24 aprel 2019 12:00
208

Məqsədim gələcəkdə dövlətimin inkişafına layiqli töhfə verməkdir

“İki sahil” qəzetinin gələcəyimizin qurucuları olan qabaqcıl gənclərlə reallaşdırdığı “Gəncliyimizin sədası” adlı yeni layihəsində növbəti həmsöhbətimiz Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi Rüxsarə Babayevadır.

Müsahibimiz seçdiyi peşəyə hələ uşaqlıqda vurğun olduğunu bildirdi: “Hələ uşaq yaşlarımdan təhsil aldığım məktəbdə tədbirlərdə şeir demək, aparıcılıq etmək mənə tapşırılırdı. Müəllimlərim nitqimi, hazırcavablığımı bəyənirdilər. Dəfələrlə inşa yazı müsabiqələrində qalib olmuşam. Bütün bunlar jurnalistika sahəsinə olan marağımı daha da artırırdı. Ona görə də ali məktəbə qəbul zamanı ixtisas müəyyənləşdirərkən tarix müəllimimin də tövsiyəsi ilə jurnalist olmağı qərara aldım. Ali məktəbə qəbul zamanı qabiliyyət imtahanında “Həqiqi jurnalist necə olmalıdır” mövzusunda essedə də qeyd etmişdim ki, mənim fikrimcə, əsl jurnalist ilk növbədə vətəndaş olmalıdır. Yazacağı xəbərdə öncə Vətənin mənafeyini nəzərə almalıdır. Əgər jurnalistin verəcəyi xəbər Vətənin, dövlətin imicinə hansısa formada zərrə qədər də olsa xələl gətirəcəksə, o xəbər verilməsə də olar. Həm də nəzərə alaq ki, Azərbaycan bu gün müharibə şəraitindədir. Ona görə də jurnalistlər bu mövzuda daha da həssaslıq nümayiş etdirməlidirlər. Əgər Vətəni ilk növbədə jurnalist düşünməyəcəksə, sıravi vətəndaş kimdən nümunə götürəcək? Düşünürəm ki, cəmiyyətdə müəllimlər və jurnalistlər ilk növbədə vicdanlı vətəndaş, daha sonra ixtisasının təmsilçisi olmalıdır”.

Gələcəyin jurnalisti söhbətində peşə etikasına riayət etməyin vacibliyini vurğuladı: “Jurnalistlər xüsusilə peşə etikasını gözləməlidirlər. Cəmiyyətə həqiqətən informasiya yükü olan xəbərlər ötürülməlidir. Xəbər yükü olmayan informasiya ilə cəmiyyəti bezdirmək, onların zövqünü korlamaq lazım deyil.

Uşaq intiharları ilə bağlı xəbər hazırlayan jurnalistlər xüsusilə diqqətli olmalı və həssas davranmalıdır. Jurnalistikada bu gün yayılmış “copy paste”, yəni “kopyala-yapışdır” tendensiyasına son qoyulmalıdır. Çünki ilkin mənbə hansısa yanlış edərsə, “copypasterlər” eyni səhvi kor-koranə təkrarlayaraq cəmiyyəti çaşdıra çaşdıra, lazımsız ajiotaj yarada bilərlər. Mətbuatda həmişə mötəbər və rəsmi mənbələrə istinad olmalıdır ki, insanlarda fikir ayrılıqları yaranmasın. Cəmiyyət də öz növbəsində diqqətli omalıdır, mediadan nəyisə öyrənəndə tələsik qərar verməməlidir, mənbənin mötəbərliyinə diqqət yetirməlidir”.

