bir müəllif yoxdur.

Hidayətin İrəvan Teatrında hazırlanan və oynanılan Qərbi Azərbaycan mövzusuna həsr olunmuş əsərləri bir növ həm də İrəvan Teatrının bilavasitə öz taleyini, eyni zamanda, müəllifin şəcərə taleyinin ağrılarını, gərginliyini ifadə edir.  Bu əsərlərdən biri də İrəvan Teatrının səhnəsində hazırlanan, premyerası 2 dekabr  2014-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının  səhnəsində oynanılan, indi  haqqında söz açdığımız “Burdan min atlı keçdi” tamaşasıdır. Bu sanballı əsər “XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı ulu öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir. Qeyd etmək lazımdır ki, ümummilli liderimiz Heydər Əliyevin bədii obrazı ilk dəfə yazıçı Aqşin Babayevin “Xilaskar” əsəri ilə dramaturgiyaya gətirilmiş, Sumqayıt və İrəvan teatrlarının səhnəsində canlandırılmışdır. Daha sonra birbaşa Heydər Əliyevin obrazı əsərdə canlandırılmasa da, məhz Heydər Əliyevin prototipini yaratmağa çalışan Adil Babayevin “Koroğlunun çənlibelə qayıdışı” əsəri ərsəyə gəlmiş və Naxçıvan Teatrının səhnəsində tamaşaya hazırlanmışdır. Sonra isə müəllifi olduğum “Qurtuluş dastanı”, nəzmlə yazılmış “Nurlu omrün anları” və “İşıqlı nurlu sabah” əsərləri yaranmış, İrəvan Teatrının səhnəsində öz səhnə təcəssümünü tapmışdır. Daha sonra isə Hidayətin “Burdan min atlı keçdi” səhnə əsərində Ulu Öndərimizin bədii obrazı öz təcəssümünü tapır və İrəvan və Sumqayıt teatrlarının səhnələrində uğurla tamaşaya hazırlanır. “Burdan min atlı keçdi” tarixi dramında Hidayət, İttifaq dövründə milli məsələ barədə düşünməyin qadağan olunduğu bir vaxtda məhz Heydər Əliyevin milli ideologiyamıza xidmət edən mühüm cəhətlərini göstərir. Milli məsələ barədə düşünmək belə qadağalar məngənəsi arasında sıxılıb suyu çıxarılmaq dərəcəsində olan bir zamanda Heydər Əliyev Kremlin divarları arasında ermənilər tərəfindən əleyhimizə aparılan xəyanətkar əməlləri ifşa edir, Qarabağın Ermənistana verilməsi və digər torpaq iddiaları məsələlərinin qarşısını İttifaq rəhbəri səviyyəsində öz prinsipial mövqeyi, milli təəssübkeşliyi və Azərbaycan xalqının qüdrətli lideri kimi sarsılmaz gücü ilə alır. Hidayətin Heydər Əliyev qəhrəmanı digər əsərlərdəki Ümummilli Liderimizin obrazlardan məhz bu cəhətinə görə fərqlənir.

Teatrı poeziyadan sonra özünün ikinci həyatı adlandıran Hidayətin bütün pyeslərində müəllifin fəal həyat mövqeyi güclüdür. Onu bir dramaturq kimi sevdirən əsas cəhət cəmiyyət və şəxsiyyət problemini obrazların psixoloji münasibətlərində axtarmasıdır. Dramaturq şəxsiyyətin mənəvi-əxlaqi xüsusiyyətlərini onun ictimai fəaliyyətinin siyasi mahiyyəti ilə vəhdətində götürür. Fikir və ifadə aydınlığı Hidayət dramaturgiyasının mühüm cəhətidir. Sadəlik, səlislik və səmimilik onun ustad imzasıdır. Janr və stilistika baxımından Hidayət Orucovun dəst-xətti seçilir. Bu özünü ilk növbədə süjet sadəliyində, kompozisiya xüsusiyyətlərində, hadisələrin isti vətəndaşlıq pafosu ilə təsvirində göstərir.

