05 avqust 2020 19:03
1334

Möhkəm iqtisadi baza Azərbaycanın hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirir

Dövlətimizin  başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində  insan amili,  vətəndaşların sosial rifahı dayanır

Ümumdünya Səhiyyə Təşkilatının mütəmadi olaraq açıqlamalarında Azərbaycanın dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədən az itki ilə çıxacağı barədə söylənilən  fikirlər, eyni zamanda, digər ölkələrdə virusa  yoluxma və ölüm hallarının günbəgün artdığı, pik həddə çatdığı halda ölkəmizdə dövlətimizin başçısı İlham Əliyevin ilk gündən insanların sağlamlığının təminatı ilə yanaşı, iqtisadi dinamikanın qorunmasına xidmət edən Sərəncamı, bu sənədə uyğun olaraq  Tədbirlər Planının təsdiqlənməsi və uğurlu icrası,  hətta ölkəmizdə  tibbi  maska çatışmazlığını həll etmək üçün iki müəssisənin açılması və sair kimi addımlar  müsbət nəticələrdən xəbər verirdi.  Bu baxımdan ki,  yaşanan hər bir çətinlik,  baş verən hadisə bir sinaq kimi dəyərləndirilməlidir. Bu sınaqdan hər bir ölkə öz imkanlarına uyğun çıxır. Necə ki, 2008-2009-cu illərin iqtisadi və maliyyə böhranı hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan həmin böhrandan  az itki ilə çıxmaqla bir daha dünyaya özünün inkişaf modelinin nə qədər  mükəmməl, uğurlara yol açan, dayanıqlı inkişafı təmin edən, bir sözlə, çətinliklərdən uğurla çıxmağa əsas yaradan strategiya olduğunu nümayiş etdirdi.

Dövrün, zamanın tələblərinə uyğun çağırışları həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycan ev sahibliyi etdiyi, həmçinin bu və ya digər ölkələrdə keçirilən tədbirlərdə ünvanına deyilən xoş, reallığı özündə əks etdirən fikirlərdən arxayınlıq  yaratmamaqla daim irəliyə baxmağı özünün prioritet istiqaməti kimi qəbul edib. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, biz daim irəliyə baxmalıyıq. Ölkə Prezidentinin “İyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz» kimi fikirləri də deyilənlərin təsdiqidir. Ölkə Prezidenti  daim çıxışlarında bildirir ki, əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr dayanır və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.

Koronavirus infeksiyasının geniş yayıldığı ilk gündən  Azərbaycanın yaranmış sosial və iqtisadi fəsadları ardan qaldırmaq üçün davamlı Tədbirlər planını təsdiqləməsi, 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının icrasına başlanılması və sair kimi əhəmiyyətli addımlar ölkəmizin iqtisadi və sosial gücünün, bu günə qədər həyata keçirilən təkmil islahatların nəticəsidir. 

Qeyd etdiyimiz kimi, dünya ölkələrinin iqtisadiyyatında durğunluğun geniş vüsət aldığı bir dövrdə  Azərbaycan ən böyük iqtisadi dəstək proqramını- pandemiyanın iqtisadiyyata  mənfi təsirini minimuma endirəcək,  makroiqtisadi sabitliyi qoruyacaq, vətəndaşların sosial müdafiəsini təmin edəcək paket hazırladı. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan  neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına xüsusi diqqət göstərməklə  həm iqtisadi, həm də maliyyə imkanlarının genişləndirilməsini stimullaşdırdı. Eyni zamanda, neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar yaradan sosial-iqtisadi layihələrin  icrasını sürətləndirdi.  Qeyd edək ki, son 16 ildən artıq dövrdə  ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız 52 milyard dollar təşkil edir.  Yoxsulluq həddi 49 faizdən 4,8 faizə enib.  Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2019-cu il   Azərbaycanı bütün istiqamətlərdə  təkmil islahatlara imza atan ölkə kimi tanıdıb.

Həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın beynəlxalq aləmdə  sosial dövlət kimi yeri və rolunu möhkəmləndirir. Sosial dövlətdə  islahatların  mərkəzində məhz vətəndaş və onun məmnunluq faktoru durur. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. «İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir» söyləyən cənab İlham Əliyev bildirir ki,  söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir.  Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir: «Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!»

Təbii ki, söhbət insanlara diqqət və qayğıdan, sosial dövlət anlayışından gedirsə, cəmiyyətdə sosial ədalətə, sülhə və əməkdaşlığa söykənən münasibətlər formalaşmalı,  hər bir vətəndaşa bərabər imkanlar yaradılmalı,  göstərilən  xidmətlər hər kəsə əlçatan və rahat olmalıdır. Dövlətimizin başçısı İlham Əliyev məhz bu kimi amilləri önə çəkərək hər bir çıxışında bildirir ki, əgər  insanlar görülən işlərdən razı qalarsa, onda mən də razı olaram. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi böyük ruh yüksəkliyi yaradır. Cənab İlham Əliyev bu məqamı da xüsusi vurğulayır ki, xalqa güvənir, xalqdan güc alır.

Dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirləri ölkəmizdə dövlət-vətəndaş birliyini bir daha ortaya qoydu. Cənab İlham Əliyev atdığı hər bir addımı ilə vətəndaşların yanında olduğunu, onların qayğıları ilə maraqlandığını, aidiyyəti qurumlara tapşırıqlar verdiyini, ən əsası şəffaflığın təminatı, vətəndaş məmnunluğunun artırılmasında əsas faktor olan korrupsiyaya qarşı mübarizəni daha da aktuallaşdırdı.

Hər bir  ölkənin bütün sahələr  üzrə davamlı və dayanıqlı  inkişafında məmur-vətəndaş münasibətləri əhəmiyyətli rol oynayır.  Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm ölkəmizdə  ümumi  uğurun təminatıdır, həm də sabitliyin, qanunun aliliyinin  güclənməsinə xidmət edən vacib amillərdəndir. Dövlətimizin başçısı İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə  hər görüşünə diqqət yetirdikcə onun səmimiyyətinin, insanların qayğıları ilə yaxından tanış olmasının və həlli istiqamətində atdığı addımların əhalidə nə qədər xoş ovqat, yüksək əhval -ruhiyyə yaratıdığını görürük. Bu gün paytaxt və bölgələrə, kənd və qəsəbələrə diqqət yetirdikcə böyük inkişafın, tərəqqinin, sağlam rəqabətin şahidi oluruq. Təbii ki, atılan bu addımlar  insan amilinə xidmətdən irəli gəlir.

Koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin ilk günündən iş yerlərinin azaldılmayacağını, sosial layihələrin təxirə salınmayacağını bildirən dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Palanı 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə etməklə 10 yardım proqramını özündə ehtiva edir. Dövlətimizin həyata keçirdiyi məşğulluq və sosial dəstək tədbirləri  Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri tərəfindən də yüksək dəyərləndirilərək, Azərbaycanın bu qlobal bəladan az itki ilə çıxacağı böyük əminliklə ifadə olundu. Ölkəmizin  koronavirusla mübarizənin birinci mərhələsindən  az itki ilə çıxması da düzgün  seçilən yolun göstəricisidir. Cənab İlham Əliyev insanların sağlamlığının təminatını öndə saxlamaqla yanaşı, sosial müdafiələrinin gücləndirilməsinə də xüsusi diqqət yönəltdi. Əsas olan vətəndaş məmnunluğunun artırılmasıdır.      

Atdığı hər addımı ilə vətəndaşının yanında olduğunu təsdiqləyən cənab İlham Əliyevin dövlət məmurlarından tələbi hər zaman bu olub ki, xalqın yanında olun, onların qayğıları ilə yaşayın, həlli istiqamətində ciddi səylər göstərin. Bu fikirlər ölkə vətəndaşlarının pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı dövlətimizin başçısına  ünvanladıqları təbrik məktubunda da öz əksini tapır ki,  cənab İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə  öz şəxsi keyfiyyətləri  və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən   tələb edir: Vətəndaşlarla münasibətdə şəffaflığın artırılması, etik qaydalara əməl edilməsi, onlara  daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət  göstərilməsi və vətəndaş məmnunluğunun təminatı əsasdır.

Təbii ki, məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsas tədbirlər görmək Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətidir. Dövlətimizin başçısı  daim qeyd edir ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar:  “Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir.»

“Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ölkə Prezidenti İlham Əliyevin, Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təkmil islahatlar öz müsbət nəticəsini verir. Bu islahatlar dövlətimizin daha da gücləndirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına hesablanıb.

