KÖŞƏ

Yaqut Ağaşahqızı

Mənim ana dilim-mənim kimliyim...

05 noyabr 2019 19:22
259

Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən, “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir” söyləyən ulu öndər Heydər Əliyev bildirirdi ki, xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir.

Ümummilli lider Heydər Əliyevin dil siyasətini, dilimizə diqqət və qayğısını eyni məsuliyyətlə davam etdirən Prezident İlham Əliyev “ Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi. Yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitəsilə yayılması, latın qrafikasında “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılması qarşıya məqsəd kimi qoyuldu. Artıq bu istiqamətdə görülən işlərin nəticəsidir ki, “Elektron hökumət”, “Elektron dərslik”, “Elektron kitabxana” terminləri yaranıb və bu sahədə böyük uğurlar əldə olunub. “Azərbaycan Milli Ensklopediyasının nəşri haqqında” Sərəncam imzalandı.

Prezident İlham Əliyevin imzaladığı  daha bir dövlət sənədində -”Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanda  isə ana dilimizin qorunması üçün həyata keçiriləcək islahatlar, hədəflər əksini tapır.

Fərmanda qeyd olunduğu kimi, respublikamız müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlanmış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır. Ana dilimizin qorunması üçün qəbul olunmuş sənədlər, həyata keçirilən islahatlar, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında”kı sərəncamlar, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”” Nazirlər Kabinetinin Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Ana dilimizin yad təsirlərdən qorunması naminə aparılan islahatlar, həyata keçirilən tədbirlər nəticəsində mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan dilinə başqa millətlər tərəfindən də maraq göstərilir. Fərmanda qeyd olunduğu kimi, bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədərdir.

Cəmiyyət tərəfindən birmənalı olaraq qəbul olunmayan televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.

Bu və digər nöqsanların aradan qaldırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Respublikada dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”” publik hüquqi şəxsin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı””nın hazırlanması başlıca vəzifə kimi qarşıya qoyulur. Kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərin hazırlanması tövsiyə olunur.

Göründüyü kimi, nəzərdə tutulan hər tədbir, islahat Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı formatı ilə fərqlənən Azərbaycan dilinin qorunmasına xidmət edir.

Bəli, dilimiz bizim milli varlığımızdır. Mənəviyyatımıza sahib çıxmaq isə hər bir azərbaycanlının  müqəddəs vətəndaşlıq  borcudur.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...