Hansı mövzudan bəhs etməsinə baxmayaraq Hidayətin əsərləri maraq doğurur, orada həmişə güclü konfliktlərlə səciyyələnən kəskin dramatizm olur. Yazıçı həyat hadisələrini reallığın mürəkkəb qarşılıqlı əlaqələri ilə, insan xarakterlərini isə müxtəlif, təzadlı xüsusiyyətləri ilə birlikdə araşdırır.

 “Üz tutaq tarixin dərin qatlarına. Üz tutaq İrəvan dediyimiz o ulu torpaqlara. O zamanlar ki, hələ sovetin bayrağı erməni başı üzərindəydi. Hələ erməni şovinizmi yenicə ayaq açırdı. Ancaq bizim üçün vacib olan o ulu torpaqlarda yaşayan həmvətənlərimizin erməni şovinistlərinə qarşı apardıqları intellekt mübarizəsidir...” söyləyən  müəllif, diqqəti bu mübarizənin ön cərgəsində gedən, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev şəxsiyyətinə yönəldir. Tamaşada Heydər Əliyev obrazı baş verən hadisələrin gedişinə əhəmiyyətli dərəcədə istiqamət verir. Heydər Əliyev obrazının bütövlüyü və hadisələrə təsir gücü, əsərin əsas mahiyyəti olan Qərbi Azərbaycan problemləri uğrunda apardığı mübarizə onu əsərin əsas qəhrəmanına çevrilir.

Dövlət sifarişi ilə hazırlanan tamaşaya Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artist Firudin Məhərrəmov quruluş vermişdi. Rejissor yozumu əsərin ideya-məzmununun açılmasına çox dəqiqliklə xidmət edirdi. Onu da deyək ki, səhnə əsərində müxtəlif teatrların – İrəvan, Gənc Tamaşaçılar, Şuşa və Sumqayıt teatrlarının sənətkarları bir araya gətirilmiş və həmin sənətkarların vəhdətində zəngin və maraqlı ifa kollajı yaradılmışdı. Belə fərqli amplualı  aktyor ansamblı ilə bir səhnəni paylaşmaq, teatr sənətinin zəncirvari inkişaf mərhələsinə xidmət edən amildir. İrəvan Teatrında belə yaradıcılıq prinsipi ilə tamaşalar hazırlanması və uğurlu nəticələr əldə edilməsi artıq bir ənənə halını almışdır. Bu əsər üzərində işə başlayarkən də teatr həmin yaradıcılıq metodundan istifadə etməyə üstünlük verdi və uğurlu nəticə əldə etdi. Əsərin qayəsi, ictimai-siyasi aktuallığı, fəlsəfi tutumu, onun prinsipial mövqeyi bərədə geniş mənzərə yaradan bir neçə dəyərli resenziyanı diqqətə çatdırmağı doğru hesab edirəm. Əvvəlcədən qürur hissi ilə qeyd edirəm ki, Ulu Öndərimizin bədii obrazını ifa etmək şərəfi mənim taleyimə nəsib olduğu üçün, resenziyalarda haqqımda söylənilən fikirlərə rastlaşarkən bunu qeyri-təvazökarlıq kimi qiymətləndirməmənizi, sadəcə bir mütəxəssis rəyləri kimi dəyərləndirmənizi xahiş edirəm.

“Hidayətin “Burdan min atlı keçdi” dramında Ulu Öndərin obrazı daha geniş miqyasda – Heydər Əliyevçilik – Azərbaycançılıq ideyası ətrafında öz bədii mücəssiməsini tapır. Tale belə gətirdi ki, bu tamaşada da aktyor İftixar Piriyevə Ulu Öndərimizin bədii obrazının yaradıcısı kimi onun hisslərinin, duyğularının, yüksək insani keyfiyyətlərinin, həm övladlıq, həm valideynlik missiyasının, həm sərkərdəlik qüdrətinin yaşantılarını ifa etmək, xalqı, milləti yolunda yorulmadan, əzmlə apardığı fəaliyyətində gərgin situasiyalara qarşı mübarizəsini məhz səhnədən təcəssüm etdirmək şərəfi nəsib oldu.

