08 fevral 2019 20:17
570

Milli neft sənayemiz dövlət müstəqilliyinin bərpasının ilk illərində

Sovet imperiyasının dağılması və keçmiş müttəfiq respublikaların müstəqillik əldə etməsi prosesi ilk baxışda asan görünsə də, həlli çox ağır olan iqtisadi problemlər yaratdı. Sovet hakimiyyəti illərində yaradılmış ümumittifaq xalq təsərrüfatı kompleksi iflic vəziyyətə düşdü. Siyasi münasibətlərin kəsilməsi iqtisadi əlaqələrin qırılmasına və keçmiş postsovet məkanında ağır iqtisadi böhranın yaranmasına səbəb oldu.

1941-1945-ci illər müharibəsi dövründə alman faşizmi üzərində qələbədə və XX əsrin ikinci yarısında Rusiya Federasiyasında, Ukrayna, Qazaxıstan, Türkmənistan, Özbəkistan respublikalarında, habelə dünyanın bir çox ölkələrində milli neft sənayesinin yaradılmasında müstəsna rol oynamış Azərbaycanın özünün neft sənayesi 1980-ci illərin sonu - 1990-cı illərin əvvəlində respublikaya rəhbərlik edənlərin bu sahəyə diqqətsizliyi ucbatından ağır vəziyyətə düşmüşdü. Bu da bir tarixi həqiqətdir ki, XX əsrin 40-cı illərinin  sonu - 50-ci illərinin  əvvəlində və 60-cı illərin sonunda Azərbaycan neft sənayesinin məhv edilməsi üçün mərkəzi hökumətin bəzi yüksək rütbəli məmurları  cəhdlər də göstərmişdilər. Lakin 40-50-ci illərdə Azərbaycan SSR rəhbərlərindən M.C.Bağırovun, İ.D.Mustafayevin, sonrakı illərdə isə ümummilli lider Heydər Əliyevin həyata keçirdikləri məqsədəyönlü tədbirlər nəticəsində xalqımıza qarşı düşünülmüş bu düşmənçilik niyyətləri baş tutmamışdı.

Müstəqilliyin ilk illərində (1992-1993-cü illər)  respublikada neft hasilatı 12,5 mln tondan 9,6 mln tona, qaz hasilatı isə 9,9 mlrd kubmetrdən 6,5 mlrd kubmetrə enmişdi, yəni neft hasilatı 3 mln tonadək, qaz hasilatı isə 3,4 mlrd kubmetr aşağı düşmüşdü [1.229]. Müstəqillik əldə etmiş keçmiş müttəfiq respublikalardan fərqli olaraq, 1991-1993-cü illərdə Azərbaycan iqtisadi böhranla bərabər, siyasi böhranla da üzləşmişdi. Bir tərəfdən, Rusiya Federasiyasının siyasi-hərbi yardımına arxalanan Ermənistanın hərbi təcavüzü, digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda gedən amansız mübarizə Azərbaycanı vətəndaş müharibəsi və parçalanma həddinə gətirib çıxarmışdı [2.350]. Yaranmış ağır siyasi və iqtisadi böhrandan çıxmaq üçün həmin dövrdə respublikada cəmiyyətin bütün sağlam qüvvələrini öz ətrafında birləşdirə bilən, son dərəcə mürəkkəb hərbi-siyasi vəziyyətdən çıxış yolu tapmaq iqtidarında olan və ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesinə sərmayə cəlb edə bilən qüvvə yox idi. Bu daxili amillərlə yanaşı, özünün geosiyasi vəziyyətinə görə Azərbaycan keçmiş SSRİ-nin süqutundan sonra dünya dövlətləri üçün kəskin mübarizə və maraq obyektinə çevrilmişdi. Belə bir vəziyyətin yaranmasının əsas səbəblərindən biri Azərbaycan Respublikasının zəngin neft və qaz ehtiyatlarına malik olması idi. Hələ XIX əsrin ikinci yarısından Azərbaycanın “qara qızılı”nın əsl qiymətini bilən xarici ölkə şirkətləri artıq 1990-cı ildən respublika hökuməti ilə Xəzər dənizindəki zəngin neft yataqlarının birgə işlənilməsi haqqında danışıqlara başlamışdılar. Azərbaycan neftinə olan bu marağın artmasında 1989-cu ildə Şotlandiyanın “Remko” şirkətinin Bakıya səfər edən prezidenti S.Rempin Böyük Britaniyaya qayıtdıqdan sonra BP şirkəti ilə apardığı danışıqların böyük rolu olmuşdu.

Hələ 1991-ci ilin qışında Abşeron yarımadasında neft istehsalında əlverişli şəraitin yaradılması üçün konkret işlər görülmüşdü. Yanvarın 18-də SSRİ hökumətinin və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri” yatağının birgə kəşfiyyatı və işlənilməsinə dair “Xəzərdənizneftqaz” birliyinin və xarici ölkə neft şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması üçün müsabiqə keçirilməsi qərara alınmışdı [1.300]. 1991-ci ilin iyununda keçirilən müsabiqənin qalibi ABŞ-ın məşhur “Amoko” şirkəti elan edildi. Bundan sonra layihəyə “BP/Statoyl” alyansı, “Yunokal”, “MakDermott” və “Remko” şirkətləri də cəlb olundular. Ancaq layihədə 45 faiz iştirak payına malik olan “Amoko” öz liderliyini saxlayırdı. Lakin 1992-ci ilin birinci yarısında hakimiyyət uğrunda başlanan mübarizə və Xalq Cəbhəsi - Müsavat cütlüyünün hakimiyyətə gəlməsi xarici şirkətlərlə nəzərdə tutulan müqavilənin imzalanmasını təxirə saldı. Lakin tezliklə AXC - Müsavat hökuməti də öz iqtisadi planında neft məsələsini ön plana çəkdi [1.300]. 1992-ci ilin sentyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yaradıldı və o, xarici şirkətlərlə danışıqları davam etdirdi. 1992-ci ilin sonuna yaxın Xəzərin Azərbaycan sektorundakı dörd ən böyük neft yatağı - “Azəri”, “Şahdəniz”, “Çıraq” və “Günəşli” yataqlarında kəşfiyyat və başqa  işlərin birgə aparılmasına dair beş niyyət protokolu imzalandı. “Amoko”, “Penzoyl” və BP şirkətləri ilə yanaşı, layihəyə Türkiyənin “TPAO” şirkəti də cəlb  edildi. Rusiyanın “Lukoyl” şirkətinə və İran şirkətlərinə isə layihədə iştirakdan imtina olundu [1.301]. Bu isə o dövrdə onsuz da çox ağır siyasi vəziyyətdə olan Azərbaycan Respublikasına qonşu dövlətlər - Rusiya və İran tərəfindən göstərilən təzyiqlərin artmasına səbəb oldu. Rusiyanın əlində oyuncaq olan Ermənistan “dövləti” 1992-ci ilin mayında öz təcavüzünü genişləndirərək rus ordusunun birbaşa hərbi yardımı ilə Azərbaycanın böyük hərbi-strateji əhəmiyyət kəsb edən Şuşa və Laçın, 1993-cü ilin aprelində isə Kəlbəcər rayonlarını işğal etdi [2.342].

1993-cü ilin iyununda imzalanması nəzərdə tutulan müqavilənin şərtləri Azərbaycan Respublikasının bütün maraqlarına heç də tam şəkildə cavab vermirdi. Müqavilənin şərtlərinə görə, ARDNŞ-in  gəlir payı 70 faiz, xarici şirkətlərin gəlir payı isə 30 faiz təşkil edirdi. 1993-cü ilin mayında ARDNŞ ilə xarici şirkətlər arasında “Azəri”, “Günəşli” və “Çıraq” yataqları üzrə birgə fəaliyyət haqqında 6-cı memorandum imzalandı və həmin il iyunun 4-də ARDNŞ-in Direktorlar Şurası birgə fəaliyyət haqqında bəyannamə qəbul etdi [3.239].

AXC - Müsavat rəhbərliyinin daxili və xarici siyasətdəki kobud  səhvləri, səriştəsizlik və təcrübəsizliyi 1993-cü ilin iyununda ölkədə ağır siyasi-ictimai və hərbi böhranın yaranmasına səbəb oldu. Ölkə daxilində vətəndaş müharibəsinin başlanması təhlükəsinin artmasını görən xalqın görkəmli ziyalıları təcrübəli dövlət xadimi Heydər Əliyevi Bakıya dəvət etdilər. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev elə ilk günlərdən çox ağır və həlli çətin olan məsələləri öz üzərinə götürdü, ölkə tədricən siyasi və hərbi böhrandan çıxmağa başladı [2.27]. O, 1993-cü ilin ikinci yarısında respublikada yaranmış siyasi-iqtisadi və hərbi böhran şəraitində AXC-Müsavat hakimiyyətinin hazırladığı neft müqaviləsinin imzalanmasını təxirə saldı. Bir il müddətində gedən danışıqlarda Prezident Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, Azərbaycan xalqının mənafeyinə xələl gətirə biləcək hər hansı işbirliyinə imza atmadı, yeni müqavilənin hazırlanması ilə bağlı nəzarəti öz əlində saxladı və bu işə  yüksək ixtisaslı mütəxəssisləri cəlb etdi. Bundan əlavə, o, hazırlanmış yeni müqavilənin çox böyük dəqiqliklə yoxlanılması üçün xarici ölkələrdən də ekspertlərin daxil olduğu komissiya yaratdı. Prezidentin göstərişi ilə ARDNŞ-in rəhbərliyinə də təcrübəli mütəxəssislər cəlb olundu. Aparılan danışıqlarda əvvəlkindən fərqli olaraq, üç deyil, iki neft yatağı - “Azəri” və “Çıraq” yataqlarından söhbət gedir, pay bölgüsündə isə Azərbaycanın payı 80 faiz təşkil edirdi. Xarici şirkətlər tərəfindən ödəniləcək bonusun həcmi 500 mln. dollar müəyyən olundu ki, bu məbləğin də yarısı müqaviləni imzalayan  şirkətlərin ölkələrinin parlamentində ratifikasiya edildikdən sonra dərhal ödənilməli idi [4.7].

Azərbaycanın müstəqil xarici və daxili siyasət yeridəcəyini yəqin edən Rusiyanın militarist qüvvələri Ermənistan “dövlətinə” hərbi yardımı gücləndirərək 1993-cü ilin yay-payız aylarında respublikamızın Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğal olunmasına şərait yaratdı. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Rusiyanın  təcavüzkar dairələri müstəqillik əldə etmiş keçmiş sovet respublikalarında siyasi nəzarəti itirsələr də, hərbi və strateji planlarından daşınmaq istəmirdilər. Bu baxımdan həmin dövrdə Rusiya Müdafiə Nazirliyi yanında təşkil edilmiş Müdafiə Tədqiqatları İnstitutunda hazırlanmış “Rusiya Federasiyasının milli təhlükəsizliyi üçün yaranan əsas xarici təhlükələrə qarşı müqavimət strategiyasının konseptual qaydaları” adlı sənəd diqqəti cəlb edir. Bu sənəddə açıq-aydın deyilirdi: “Mühüm vəzifə “Xəzər neft müqaviləsi”nin hazırkı şəkildə  reallaşmasına imkan verməməkdir. Bunun üçün aşağıdakı bir sıra kompleks tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur:

- Xəzərin Azərbaycana məxsus hissəsini rəsmi olaraq hüquqi cəhətdən tanımaqdan imtina etmək;

- Praktik olaraq bir sıra tədbirlər görmək, lazım gələrsə, Xəzərin statusu müəyyən olunanadək onun keçmiş sovet hissəsində xarici neft şirkətlərinin fəaliyyətlərinə imkan verməmək üçün güc tətbiq etmək;

- Azərbaycan Respublikasının əsas ərazi hissəsi ilə Türkiyə Respublikasının ərazisi arasında birbaşa əlaqənin yaradılmasına imkan verməmək;

- Erməni hərbi hücumunu Gəncə və Yevlax istiqamətində gücləndirmək yolu ilə Bakıdakı rejimə təzyiq göstərmək” [5.38].

Göründüyü kimi, Dağlıq Qarabağı əhatə edən rayonların işğalı sənəddə göstərilən tədbirlərin tərkib hissəsi idi. Çünki onların həyata keçirilmədiyi təqdirdə Azərbaycan Respublikasının Cənubi Qafqaz regionunda nüfuzunun artacağı və tezliklə Dağlıq Qarabağ məsələsini öz xeyrinə həll edəcəyi aydın idi. Digər tərəfdən, o vaxt Türkiyə Bosfor və Dardanel boğazlarından keçən neftdaşıyan tankerlərin sayının azaldılması tələbi ilə çıxış edərək tez-tez baş verən qəzalar nəticəsində İstanbul şəhəri və digər yaşayış məntəqələri üçün təhlükə törəndiyini bəyan etmişdi. Türkiyə hökuməti 1994-cü ilin martında boğazlardan gəmilərin keçməsi üçün yeni cədvəl tərtib edərək Beynəlxalq Dəniz Təşkilatına təqdim etdi və onun qəbuluna nail oldu. Bu isə Orta Asiya və Azərbaycan neftinin Novorosiysk vasitəsilə ixrac olunması ehtimalını heçə endirirdi [6.27].

Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü il mayın 12-də Ermənistanla müharibədə atəşkəs əldə edilməsinə nail oldu. Bu, Azərbaycanın ağır sosial-iqtisadi böhrandan çıxmağa başlamasının təsdiqi idi. Qərb ölkələrinin neft şirkətləri ilə 1994-cü ilin mayında Türkiyənin İstanbul şəhərində aparılan danışıqlar çox ağır gedirdi. Prezident Heydər Əliyevin gərgin siyasi və diplomatik səyləri nəticəsində daxili ictimai-siyasi sabitliyin bərpası ölkənin  milli mənafelərini təmin edə biləcək müqavilənin imzalanması üçün danışıqlar prosesini sürətləndirdi. Aparılan danışıqların daha səmərəli olması üçün Prezident Heydər Əliyevin Fərmanı ilə 1994-cü il martın 1-də İlham Əliyev ARDNŞ-in birinci vitse-prezidenti təyin edildi. İlham Əliyev sonralar “Caspian Energy” jurnalına verdiyi müsahibəsində deyirdi: “Bu zaman bizim qarşımızda bir neçə əsas vəzifə dayanmışdı: birincisi, müqavilənin imzalanmasına nail olmaq. İkincisi, müqavilədə Azərbaycan üçün ən əlverişli şərtlər -həm hüquqi, həm də iqtisadi- yaratmaq. Üçüncüsü isə, müqavilənin işləməsinə nail olmaq” [4.9].

O vaxt çox ağır vəziyyətdə olan Azərbaycan Respublikası üçün bu vəzifələri yerinə yetirmək heç də asan deyildi. Danışıqların son mərhələsində xarici şirkətlərin nümayəndələri müqavilənin qüvvəyə minməsini onun imzalanmasından və ölkə parlamentində ratifikasiyasından sonra deyil, yalnız Xəzər dənizinin statusunun həll olunmasından sonra qəbul edəcəklərini söylədilər. Təbii ki, Azərbaycan hökuməti buna razı ola bilməzdi. Çünki bu şərtin qəbul edilməsi müqavilənin kağız üzərində qalacağı demək idi. Buna görə də, Prezident Heydər Əliyevin tapşırığı ilə ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev ABŞ-ın hökumət nümayəndələri ilə danışıqlar aparmaq üçün Vaşinqtona yollandı və danışıqlar öz müsbət nəticəsini verdi.

Yuxarıda deyildiyi kimi, Rusiya Federasiyasının təcavüzkar dairələri Azərbaycanın Xəzər dənizində xarici şirkətlərlə neft hasilatına dair müqavilə imzalamasına yol vermək istəmirdilər. 1993-cü ilin yazında Xəzərin Azərbaycan Respublikası sektorunda neft yataqlarının xarici ölkələrin neft şirkətləri ilə birgə işlənməsinə dair müqavilənin imzalanmasında müəyyən irəliləyişlər nəzərə çarpmağa başladı. Vəziyyətin bu istiqamətdə dəyişdiyini görən Moskva, Ermənistan  və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan Respublikasının dövlət müstəqilliyinə zərbə vura biləcək təkliflər irəli sürərək, onun iqtisadi maraqlarının dənizin yalnız 12 millik zona çərçivəsində məhdudlaşacağını bildirdi. Bu isə Azərbaycan Respublikasının öz sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqları üzərində nəzarətini itirməsi demək idi. 1994-cü ilin yazında RF bu məsələ ilə bağlı çox fəal diplomatik addımlar atmağa başladı. Həmin il aprel ayının 27-də Rusiya Federasiyası XİN Böyük Britaniya XİN- ə nota göndərərək Azərbaycan Respublikasının Xəzər dənizində yerləşən neft yataqları ilə bağlı müstəqil olaraq hər hansı bir müqavilə imzalamaq hüququnun olmadığını bildirdi [6.9]. 1994-cü ilin yazında isə RF XİN- in təqdimatı əsasında RF prezidenti B.N.Yeltsin Azərbaycan Respublikasına qarşı sanksiyalar nəzərdə tutan 396 RPS saylı sərəncam imzaladı [7]. Buna görə də Rusiya hökuməti Xəzər dənizinin statusu məsələsini ortaya ataraq, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında 1994-cü ildə imzalanmış “Energetika sahəsində əməkdaşlıq haqqında” memorandumda “Xəzər dənizinin Azərbaycan sektoru” ifadəsinin işlədilməsini qəbul etmədiyini bildirdi [8.209]. Böyük Britaniya səfiri Brayan Folla verilən notada həmçinin Xəzər dənizində neft yataqlarının işlənilməsinə dair hər hansı bir müqavilənin Rusiya Federasiyası hökuməti tərəfindən tanınmayacağı bildirilirdi. Böyük Britaniyanın Energetika naziri Tim Eqqar Bakıya səfər edərək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə, Xarici İşlər Nazirliyinin və ARDNŞ-in rəhbərliyi ilə görüşdü. Aparılan danışıqlardan sonra “RF XİN-in notasına əhəmiyyət verməmək” və əməkdaşlığın davam etdirilməsi haqqında qərar qəbul edildi. Prezident Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Böyük Britaniya, ABŞ, Türkiyə, Rusiya Federasiyası və başqa ölkələrin neft şirkətləri ilə aparılan intensiv danışıqlar 1994-cü il sentyabrın 20-də Azərbaycanın iqtisadi və siyasi həyatında mühüm bir hadisə ilə başa çatdı. ARDNŞ ilə neft hasilatında böyük təcrübəsi olan ABŞ, İngiltərə, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanının (“Amoko”, “Penzoyl”, “Yunokal”, “Ekson”, “Remko”, “MakDermott”, “Lukoyl”, “Britiş-Petroleum”, “Statoyl”, “Türkiyə Petrolleri AO”, “Delta”) iri neft şirkətləri arasında 30 il müddətinə ilk müqavilə imzalandı. Sonralar “Əsrin müqaviləsi” adlandırılan bu müqavilənin şərtlərinə görə, 30 il ərzində Xəzər dənizinin “Günəşli”, “Çıraq”, “Azəri” neft yataqlarından 511 mln ton neft çıxarılması (sonradan aparılan kəşfiyyat-qazma işləri bu ehtiyatın 900 mln tondan çox olmasına dəlalət edir), bunun həyata keçirilməsi üçün 7,4 milyard dollar məbləğində sərmayə qoyulması nəzərdə tutulurdu. Neft satışından təkcə Azərbaycan Respublikasının əldə edəcəyi gəlirin təqribən 34 milyard olacağı hesablanmışdı [5.40].

Cəbi Bəhramov

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun
elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent

MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT

1. Heydər Əliyev II cild. Bakı 2013

2. Azərbaycan tarixi. VII cild, Bakı 2003

3. Bəhramov C.Ə. Azərbaycan nefti. Bakı 2010

4. Caspian Energy. Bakı 1998

5. Kavkaz i Mir. Tbilisi 2014

6. Muradalieva L.A. Bakinskaə neftğ uroki istorii. Baku 2006

7. Paşaev A.M. Sultanov Ç.A. Azerbaydjan v üıfrax, qrafikax,

kartax i foto. Baku 2012

8. Aliev İ.Q.Kaspiyskiy neftğ Azerbaydjana. Moskva 2003