09 aprel 2020 17:39
1519

Möhkəm iqtisadi baza Azərbaycanın hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirir

Dövlətimizin başçısı İlham Əliyevin gələcəyə baxış konsepsiyası  çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür

Ümumdünya Səhiyyə Təşkilatının mütəmadi olaraq açıqlamalarında Azərbaycanın dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədən az itki ilə çıxacağı barədə söylədiyi fikirlər, eyni zamanda, digər ölkələrdə virusa  yoluxma və ölüm hallarının günbəgün artdığı, pik həddə çatdığı halda ölkəmizdə  dövlətimizin başçısı İlham Əliyevin ilk gündən təsdiq  etdiyi Tədbirlər Planına uyğun olaraq əhəmiyyətli addımların atılması, hətta  maska istehsal edən müəssisənin açılışı kimi mühüm tədbirlərin fonunda koronavirusla mübarizənin öz müsbət nəticəsini verməsi istər cari ilin arxada qalan, istərsə də ötən ilin uğurlarına,  həyata keçirilən islahatlara bir daha diqqət yetirməyi  zərurətə çevirir. Bu baxımdan ki,  yaşanan hər bir çətinlik,  baş verən hər bir hadisə bir sinaq kimi dəyərləndirilməlidir. Bu sınaqdan hər bir ölkə öz imkanlarına uyğun çıxır. Necə ki, 2008-2009-cu illərin iqtisadi və maliyyə böhranı hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan həmin böhrandan az itki ilə çıxmaqla bir daha dünyaya özünün inkişaf modelinin nə qədər  mükəmməl, uğurlara yol açan, dayanıqlı inkişafı təmin edən, bir sözlə, çətinliklərdən uğurla çıxmağa əsas yaradan strategiya olduğunu nümayiş etdirdi.

Dövrün, zamanın tələblərinə uyğun çağırışları həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycan ev sahibliyi etdiyi, həmçinin bu və ya digər ölkələrdə keçirilən tədbirlərdə ünvanına deyilən xoş, reallığı özündə əks etdirən fikirlərdən arxayınlıq  yaratmamaqla daim irəliyə baxmağı özünün prioritet istiqaməti kimi qəbul edib. Cənab İlham Əliyev həmişə  bu çağırışı edir ki, biz daim irəliyə baxmalıyıq. Ölkə Prezidentinin “İyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz» kimi fikirləri də deyilənlərin təsdiqidir. Ölkə Prezidenti  daim çıxışlarında bildirir ki, əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr dayanır və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.

Koronavirus infeksiyasının geniş yayıldığı indiki vaxtda Azərbaycanın yaranmış sosial və iqtisadi fəsadaları aradan qaldırmaq üçün davamlı Tədbirlər Planını təsdiqləməsi, 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının icrasına başlanılması və sair kimi əhəmiyyətli addımlar ölkəmizin iqtisadi və sosial gücünün, bu günə qədər həyata keçirilən təkmil islahatların nəticəsidir.  Ölkənin idarə olunmasında  əhəmiyyətli rol oynayan qanunların qəbulu və zamanın tələbinə uyğun təkmilləşdirilməsi də bu qəbildəndir.   Ulu öndər Heydər Əliyev bildirirdi  ki, hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi, siyasi, sosial islahatları həyata keçirmək məsələləri durur. Azərbaycanı keçmiş sosialist ictimai-siyasi, iqtisadi sistemindən yeni sistemə keçirmək prosesi uğurla həyata keçirildi və  buna  nail olduq.  Azərbaycan xalqı bunların nəticəsində öz müstəqil ölkəsində tam azadlığa çıxıb.

İqtisadi inkişafa yol açan  sabitliyin və qanunun aliliyinin ölkəmizdə yüksək səviyyədə təmin olunması Azərbaycanın inkişaf strategiyasını uğurla icra etməsinə  geniş yol açır. Belə ki, sabitliyin, təhlükəsizliyin təminatı fonunda  ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı daha da artdı. Neft  gəlirlərinin idarə olunmasında şəffaflığın təmin edilməsi, ədalət prinsipinin qorunması ölkəmizin hərtərəfli inkişafına xidmət edən  sosial-iqtisadi layihələrin uğurlu icrasını təmin etdi.  Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən cənab  İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini önə çəkərək, bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarını təsdiqlədi və uğurlu icrası həyata keçirildi.  Dövlət proqramlarında,  regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafını, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, investisiya qoyuluşunun artmasını, yeni müəssisələrin, iş yerlərinin açılmasını və  əhalinin məşğulluğunun artırılmasını, yoxsulluq səviyyəsinin azaldılmasını təmin etdi. İqtisadi islahatların əsas istiqamətlərindən  birinin qeyri-neft sektorunun inkişafının, enerji sektorundan asılılığın minimuma endirilməsinin olduğunu nəzərə alsaq, bu sənədlərin icrası nəticəsində 2 milyon 300 mindən artıq yeni iş yaradıldı. Təkcə ötən il 98 min yeni iş yeri yaradılıb.  Sahibkarlığın inkişafı istehsalın artımı ilə bərabər, həm də yeni iş yerləri deməkdir. Buna görə də dövlət regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlarda bölgələrdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Belə hal həm iqtisadi inkişafı, həm də əhalinin sosial müdafiəsini stimullaşdırır.

