07 noyabr 2019 09:47
366

 “Möcüzələr adası”na media-tur - FOTO

“Neft Daşları”nın 70 illiyi ilə bağlı SOCAR tərəfindən kütləvi informasiya vasitələrinin bir qrup əməkdaşının “Möcüzələr adası”na səfəri təşkil olunub. Vertolyot meydançasından “Neft Daşları”ndakı Mərkəzi meydana gələn KİV nümayəndələri burada ulu öndər Heydər Əliyevin büstünü, 1957-ci ildə baş vermiş fırtına zamanı həlak olmuş qəhrəman neftçilərin və “Neft Daşları”nın Qarabağ şəhidlərinin şərəfinə ucaldılmış abidələri ziyarət edib, “Neft Daşları”nda ilk quyunun qazıldığı əraziyə baxıblar, parkla tanış olublar. Media-tur iştirakçıları daha sonra “Neft Daşları”nın təməli qoyulmuş “7 gəmi adası”nı ziyarət edib, 331-ci meydançadakı qazma qurğusuna, “28 May” NQÇİ-nin kompressor stansiyasına və lay sularının təmizlənməsi qurğusuna baş çəkiblər.

SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili Idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib ki, “Neft Daşları” Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. Burada təbii qrifonlar olduğuna görə dənizin səthinə çıxmış daşlar qara rəngə boyanıb, buna görə də əvvəllər bura “Qara Daşlar” adlanıb. Ağaqurban Əliyev, Sabit Orucov və Yusif Səfərov kimi tarixi şəxsiyyətlərin təşəbbüsü ilə burada ilkin kəşfiyyat və qazma işləri aparılıb, 1949-cu ilin yayında birinci kəşfiyyat quyusunun qazılmasına başlanıb.

Sonra İ.Əhmədov “Neft Daşları”nda neft və qaz hasilatı, görülən işlər, tikilən estakadalar barədə məlumatı diqqətə çatdırıb: “70 il ərzində əsrlərə bərabər yol keçərək bu gün nəhəng istehsal-yaşayış kompleksinə çevrilmiş “Neft Daşları”nda indiyədək 2 min civarında quyu qazılıb, 200 kilometrə yaxın estakada, 333 istehsalat meydançası tikilib, 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib. Ötən müddətdə “Neft Daşları” yatağından 176 milyon ton neft və 13,6 milyard kubmetrə yaxın həcmdə təbii qaz hasil olunub. 1967-ci ildə burada 7,6 milyon ton neft hasil edilib ki, bu da həmin ildə Azərbaycanın ümumi neft hasilatının 1/3 hissəsinə bərabər idi. Ümumilikdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi “Neft Daşları” və “Palçıq pilpiləsi” yataqlarından indiyədək 186 milyon ton neft və 14,3 milyard kubmetr qaz hasil olunmuşdur. Beləliklə, “Neft Daşları” NQÇİ istismarı dövründə ölkənin neft hasilatının 13 faizini birbaşa təmin edib.”

“Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev isə jurnalistlərə bildirib ki, istismar müddəti keçmiş “Çvanov” gəmisinin qrunta batırılması yolu ilə yaradılmış süni buxtadan 1000 metrə yaxın dərinliyə qazılmış birinci quyu həmin il noyabrın 7-də gündəlik 100 ton debitlə neft fontanı vurmuş, bununla da dünya nefti tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulmuşdur. 20-ci əsrin əvvəlində dəniz sahillərində müxtəlif üsullarla neft çıxarılması layihəsinə başlanıb. Açıq dənizdə quraşdırılan ilk dəniz platforması kimi isə “Ginnesin Rekordlar Kitabı”na məhz “Neft Daşları” daxil olub. İlk dəfə məhz burada istismardan çıxarılmış yeddi gəmi batırılaraq, neftçilərin yaşayışı və qazma işlərinin aparılması üçün şərait yaradılıb. Həmin dövrdə “Neft Daşları”nın xalq arasında “7 gəmi adası” kimi məşhurlaşmasının səbəbi bu idi. “Neft Daşları”nın kəşf edilməsi və istismarı dünya və Azərbaycan neftçıxarma tarixində dönüş nöqtəsi olmuş, açıq dənizdə neft hasilatına yol açmışdır. Bu, Azərbaycanda ikinci neft bumu ilə nəticələnmişdir və hazırda ölkəmizin neft və qaz hasilatının böyük hissəsi məhz dəniz yataqlarının payına düşür.