Burada müəllif Heydər Əliyev obrazını erməni şovinistləri ilə daha gərgin, daha təhlükəli mübarizələr fonunda, həm də hələ o illərdə xalqımız üçün başlanan və gələcəkdə torpaq iddiaları adı altında soyqırımı  fəlakətlərinin, əzəli yurd yerlərimizdən deportasiyaların o dəhşət və vəhşətlərini öz iti ağlı, uzaqgörən siyasəti ilə duymasını çox böyük dərinliklə çatdırır. Ulu Öndərin Koçinyanla (aktyor Məhərrəm Musayev) telefon danışıqları, sonradan sərhəddə Qazax və Dilicanda görüşünü, sonrakı illərdə Qarabağ uğrunda Koçinyanın gizli danışıqları, Suslovla (aktyor Nazir Rüstəmov) olan dialoq səhnəsində onu müdrükcəsinə ifşa etməsi, Liqaçovla (Xalq artisti Məzahir Süleymanov) görüş səhnəsində rəqibin təhdidinə qarşı cəsarətli çıxışı və ən nəhayət, finalda ərazi bütövlüyümüzün qorunması naminə xalqımıza verdiyi tövsiyələr müəllifin yüksək vətəndaşlıq məqsədindən xəbər verir. Bütün bu səhnələrdə İftixar Piriyev yüksək peşəkarlıqla rəhbərin daxili sarsıntılarını, cinayətkarlara nifrətini tamaşaçı nifrətinə qataraq inandırıcı şəkildə təqdim edir. Eyni zamanda, tamaşa boyu zamanın, tarixin, dövrün də konkret anı, məqamı, zamanın məhvəri  öz predmet ifadəsini və obrazını tapa bilir. Bu obrazda başlıca məna və vurğu – şəxsiyyət və xalq, öndər və millət və onlar arasındakı münasibətlərin ifadə etdiyi tarixi qanunauyğunluqlardır.

Heydər Əliyev şəxsiyyəti, dəyişən sosial-siyasi zaman və məkan hüdudlarında da dəyişməyən milli-əxlaqi mövqeyin, vətəndaşlıq sabitliyinin təcəssümü olan lider obrazı əsərdə əvvəldən axıra kimi milli-mənəvi və fərdi-insani keyfiyyətləri ilə daha kaloritli,  kamil görünür və əminliklə deyirəm ki, əlbəttə bu birmənalı şəkildə hörmətli aktyorumuzun  ifa məharətinin parlaq  təzahürüdür. Heydər Əliyev elə bir fenomendir ki, Hidayətin də həm bir teatr xadimi kimi, həm də Heydər Əliyev məktəbinin yetirməsi kimi o böyük dühaya öz yaradıcılığında daima isti münasibətlə yer ayırması o parlaq şəxsiyyətin mükəmməl obrazının cəlbedici xüsusiyyətindən qaynaqlanır.

Tamaşada teatrlarımızın   peşəkar aktyorları  öz bacarıqlarından maksimum dərəcədə istifadə edirdilər. ...Müəllifin prototipi kimi təqdim edilən Ədib obrazı isə aktyor Natiq Həziyevin ifası ilə sevilirdi.