Dünyaya səs salan «ASAN xidmət», DOST, ABAD layihələri də vətəndaş amilinə diqqətdən irəli gəlir. Bu günlərdə Balakən  rayonuna səfəri çərçivəsində Balakən regional «ASAN xidmət» kompleksinin açılışında da dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  «ASAN xidmət»in  fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların bəyənmə dərəcəsi 99,4 faizdir. «ASAN xidmət» fəaliyyətə başlayanda xidmətlərin sayı 100-ə qədər idi, indi isə 320-dir.  Hazırda  «ASAN xidmət» mərkəzlərinin sayı 19-dur. Onlardan 5-i Bakı şəhərində, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz və Ağcabədidədir. Balakəndə açılışı olan “ASAN xidmət” mərkəzi sayca 20-cidir.  «Hər bir rayonun öz ixtisaslaşması olmalıdır» söyləyən cənab İlham Əliyev bildirmişdir ki,  əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar, öz maddi vəziyyətlərini yaxşılaşdırsınlar: «O insanlar ki, hələ öz maddi vəziyyətlərini tam təmin edə bilmirlər, onların köməyinə dövlət gəlir. Bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir. İlk ABAD-çılar məhz Balakən rayonunun sakinləridir. Onların istehsal etdikləri məhsullar indi ölkəmizin müxtəlif yerlərində satılır, ixrac edilir.»  Ölkə Prezidentinin vurğuladığı kimi,  kompleks yanaşma imkan verir ki, ölkəmiz  sürətlə inkişaf etsin: «İnkişafımız dayanıqlıdır və perspektivlərimiz də çox gözəldir. Çünki biz öz addımlarımızı plan üzrə və yerlərdən gələn təkliflər əsasında atırıq.»

Göründüyü kimi, həyata keçirilən  sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.  Pandemiya dövründə  sayca üçüncü DOST mərkəzinin istifadəyə verilməsi bir daha vətəndaş məmnunluğunun artırılmasının prioritetliyini açıqlayır.  2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Ötən il istifadəyə verilən 1 və 2 saylı Bakı DOST mərkəzlərində indiyədək 100 mindən çox şəxsə xidmət göstərilib. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıb.

Təsadüfi deyil ki, mükəmməl sosial qanunvericilik bazası olan, sosial proqramlar həyata keçirən, vətəndaşların sosial müdafiəsini təmin edən və layiqli həyat səviyyəsi üçün hər kəsə bərabər şərait yaradan dövlətdə dövlət qulluğu mühüm sosial institut kimi qəbul olunur. Sosial institut kimi müasir dövlət qulluğu mexanizminin əsas təyinatı cəmiyyətin artan sosial tələbatının, vətəndaşların dövlət orqanlarının göstərdikləri xidmətdən və dövlət qulluqçularının şəxsi keyfiyyətlərindən, peşəkarlıqlarından və fəaliyyət üslublarından məmnunluğunu, hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Bu isə müvafiq idarəetmə modelinin qurulmasını tələb edir. Azərbaycanın idarəçilik sistemində həyata keçirdiyi təkmilləşmə qarşıya qoyulan bu kimi hədəflərin gerçəkləşməsində stimulverici amil rolunu oynayır. 

Azərbaycanın pandemiyaya qarşı mübarizənin birinci  mərəhələsindən uğurla çıxmasında da  təkmil sosial-iqtisadi islahatları əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən   bildirmişdir: «Təbii ki, bu pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır. Eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi, demək olar ki, 2 dəfədən çox aşağı düşməsi, bizim iqtisadiyyatımıza da böyük problemlər yarada bilər və təbii ki, bizim gəlirlərimiz azalır. Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı bir daha demək istəyirəm ki, heç bir problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər. Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi, yaxud da ki, əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır.» Sonrakı mərhələdə atılan sistemli addımlar ilk gündən qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa əsas yaratdı. Dünya ölkələrinin iqtisadiyyatında durğunluğun geniş vüsət aldığı bir dövrdə  Azərbaycan ən böyük iqtisadi dəstək proqramının uğurlu icrasına nail oldu.  Pandemiya dövründə dövlət məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min şəxsə yaşayış minimumu həcmində, yəni, 190 manat birdəfəlik ödəniş verildi. Sosial baxımdan həssas qrupa aid ailələrin üzvü olan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilməsi və sair kimi məsələlər bir daha bu reallığı ortaya qoyur ki, vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Ən əsası «güclü dövlət, yüksək rifah» prinsipi hansı vəziyyətdən asılı olmayaraq öz aktuallığını qoruyur.  Ümumi nəticə bundan ibarətdir ki,  dövlət hər zaman vətəndaşının yanındadır. Cənab İlham Əliyev bildirir ki,  Azərbaycan vətəndaşlarından  hər gün daxil olan yüzlərlə məktubda ölkəmizdə pandemiya dövründə görülmüş işlərə yüksək qiymət verilir. Məhdudlaşdırıcı dövr ərzində çətin vəziyyətə düşmüş vətəndaşların maddi məsələləri həll olunub, Azərbaycan burada da liderlik göstərib. Pandemiya ilə mübarizə sahəsində təşkilati işlərin həyata keçirilməsinə, əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqəyə aid olan insanlara, sahibkarlara və sair 3,5 milyard manat vəsait nəzərdə tutulub. Azərbaycan vətəndaşları atılan bütün addımları dəstəkləyirlər. Vətəndaşlar bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. Görülmüş tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı, sosial rifahı  dayanır.

Yeganə Əliyeva, “İki sahil”