Daha sonra jurnalistlər hazırda qazma işləri aparılan 331 saylı meydançada olublar. Burada məlumat verilib ki, hazırda qazma işi aparılan 331 saylı meydançadan hər birinin gözlənilən gündəlik hasilatı 10 ton neft olmaqla 10 ədəd quyunun qazılması layihələndirilib. Burada ilk quyunun qazılmasına bu ilin may ayında başlanıb və artıq 4 quyu qazılıb. Bu quyulardan gündəlik neft hasilatı 48 ton təşkil edir. Hazırda 5-ci quyuda quyudibi 830 metr olmaqla qazma işi davam etdirilir. “Neft Daşları” uzun müddət istismar olunmasına baxmayaraq, yataqdan çıxarılan məhsulda suyun nisbəti cəmi 35 faizdir ki, bu da belə yaşlı yataq üçün yaxşı nəticə hesab olunur.

Bu gün “Neft Daşları” “ikinci bahar”ını yaşayır. Aparılmış səmərələşdirici tədbirlər nəticəsində son 25 ildə “Neft Daşları” NQÇİ üzrə neft hasilatı 20 faiz artaraq, 2018-cü ildə 1 milyon tondan artıq olub. NQÇİ tərəfindən 2019-cu ilin 9 ayı ərzində 790 min ton neft, 72 milyon kubmetr qaz hasil edilib. Hazırda yataq üzrə qalıq ehtiyatlar 210 milyon ton, çıxarıla bilən ehtiyatlar isə 18-20 milyon ton civarındadır. İstisna deyil ki, gələcəkdə yeni texnologiyalar vasitəsi ilə qalıq ehtiyatların çıxarılma nisbəti yüksələ bilər.

“Neft Daşları” Azərbaycanın digər neft yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur düyünüdür. SOCAR-ın illik neft-qaz hasilatının 70 %-ə qədər olan hissəsi sahilə məhz “Neft Daşları”ndan ötürülür. Burada hasil olunan neft xüsusi sobalarda 35-40 dərəcəyə qədər qızdırıldıqdan sonra 70 kilometrdən artıq borular vasitəsi ilə birbaşa sahilə- Dübəndi terminalına nəql edilir və oradan təyinatı üzrə ixraca və ya emala yönəldilir. “Günəşli” yatağı və “Çiraq-1” platformasında hasil olunan səmt qazının qəbulu, ilkin emalı və sahilə ötürülməsi SKS kompressor stansiyası vasitəsi ilə gerçəkləşdirilir. Stansiya 1994-cü ildə gündəliik 4.2 milyon kubmetrlik layihə gücü ilə istismara verilib. Sonradan aparılmış modernizasiya nəticəsində onun ötürücü gücü 11 milyon m3/gün-ə çatdırılıb. SKS-də alçaq təzyiqli qaz ilkin olaraq girişdə separasiya olunaraq, kompressorlarda 5 atmosverdən 19 atmosverə qədər sıxılır.

Həmçinin KİV nümayəndələrinə bildirilib ki, neft-qaz çıxarma prosesində yaranan risklərin bir hissəsi əməyin mühafizəsi ilə bağlıdır, digər hissəsi isə ətraf mühitə olan təsirləri əhatə edir. Son illərdə əməyin mühafizəsinin gücləndirilməsi məqsədi ilə “Neft Daşları”nda və digər dəniz obyektlərində kompleks tədbirlər aparılmış, dəniz suyunun təsirindən qəzalı vəziyyətə düşən estakadalar neft-yığım meydançalarından ayrılmış və ya əsaslı təmir olunmuşdur. İstehsalat sahələrində SƏTƏM üzrə məsul əməkdaşların təyin olunması ilə fərdi təhlükəsizlik standartlarına nəzarət gücləndirilmişdir.

İbrahim Əhmədov diqqətə çatdırıb ki, “Neft Daşları”nda neft ilə çıxan lay sularının tam qapalı sistemdə təmizlənməsi təmin olunub ki, bu da Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Böyük Britaniyanın FLS şirkətinin istehsalı olan qurğu lay sularını müxtəlif mərhələlər üzrə neft və mexaniki qarışıqlardan təmizləyir və gündəlik 2500 kubmetr həcmində su emal etmək gücünə malikdir. Gündəlik tələbata görə burada orta hesabla 1600-1800 kubmetr həcmində lay suları təmizlənir və daha sonra təkrar laylara vurulur.

Nəticədə ətraf mühitin qorunması ilə yanaşı, laylarda təzyiq sabit saxlanılır və neftçıxarma prosesinin effektivliyi təmin olunur. Son illərdə əlavə quraşdırılan avadanlıqlar vasitəsi ilə 1 milyon kubmetrə yaxın səmt qazı yığılaraq istifadəyə verilib. “Neft Daşları”nı digər dəniz platformalarından fərqləndirən daha bir xüsusiyyəti burada müxtəlif bitkilərin, o cümlədən meyvə ağaclarının yetişdirilməsidir. Ümumilikdə “Neft Daşları”nda 1000 ağac, 8000 kol əkilib, 5000 m2 sahədə qazon salınıb.

Orxan Vahidoğlu, “İki sahil”