18 iyul 2019 19:42
556

Milli Mətbuat 144: zəngin və şərəfli dövr

Cəmiyyətin güzgüsü olmaq hər bir mətbuat nümayəndəsindən  vətənpərvər olmağı, dövlətçilik maraqlarını qorumağı, oxucunun informasiya tələbatını obyektiv və qərəzsiz ödəməyi  tələb edir

Hər bir tarixi günün öz özəlliyi vardır.  Dövlətimizin başçısı İlham Əliyevin fikirlərinə istinad etsək, hər bir bayram tədbiri hesabat xarakteri daşıyır. Bu günümüzdən dünənimizə baxış fonunda  gələcək prioritetlərin müəyyənləşdirilməsi bir zərurət kimi ortaya qoyulur. Bu nöqteyi-nəzərdən yanaşsaq, 22 İyul-Milli Mətbuat Gününün mahiyyətini, mətbuatımızın keçdiyi yolun şərəfli olduğu qədər də böyük məsuliyyətə söykəndiyini daha dərindən dərk edirik.

Yazıda  mətbuat tariximizdən söhbət açmadan,  bu gün  yazılı və elektron KİV-lərin qarşısında dayanan vəzifələrdən və onların uğurlu icrasından,  hər bir mətbu orqanın geniş oxucu kütləsini qazanmasını şərtləndirən amillərdən,  eyni zamanda, jurnalist ordusunun formalaşmasında dövlətin bu sahəyə diqqət və qayğısı ilə yanaşı,   illərini jurnalistikaya həsr etmiş nəslin  yeni nəslə dəstəyindən bəhs etmək istərdim. Məbuatımızın bugünkü uğurları 144 illik yolun aydın mənzərəsini yaradır.

Hər bir dövrün, zamanın öz tələbi, öz çağırışı vardır. Müharibə şəraitində yaşayan bir ölkə olaraq informasiya-kommunikasiya texnologiyalarının, internet resurslarının imkanlarından istifadə edib Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfələr vermək günün əsas tələbidir. Nəzərə alsaq ki, 5 mindən artıq  mətbu orqan qeydiyyatdan keçib, onların hər birində də onlarla  jurnalistin çalışdığını  önə çəksək, bu vəzifənin uğurlu icrasına töhfələrimizin miqyasının nə qədər geniş olduğunu təsəvvür etmək çətin deyil. Daim vurğulandığı kimi, əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs ümummilli məsələlərdə  həmrəylik nümayiş etdirməlidir. Dövlətimizin başçısı İlham Əliyevin mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Sərəncamı da bu kimi məqamlara işıq saldı. Mənzil bölgüsündə diqqəti çəkən əsas məqam siyasi əqidəsindən asılı olmayaraq bütün jurnalistlərə bu sevincdən payın düşməsidir. Cənab İlham Əliyev mənzillərin bölüşdürülməsində ədalət prinsipinin qorunmasının mühüm şərt olduğunu vurğulayaraq bildirmişdir: “Bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl, demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib. Bizim təsir imkanlarımız genişlənir, böyüyür və Azərbaycan xoşniyyətli siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır.”

Müstəqil Azərbaycanımızın bu gün inkişafın hansı səviyyəsində olduğu göz önündədir. Ölkəmizin iqtisadi möcüzələr, ən islahatçı, demokratiya təcrübəsi nümunə,  xoşbəxt ölkə kimi tanınması, iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsi, etibarlı tərəfdaş  kimi nüfuz qazanması dövlətimizin uğurlu siyasətinin nəticəsidir. Azərbaycan mətbuatının inkişaf tarixindən  bəhs edərkən də daim müstəqillikdən  sonrakı dövr göz önünə gəlir. Müstəqilliyimizin ilk illərində digər sahələr kimi, mətbuat da özünün çətin günlərini yaşadı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  mətbuatın da inkişafında yeni mərhələnin əsası qoyuldu. 1998-ci ildə senzuranın ləğvi azad mətbuatın inkişafına geniş yol açdı. Beləliklə, həmin illərdən başlanan inkişaf yolu bu gün uğurla davam edir. Azad mətbuatın inkişafına, jurnalist peşəkarlığının artırılmasına dövlətin diqqət və qayğısı davamlılığı ilə diqqət çəkir. İmzalanan Fərman və sərəncamların hər biri, təsdiqlənən İnkişaf konsepsiyaları özündə  bu və ya digər vəzifələri ehtiva etməklə yanaşı, onların icra mexanizmlərinə də aydınlıq gətirir. Dövlətimizin başçısı İlham Əliyevin 2008-ci ildə təsdiqlədiyi KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq 3 aprel 2009-cu il tarixli Sərəncamla yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  əsas məqsədlərdən biri də jurnalist peşəkarlığının artırılması, jurnalistlərin yaradıcılıq imkanlarının genişləndirilməsidir. Fondun mütəmadi olaraq özəl  günlərdə keçirdiyi fərdi yazı müsabiqələri,  eyni zamanda, bu və ya digər dövlət qurumu ilə təşkil etdiyi   müsabiqələr jurnalistlərin malik olduqları bazanın təqdimatında və dəyərləndirilməsində əhəmiyyətli rol oynayır. Müsabiqənin şərtlərində diqqət çəkən bir mühüm məqamı xüsusi qeyd etmək istərdim: Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı””ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