Rüxsarə Babayeva media məsuliyyətinin zərurliyindən danışaraq onlayn media sahəsində müəyyən tənzimləmələrin həyata keçirilməsinin vacibliyindən söz açdı: “Bu gün media sahəsindəki azadlıqlar hamıya hansısa sayt, yaxud internet portalı açmağa imkan verir. Ancaq sayt yaratmaqla iş bitmir, onlayn media öz məsuliyyətini dərk etməlidir, belə portalların rəhbərliyində media məsuliyyətini dərk edən insanlar çalışmalıdır. İntiharlar, ailədaxili qovğalar, məişət zəminində baş verən cinayətlər, zorakılıqlar və s. həssas mövzulardır. Bunlar haqqında xəbərlər ehtiyatla və məsuliyyət hiss edərək hazırlanmalıdır. Fikrimcə, digər bir ağrılı məsələ də mentaliteti informasiyalara şamil, bəzi hallarda isə pərçim etməkdir. İntiharlardan söz düşmüşkən, uşaq intiharları ilə bağlı fikrimi söyləmək istərdim. Məncə, uşaq intiharlarının sayının azalması üçün bu gün məktəblərdə psixoloqlar daha səmərəli və mütəmadi fəaliyyət göstərməlidirlər. Hər bir şagirdə humanizm prinsipləri əsasında fərdi yanaşılmalıdır. Etiraf edək ki, bu gün orta məktəblərimizdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Bu fəaliyyət daha səmərəli təşkil olunsa düşünürəm ki, uşaq intiharlarında xeyli azalma olar. Digər bir problem də bizdə “psixoloq” kəlməsinin hələ də cəmiyyət tərəfindən tabu kimi qarşılanmasıdır. Halbuki insanlar problemlərlə üzləşəndə çıxış yolu kimi mütəmadi olaraq həm özləri, həm övladları peşəkar psixoloq xidmətindən yararlanmalıdır. Bu istiqamətdə maarifləndirmə işi düzgün təşkil olunmalıdır. Bu gün maarifləndirmə işi zəifdir, xüsusilə də özəl telekanallarda. Məsələn, narkomaniya haqqında danışarkən sadəcə xəbər verməklə kifayətlənməyib, gənc nəsli bu zərərli və ölümə aparan vərdişdən çəkindirmək üçün maarifləndirici videoçarxlar çəkilməli, narkomaniyanın hara apara biləcəyi ilə bağlı gənclərdə ətraflı təsəvvür yaradılmalıdır ki, o, bu dəhşətli yolun sonunun uçurum olduğunu dərk eləsin. Risk qrupuna daxil olan yeniyetmə və gənclərlə həm bu, həm də başqa istiqamətlərdə intensiv iş aparılmalıdır. İnternet hazırda hər kəs üçün əlçatan olduğundan medianın üzərinə uşaqlarımızı mənfi təsirlərdən qorumaq istiqamətində daha böyük məsuliyyət düşür. Reytinq naminə gənc nəslin taleyi ilə oynamaq yolveriməzdir. Arzu edərdim ki, televiziyalarımızda, ümumiyyətlə, çap və onlayn mətbuatda da uşaqlar və gənclərlə bağlı çoxsaylı maarifləndirici layihələr reallaşdırılsın. Bu kimi layihələrdə ekspert kimi çıxış edənlər isə təsadüfi insanlar, yaxud şou-biznes nümayəndələri yox, peşəkar pedaqoqlar və təcrübəli uşaq psixoloqları olsun. Uşaqlarla bağlı problemləri çözmək üçün onları hansısa müğənni ilə yox, həqiqətən uşaq psixologiyasını bilən mütəxəssislərlə müzakirə etmək lazımdır”.

Həmsöhbətimiz sonda bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gənclər siyasəti həyata keçirildiyini qeyd edərək gələcəkdə gənclərin işlə təmin olunması istiqamətində arzularını dilə gətirdi: “Hazırda ölkəmizdə işsizliyin azaldılması istiqamətində çox böyük işlər görülür, bu sosial addımların sayının daha da artmasını arzulayıram. Gənclər təcrübə yığmaq üçün təbii ki, bir nöqtədən başlamalıdır. Çox təqdirəlayiq haldır ki, hazırda “ASAN xidmət”də gənclərə könüllü qismində iş təcrübəsi toplamaq imkanı yaradılıb. Ümumiyyətlə, həm “ASAN xidmət”in yaradıması, həm də bu qurumda gənclərə geniş meydan verilməsi alqışa layiq addımdır. Arzu edərdim ki, gələcəkdə respublikamızda təcrübə toplamaq üçün gənclərə qucaq açan bu tip qurumların sayı daha da çox olsun.

Bakı Dövlət Universitetində bakalavr təhsilimi bitirdikdən sonra ali təhsilimi ya Almaniyada, ya da Kanadada PR işi və MBA istiqamətində davam etdirmək istəyirəm. Təbii ki, sonra qazandığım bilik və təcrübəmi jurnalistika sahəsində tətbiq etməyi planlaşdırıram. Xaricdə ali təhsilimi tamamlayıb mütləq Azərbaycana dönəcəyəm. Məqsədim ölkəmizdə jurnalistika sahəsində köklü dəyişikliklərə imza atan gənclərin sırasında olmaq və gələcəkdə dövlətimin daha da güclənməsinə, inkişafına layiqli töhfə verməkdir”.

Sevinc Abdullayeva, “İki sahil”