17 iyul 2019 18:48
184

Mətbəximizə soxulan oğrular:  növbəti erməni təxribatının izi ilə...

Azərbaycan mütəmadi olaraq barışın və sülhün tərəfində olduğunu bəyan etsə də, işğalçı Ermənistanın qondarma iddialarla “qidalanan” zəhərlənmiş “beyin” sahibləri ən müxtəlif sferalarda xəlvət-aşkar öz təxribatlarını davam etdirməkdə israrlıdırlar. 

Azərbaycanın əzəli torpaqlarına məqsədli şəkildə yerləşdirilən ermənilərin nankorluqda sərhəd tanımadıqları hamıya məlumdur.

Bu gün ermənilər Azərbaycanın təkcə torpaqlarına, maddi-mədəni sərvətlərinə deyil, həm də xalqımızın uzun əsrlərdən bəri formalaşmış mənəvi irsinə əsassız iddialar irəli sürərək görünməmiş həyasızlıq nümayiş etdirməkdən çəkinmirlər.

Müvəqqəti atəşkəs rejiminin tələblərinə müvafiq olaraq hazırda döyüşlər getməsə də, işğalçı Ermənistan hər fürsətdə öz əsassız iddiaları, oğurluqları və plagiatları ilə xalqımıza qarşı amansız və ədalətsiz müharibə aparmaqdadır.

Ermənilərin Azərbaycanın mədəni, dini və tarixi abidələrinə, adət-ənənələrinə, mədəniyyətinə, incəsənətinə, tarixinə, musiqisinə, hətta mətbəxinə belə əl və dil uzatması qarşısıalınmaz şəkildə davam etdirilir.

Bu günlərdə “armeniasputnik” saytında daha bir erməni təxribatı “boyaboy” şəkildə qarşımıza çıxdı. Adıçəkilən erməni saytında silsilə təxribatlar haqqında əvvəlki yazılarmızda da müəyyən məqamları işıqlandırmışdıq.

Ancaq gizli-aşkar erməni təxribatları durmaq bilmədən elə tam sürət götürüb ki, deyəsən, dayanmağa macalları yoxdur... İlk baxışdan məsum görünən, amma əslində ciddi oğurluq faktları və “erməniləşdirmə” cəhdləri ilə “zəngin” “armeniasputnik” bu dəfə də Azərbaycan mətbəxinə soxulmağa cəhd edib.

Yeri gəlmişkən qeyd edək ki, “Sputnik” informasiya agentliyi təxminən 30 dildə və hazırda sutkada 800 saat olmaqla dünyanın 130 şəhərində və 34 ölkəsində saytları, yerli radioları ilə fəaliyyət göstərir. Bu internet resurslarında təmsil olunduqları ölkənin müxtəlif sferalarını əhatə edən xəbərlər hazırlanaraq təqdim edilir. Adıçəkilən “armeniasputnik” də həmin internet resursunun Ermənistan bürosu olaraq fəaliyyət göstərən saytdır.

“Armeniasputnik”in “Dadlı Ermənistan” adlı bölümündə təqdim olunan təamların işğalçı ölkə ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. “Dadlı Ermənistan”ın “duzu və istiotu” isə təbii ki, yalanla süslənmiş erməni məkri və təxribatlarıdır.

Keçən dəfəki yazımızda Azərbaycanın milli xörəkləri olan piti, plov, lavaş, dolma, dovğa, kabab, xaş və quymağın, eləcə də bir sıra milli içkilərimizin Ermənistan mətbəxi kimi dünyaya “sırındığını” qeyd etmişdik. Bu dəfəki təxribat məqamı isə yolu mətbəxdən keçən siyasi təxribat faktıdır.

“Dadlı Ermənistan” rubrikasının bu dəfəki təxribat “məhsulu” birbaşa Azərbaycan torpaqlarında yaradılmış qondarma rejimin adı ilə bağlıdır.

Belə ki, bu günlərdə adıçəkilən rubrikada “Artsax ahanisi” adlı təam oxuculara təqdim edilib. Bu yeməyin tərkib və hazırlanma qaydasına əsasən milli mətbəximizin “toyuq çığırtması” olduğunu xatırladaraq birbaşa xörəyin adına və hətta dünyada təqdimatına cəhd olunmasına diqqət çəkmək istərdik.

Yazıda yeməyin hazırlanma qaydası fotolarla verilib. Məqalədə, həmçinin qeyd olunub ki, sözügedən xörək erməni kulinarı Anna Matevosyanın təqdimatında  cari ilin aprel ayında Misirdə keçirilən “Mədəniyyətin kulinar dadı” adlı beynəlxalq sərgidə “Ən yaxşı milli yemək” nominasiyasında qalib olub. Diqqət çəkmək istədiyimiz məqam da budur: Onsuz da Azərbaycan xörəyi olan təamın qondarma rejimin adı ilə beynəlxalq arenada təqdimatı! Bu fakt bir daha göstərir ki, ermənilər qondarma rejimin legitimləşdirilməsi istiqamətində əl atmadıqları yol qalmayıb. Hər zamankı kimi ermənilər öz işğalçılıq siyasətini davam etdirərək ən axırıncı yolu belə sınaqdan keçirməyə hazırdırlar...

Ermənilər illərdir ki, bu şəkildə minlərlə təxribat faktları ilə beynəlxalq ictimaiyyətin beynini yuyaraq öz qondarma, əsassız ərazi iddialarını durmadan, yorulmadan yaddaşlara “qazımaqla”məşğuldurlar.

Təəssüf ki, xalq və dövlət olaraq taleyimizə dəyişdirə bilməyəcəyimiz qismət yazılıb. Yəni, uğursuz tarixi şəraitin və geosiyasi gerçəkliklərin diqtəsi ilə əzəli Azərbaycan torpaqlarında qurulan Ermənistan qonşumuz olub. Məhz buna görə də bizim də eyni şəkildə durmadan, yorulmadan və bezmədən ermənilərin demək olar ki, bütün sferalarda əleyhimizə apardıqları təxribatları bəzən önləmək, bəzən də ifşa etmək mənəvi borcumuz və milli öhdəliyimizdir. Ermənilərin hər bir xırda təxribat faktının qarşısı təkcə müvafiq qurumlar tərəfindən deyil , eyni zamanda, fərdi vətəndaş təşəbbüsü ilə qarşılaşdığımız hər yerdə ifşa edilməlidir və bu işdə ayıq- sayıqlıq son dərəcə vacibdir. Çünki bu gün başısoyuqluq göstərib yan keçdiyimiz hər “ətcəbala” fakt sabah “böyüyüb ətə-qana dolaraq” əsassız, qondarma erməni iddialarının növbəti banlaması kimi qarşımıza çıxacaq...

Sevinc Abdullayeva, “İki sahil”