Uğurlara yol açan düşünülmüş və məqsədyönlü  siyasət,  ayrı-ayrı sahələri əhatə edən  Dövlət proqramları, ənənəyə uyğun olaraq   hər ilin bir sahənin adı ilə bağlanması və bu istiqamətdə təkmil islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, reytinq agentliklərinin hesabatlarında da liderliyini  təmin edir.  İnkişaf modeli dünyaya nümunə göstərilən Azərbaycanda koronavirusun yaratdığı sosial və iqtisadi  fəsadların aradan qaldırılması bu baxımdan  beynəlxalq qurumların, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının diqqətindədir ki, ölkəmizdə sistemli xarakter alan qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının təminatı ilə yanaşı, sosial və iqtisadi durumun yaxşılaşdırılmasının prioritetliyi  respublikamızın hər bir çətinliyi uğurlu  siyasəti ilə dəf etmək qüdrətində olduğunu göstərir.

Bu günə qədər idarəetmə sistemində aparılan  təkmilləşmələr, kadr hazırlığı, dövlətimizin gəncləşmə siyasəti Tədbirlər planlarının uğurlu icrasında əhəmiyyətli rol oynayır. Cəmiyyətin bütün təbəqələri  ilə Prezident arasında  səmimi ünsiyyətin  mövcudluğu dövlət-vətəndaş birliyinin daha çox aktual olduğu indiki məqamda davamlı addımların atılmasında stimulverici amilə çevrilib. Cənab İlham Əliyev hər bir vətəndaşına sahib olduğunu, onların qayğıları ilə yaşadığını əməli işi ilə təsdiqləyir.  Karantin rejiminin mühüm qadağaları arasında müəyyən yaş qrupuna daxil olan vətəndaşların evdə qalması üçün daha çox səylərin göstərilməsi, həmçinin cənab İlham Əliyevin Sərəncamı əsasında yaşı  65-dən yuxarı olan 176 məhkumun azadlığa qovuşması və sair kimi ictimaiyyətdə xoş ovqat yaradan addımlar da deyilənlərin bariz nümunəsidir. Bu mühüm məqam da xüsusi qeyd edilməlidir ki, koronavirusun dünya iqtisadiyyatına böyük zərbələr vurduğu, xəstəliyin coğrafiyasının genişləndiyi  hazırkı dövrdə ölkəmizdə sosial obyektlərin açılışı, bu mərasimlərdə dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı, onların xalqa müraciətlərində əksini tapan fikirlər dövlət siyasətinin əsasında  vətəndaş amilinin, insanların sosial müdafiəsinin gücləndirilməsinin dayandığını bir daha ortaya qoyur.   

Zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Azərbaycanın bugünkü uğurlarına baxış fonunda bu reallığı böyük inam və fəxrlə qeyd edə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdyi uğurlu siyasət, imzaladığı biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar  10-20 il sonrakı Azərbaycanının soisal-iqtisadi, ictimai-siyasi mənzərəsini formalaşdırır.

Göründüyü kimi, dövlətimizin başçısının  gələcəyə baxış konsepsiyası  çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür. Malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması istiqamətində ciddi səylər göstərən Azərbaycan  «Yeni əsrin  müqaviləsi»ni 2050-ci ilədək uzatmaqla,  qlobal tranzit marşrutlarını bir neçə onillik sonrakı geoiqtisadi və geosiyasi reallıqlara  uyğunlaşdırdı. Bir sözlə, dövlətimizin başçısı İlham Əliyevin   bu gün qəbul etdiyi qərarlar daha çox sabahımız, gələcəyimiz  üçündür. Alternativi olmayan islahatlar prosesinin dərinləşməsi fonunda  müstəqil Azərbaycanımızın gələcəyini daha aydın görür, ən əsası  beynəlxalq maliyyə qurumlarının hesabatlarında  ən islahatçı ölkə kimi  möhkəmlənən mövqeyinə hər an yeni əlavələr edəcəyini böyük inam hissi ilə qeyd edirik. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, mövcud imkanların vəhdəti  Azərbaycanın yaranmış  vəziyyətdən  az itki ilə çıxacağına böyük ümidlər yaradır.

Yeganə Əliyeva, «İki sahil»