  “Burdan min atlı keçdi” tamaşasından çıxandan sonra qəlbimdə bir nisgil yer aldı. Fikirləşdim ki, mərhum Prezidentimiz bu gün bu tamaşaya baxmış olsaydı, adəti üzrə, tamaşadan sonra səhnə arxasına keçib kollektivlə görüşsəydi, yəqin ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının bugünkü uğurlarını xatırladardı, eyni zamanda, acı taleyinə də biganə qalmazdı. Mən acı taleyi ona görə deyirəm ki, 133 illik tarixi olan bu teatr səhnəsi olmadığı səbəbindən belə möhtəşəm tamaşalarının məşqlərini foyedə edir. Tamaşaçı zalı olmadığı üçün öz premyeralarını başqa teatrların səhnələrində keçirir. Ulu Öndərin fədakar adlandırdığı aktyor heyəti on dəfələrlə proqon keçirməli olduğu halda, şəraitsizlik ucbatından bunu edə bilmir və məşqdən birdəfəyə belə ağır dekorasiyalarla Milli Dram Teatrının böyük səhnəsinə çıxmalı olur. Qaçqınlıq həyatının ağır dönəmlərini yaşayan teatrın yaradıcı kollektivi bu qeyri-adi şəraitin müqabilində bir daha öz varlığını, amalını, gücünü və sənət eşqini təsdiq edir.

Hidayətin dediyi kimi, Vətəndən ağır olan Vətən yükünü Vətəndə Vətənsiz qalan sənətkar çiyinlərində sonu bitməyən qaçqınçılıq taleyilə daşıyır bu teatr. Hidayətin əsir torpağın əsgərləri olan min atlısı isə sərgərdan, narahat ruhları ilə bu milləti milli birliyə haraylayır. Cəsarətli vətən oğullarımız o itirilmiş torpaqlarımızın düşmən cəngindən alınması uğrunda cihada səsləyir bizi” (Nərminə Ağayeva. “Burdan min atlı keçdi”. “Kaspi”, 19 dekabr 2014.)

 “Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında  mötəbər yer tutan görkəmli ədib və teatr xadimi Hidayət Orucov ömrünün hər anını xalq və Vətən yolunda xidmət göstərmiş bulunmuş böyük  ziyalıdır. Ləyaqətli insan ömrü, bu ömrün zamandan-zamana təsdiqi və təntənəsini yaratdığı əsərlərində və öz həyat kredosunda əks etdirən Hidayətin pyeslərinin səhnə təcəssümləri hər zaman Azərbaycan səhnə mədəniyyətində, teatr tarixində hadisəyə çevrilir.

Həqiqətən də, Hidayət  “...zaman-zaman “Burdan bir atlı deyil, burdan min atlı keçdi. Atın izləri torpaqda, daşda, qayalarda, üfüqlərdə qaldı. Heyf, bizim nəsl o zirvələrə qalxa bilmədi. Ətəklərə endik, düzlərə çıxdıq, nəticədə zirvələri də itirdik, düzləri də. Ancaq o atlılar hələ də zirvələrdədir”, - deyib ağrı ilə ürəyini boşaldır. Həqiqət isə budur: Ordan min-min atlı, piyada yol aldı, köç etdi. Didərginlik, köçkünlük dadaraq, doğma torpaqdan qoparılan iri bir ağacın kökü kimi sarsıldılar bu torpaqda. Nə kök ata, nə də yaşıllanıb qol-budaqlana bildilər. Bəlkə elə saralmış yarpaqlarını yorğun budaqlarından qoparmamaq, əbədiyyətini, mənsubluğunu qoparıldığı kökə, torpağa hopmaqla yenidən pöhrələnib yaşıllanacaqları günə ümidləndilər.

XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı ulu öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əsas ideya kimi irəli sürən “Burdan min atlı keçdi” əsərinin tamaşası Azərbaycan xalqının başına gətirilən bəlaların mükəmməl təsvirini verən unikal səhnə həlli idi. Mənfur qonşularımızın illər, əsrlərlə gizli-aşkar apardığı şovinist siyasət, qeyri-insani davranışlar, bu fonda havadarlarının verdiyi dəstəklər sayəsində azərbaycanlıların əzəli və əbədi torpaqlarından köçürülməsi əsərdə zəncirvari şəkildə təqdim olunurdu. Bu kontekstdə müəllif məsələnin izahında çoxşaxəli təsvir metodlarından ustalıqla bəhrələnmişdi.

