Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
22 oktyabr 2020 17:11
521

Mistik rəqəmlərin sirli dünyası

666 rəqəmi

Bu gün insanların qorxduğu, çəkindiyi, bəzilərinin isə sevdiyi rəqəmlərdən biri də 666-dır. 666 şeytan rəqəmi kimi qəbul edilir. Üç 6-nın birləşməsi bəziləri üçün faciə deməkdir.  İnanclara görə, bu gün doğulan uşaq şeytan xislətli, uğursuz ola bilərmiş. Onu da deyək ki, bu inanca dünya şöhrətli siyasətçilər belə inanır. Elm insanları isə bunları böyük bir cəfəngiyat adlandırırlar.  Onların sözlərinə görə, həyatın qaynağı sayılan karbon atomlarının tərkibi  6 proton, 6 neytron, 6 elektrondan ibarətdir, yəni 666 rəqəminin mənfi bir tərəfi ola bilməz. 

Əgər numeralogiya tərəfdən analiz etsək, o zaman 6 rəqəminin ümumiyyətlə, ziyansız olduğu qənaətinə gələrik. Belə ki, numeralogiya elminə görə, 6 Venera planetinin rəqəmidir. Bu isə o deməkdir ki, bu rəqəm özündə sevgi və gözəllik daşıyır. Bu “şeytan” rəqəmi hər kəsə bir cür təsir edir. Kiməsə sevgi və gözəllik verir. Ya da əksinə, kiminsə sevgisini ifrat dərəcəyə çatdıraraq əxlaqsızlıq etməsinə gətirib çıxarır. Bax, 666 rəqəminin qaranlıq tərəfi də budur.

23  rəqəmi

23 rəqəmi Avropa cəmiyyətində sui-qəsdin rəmzi kimi tanınır. Bəs necə oldu ki, bu adi rəqəm insanlar tərəfindən bu qədər sevilmədi? Deyilənlərə görə , 23 rəqəmi qədim zamanlardan bəri fəalliyyət göstərən gizli  "İlluminat" cəmiyyətinin əsas simvoluna çevrilmişdir. 1975-ci ildə bu mistik cəmiyyətin iki üzvü olan Robert Şı və Robert Anton Uilson məşhur "İlluminat" romanında həyatın gizli qalan tərəflərin, toxunaraq 23 rəqəminin inanılmaz bədbəxtliklərlə nə qədər əlaqəli olduğunu dəfələrlə vurğulayıblar. Məhz bu hadisələrdən sonra Avropa ölkələrində yaşayan insanlar bu rəqəmin qaranlıq tərəfinə inandılar.

7 rəqəmi

Yeddi rəqəmi ən  təəccüb  doğuran rəqəmlərdən biridir. 7 rəqəmi sirli  rəqəmdir, müqəddəs, ilahi, xoşbəxtlik rəqəmidir. Dini təsəvvürlərə görə, 7 rəqəmi zaman və məkanı idarə edir. Dünyanın bütün xalqları  7 rəqəminə həmişə xüsusi diqqət yetirmişlər.  Məsələn, Misirdə yeddi rəqəmi əbədi həyat rəmzidir, allah Osirisin rəqəmidir. O, yaradıcılıq rəmzi sayılır. Eramızdan əvvəl 2500-cü ildə hökmdarlıq etmiş Şumer padşahı Luqulannemundu  ölkəsinin Adabe şəhərində ilahə Nintu məbədi tikdirmişdi. Məbədin yeddi darvazası,  yeddi qapısı var idi. Tikinti işi qurtarandan sonra yeddi buğa və yeddi qoyun qurban kəsərək təqdis etmişdilər. Qədim Yunanıstanda  isə 7  rəqəmi Zevsin oğlu, incəsənət hamisi Apollonun rəmzi sayılır. Apollon ayın yeddinci günü doğulmuşdu, lira çalğı alətinin yeddi simi vardı. İslam ənənələrində Cənnətin yeddi qapısı, cəhənnəmin yeddi pilləsi  ifadələri məlumdur.  Məkkəyə Həcc ziyarəti zamanı  zəvvarlar müqəddəs Kəbə daşının ətrafına yeddi dəfə dolanırlar. Mərhumun ruhu yeddi gün   məzarının yanında olur. Təzə dünyaya gəlmiş körpəyə   yeddinci gün ad qoyurlar.

13 rəqəmi

Əksəriyyətimiz  13 rəqəmini nəhs rəqəm kimi qəbul edirik. Bəzi inanclara görə 13 ölüm rəqəmidir. Yer kürəsində yaşayan insanların  böyük hissəsi inanır ki, ayın 13-ü və həftənin cümə günlərinin üst-üstə düşməsi fəlakət və uğursuzluq gətirir. Ayın 13-nün cüməyə təsadüf etməsi ta qədimdən mistik məna daşıyıb. Bu günün mistik cazibəsi insanlara indi də rahatlıq vermir. Alimlər isə bunu zarafat sayırlar. Astroloqun fikrincə, xurafatçı inanclara görə, ayın 13-ü cüməyə düşəndə qaniçənlər, əcinnələr və s. şeytani qüvvələr bir yerə yığışıb demonik toplantı, şabaş keçirirlər. Gecəyarısı olanda isə onlar dəhşətli əməllər törədirlər. Bu xurafata inamın güclü olmasına görə keçmişdə ayın 13-ü cüməyə düşəndə toy etməz, gəmilər limanlardan ayrılmaz, heç bir saziş bağlanmazmış. Hətta insanlar evdən bayıra çıxmamağa çalışarmış. "Bəzi versiyalara görə, ayı 13-ünün cüməyə düşməsinin nəhs sayılması İsa Peyğəmbərlə (ə) bağlıdır. Onu məhz ayın 13-də, cümə günü çarmıxa çəkiblər. Üstəlik, peyğəmbəri satan mürid İuda gizli gecədə keçirilən toplantıda 13-cü iştirakçı olub". Məsələn, bəzi ölkələr 13 rəqəmindən tamamilə istifadə etmirlər. İngiltərədə binalarda 13 saylı mənzil, kinoteatrlarda 13 saylı kreslo olmur. Əgər bir qonaqlığa 13 adam gəlibsə, mütləq 14-cü kürsü də qoyulur, ona maneken otuzdurur, qarşısına hətta yemək-içmək də qoyurlar. Almaniya, Avstriya və Skandinaviya ölkələrinə məxsus hava yolları şirkətlərinin təyyarələrində 13 saylı kreslo olmur. Həmçinin Yaponiyada  liftlərdə 13 rəqəmli düymə olmur.

17 rəqəmi

Mistik rəqəmlərdən biri də 17 rəqəmidir. Avropa ölkələrində yaşayan insanların düşüncələrinə görə, bu rəqəm uğursuzluğun nişanəsidir. Məsələn, italyanların dediklərinə görə qədim Romada qəbirlərin üstündə VIXI rum rəqəmləri yazılırdı (VI + XI = 6 + 11 = 17 alınırdı). Qədim inanclara görə, 17 rəqəmi "mən yaşadım" və ya  "həyatım bitdi" mənasını əks etdirirdi.

9 rəqəmi

9 rəqəmi isə mütləqiyyətin simvolu kimi xarakterizə edilir. Bir çox inanclarda bu rəqəm ölümü və yenidən doğuluşu ifadə edir. Bunun səbəbi kimi də 9-dan sonra gələn 10 rəqəmi 1 və 0-ın təkrarlanması kimi göstərilir. Hesab edilir ki, 10 yeni nəsə demək deyil, artıq hesablanmış iki rəqəmin birləşməsidir.

Samirə Tağıyeva, "İki sahil"