Bu məqamı daha çox diqqətdə saxlamağımız səbəbsiz deyil. Göründüyü kimi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılmasına xidmət edən bu addım bir ildən az  təcrübəyə malik olmayan bütün  yaradıcı  insanları əhatə edir.   Fəaliyyətində mətbuatın əsas prinsipləri olan obyektivliyi, qərəzsizliyi, ən əsası vətənpərvərlik və milli şüuru əsas tutan qələm  sahibi  bu sıraya daxil olan  gənc nəslə də eyni prinsiplərlə yanaşıb dəstək göstərməklə jurnalistikanın inkişaf səviyyəsinə, həmçinin gənc yazarın mətbuatın  sirli-sehrli aləminə özünəməxsus şəkildə daxil olmasına yardımçı ola bilər.  Dövlət azad, müstəqil mətbuatın inkişafına lazım olan dəstəyi yüksək səviyyədə göstərir. Bu işdə çalışdıqları mətbu orqanlarda illərini xərcləyən, böyük təcrübəyə malik olan insanların da üzərinə böyük məsuliyyət düşür. Əbəs yerə deyilmir ki,  yüz nəzəriyyədənsə, bir praktika  yaxşıdır. Gənclərimizin nəzəri biliklərini paraktikada tətbiq etmələrində  əvvəlki nəsillərin  təcrübəsinə, onların dəstəyinə və bu yolda bələdçiliklərinə böyük ehtiyac vardır.

Azərbaycan gənclər ölkəsidir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarının  mahiyyətində dayanan əsas məsələlərdən biri daim bu olur ki, gənclərin malik olduqları potensial imkanlardan səmərəli istifadə edilsin. Ölkə Prezidentinin bu fikirləri  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” tezisinin davamı kimi dəyərləndirilir. Cənab İlham Əliyev, eyni zamanda, bildirir: “Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.”

İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki,  hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq. Günbəgün gəncləşən, müasirləşən ölkəmizdə  gəncliyin inkişafına yaradılan  şərait, göstərilən dəstək, imzalanan Fərman və sərəncamlar, həmçinin yaş məhdudiyyətinin aradan qaldırılması ilə bağlı  milli Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi gənclərimizi daha səylə çalışmağa, Azərbaycan reallıqlarının təbliğinə daha böyük töhfələr verməyə səsləyir.  Mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini, cəmiyyətin güzgüsü funksiyasını yerinə yetirdiyini nəzərə alsaq,  gənc yazarlarımız  müasir dövrün imkanlarından  səmərəli istifadə etməklə bu işə öz töhfələrini verə bilərlər.

Əvvəldə də qeyd etidyimiz kimi, bu gün hər sahədə  gəncləşmənin, müasirləşmənin şahidi  oluruq. Bu təkmilləşmə dövlətimizin  həyata keçirdiyi siyasətin ana xəttində  dayanan  prinsiplərə-modernləşməyə,  yeniləşməyə əsaslanır.

Milli Mətbuat Günümüzün bizlərə verdiyi fürsətdən istifadə edərək,  peşəkarlığı və məsuliyyəti bir araya gətirib zəngin tariximizin, mədəniyyətimizin, dilimizin təbliğinə xidmət edən yazıların  çox olmasını, dövlətçilik maraqlarımızın qorunmasını  arzulayırıq.  Əvvəldə də qeyd etdiyimiz kimi, vətənpərvərlik, milli şüur prinsipləri mətbu orqanların fəaliyyətinin əsasında dayanmalıdır.  Söz azadlığı ölkəmizdə  tam təmin edilib. Heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Ölkə əhalisinin  təxminən 85 faizi internet istifadəçisidir. İnternetin azad olduğu ölkədə hansısa məhdudiyyətdən danışmaq qeyri-mümkündür. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  bəzi hallarda  bəzi qeyri-hökumət təşkilatları ölkəmizi  tənqid edir, amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə  qərəzli mövqedir. Azərbaycana qarşı qərəzli mövqedə dayanan dairələrin qarayaxma kampaniyalarına qarşı fəal olmalı, müasir dövrün yeniliklərindən istifadə edərək əsaslı şəkildə cavablandırmalıyıq.

Ölkəmizdə internet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu da medianın müstəqilliyinin daha bir göstəricisidir. Bir sözlə, qısa təhlil, bu günümüzün reallıqlarına baxış fonunda deyə bilərik ki, ölkə mətbuatı fəaliyyətini dövrün  çağırışlarına uyğun şəkildə qurmağa səy göstərir. Dövlətimizin başçısı İlham Əliyevin  “Jurnalistlər  əlbəttə ki, fəaliyyətləri ilə bu inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz” fikirləri mətbuatın öz funksiyasını necə yerinə yetirdiyinə işıq salmaqla yanaşı, onun qarşısında dayanan vəzifələri də açıqlayır.

Uğurlara  yol açan mühüm amillərdən biri təbii ki,   mövcud problemləri, qüsurları  görmək və həlli üçün ciddi səylər göstərməkdir. Ümummilli lider Heydər Əliyevin bu çağırışını xatırlatmaq istərdik:   “Mətbuat azadlığından, söz azadlığından sui-istifadə edib, xüsusən iqtidara qarşı cürbəcür böhtan, yalan yazanlar, uydurmalar yayanlar cinayət edirlər.” Hazırda çoxsaylı mətbuat orqanları arasında özünəməxsusluğun qazanılmasında da məsuliyyətin və peşəkarlığın vəhdəti əsas yer tutur.  Cəmiyyətin güzgüsü olmaq  hər bir mətbuat nümayəndəsindən  vətənpərvər olmağı, dövlətçilik maraqlarını qorumağı, oxucunun informasiya tələbatını obyektiv və qərəzsiz ödəməyi  tələb edir.

Yeganə Əliyeva, “İki sahil”