Son olaraq səhnədə Ümummilli Liderin gələcək nəsillərə miras deyimlərindən birini İftixar Piriyev ustalığında səsləndirildi: “Azərbaycan xalqı heç vaxt yad torpaqlara göz dikməmişdir. Fəqət tarix boyu torpaqlarımızın böyük bir hissəsi təcavüzkarlar tərəfindən işğal olunmuşdur. Xalqımız itirilmiş torpaqlarımızı özünə qaytaracaq və ərazi bütövlüyünü mütləq bərpa edəcəkdir” (Həmidə Nizamiqızı. Həsrətin nəğməsi şirin olurmuş. “Mədəniyyət” qəzeti, 05.12.2014.)

Yaradıcılığının leytmotivini təşkil edən belə mühüm bir mövzunun milli təfəkkürümüzdə yer tutmasına və unudulmamasına çalışan dramaturqun mövqeyi, digər səhnə əsərində də həmin ideyanın yaşaması və təlqin olunması üçün özünü daha cilalı şəkildə göstərir. Lakin deməliyik ki, bu mənada İrəvan Dövlət Azərbaycan Dram Teatrının truppasının ifasında canlandırılan Hidayətin “İrəvanda xal qalmadı” əsəri məhz irəvançılıq ideyalarına xidmət edən və Qərbi Azərbaycan həqiqətlərini yaşadan çox sanballı bir səhnə əsəridir. Müəllifin bütün həyatı boyu apardığı sarsılmaz mübarizələr onun yaradıcılığında, xüsusən də “İrəvanda xal qalmadı” əsərində geniş əhatədə özünü göstərir.

Kollektivimiz bu əsər əsasında hazırlanmış eyniadlı lirik- psixoloji pyesin ilk tamaşasını 22 dekabr 2015-ci ildə Akademik Milli Dram Teatrının səhnəsində paytaxt tamaşaçılarına təqdim etdi.

Mövzu aktuallığına və bədii keyfiyyətinə görə daima yüksək tutulan, mütəmadi olaraq ədəbi tənqidin diqqətini özünə cəlb edən  Hidayət yaradıcılığına, o cümlədən də dramaturgiyasına olan maraq heç vaxt sönmür. Onun əsərləri Azərbaycanın demək olar ki, əksər teatrlarının səhnələrində, o cümlədən İrəvan Tetarında sevilərək tamaşaya hazırlanır və ən uzunömürlü səhnə əsərləri kimi bu gün də repertuarlarda yaşayır.

Görkəmli sənətkarın əsərlərinə olan maraq hazırda bir çox xarici teatrların səhnələrində də öz səhnə təcəsümü tapmasına səbəb olmuşdur. Xarici teatrların səhnələri Hidayətin əsərlərini böyük həvəslə tamaşaya hazırlayırlar.

Uğurlu ədəbi yaradıcılıq ömrünün bütün dövrünü vətənpərvər ruhlu əsərlərin ərsəyə gəlməsinə sərf edən, həmin əsərlərlə xalqımızda vətən, millət və dövlət sevgisinin yüksəlməsinə  çalışan, bir sözlə, Azərbaycan ədəbiyyatının inkşafına özünəməxsus yaradıcılıq imkanları ilə layiqli xidmət göstərən görkəmli sənətkar bu gün də yorulmadan yazır, yaradır, daima öz yaradıcılıq potensialını genişləndirir, öz sənətkarlıq mövqeyini əzmlə davam etdirir.

Ömrün müdriklik dövründə görkəmli sənətkara, hörmətli Hidayət müəllimə yeni yaradıcılıq üfüqləri və uzun ömür, can sağlığı arzulayıram!

İFTİXAR,

sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi