KÖŞƏ

Zahid Rza

Mənə qardaş deyən dilinə qurban!..

10 noyabr 2020 17:51
818

Şuşanın işğaldan azad edilməsi münasibətilə ən böyük  təbrik mesajı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan və türk xalqından gəldi:

Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban
Vətəninə qurban, elinə qurban!...

Sentyabrın 27-dən- II Qarabağ müharibəsinin başlandığı ilk gündən Müzəffər Ali Baş Komandan, qətiyyətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirir.  Rəşadətli Azərbaycan əsgəri öz canı, qanı bahasına tarixi, əzəli-əbədi torpaqlarımızı Ermənistan silahlı qüvvələrinin işğalından azad edərək demək olar ki, hər gün “qələbə bizimlədir” deyərək  hamımızı sevindirir.

Azərbaycan tarixinin qızıl səhifələrini yazan qalib Azərbaycan Ordusu  düşmənin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək Qarabağ dağlarının zirvəsini - milli kimliyimiz, qürurumuz, qeyrət və mənliyimizin simvolu olan, 28 il həsrət qaldığımız  qədim Şuşamızı, Cıdır düzünü, İsa bulağını, xarı bülbülümüzü öz canı və qanı bahasına yenidən və əbədi olaraq  fəth etdi.

Noyabrın 8-də Prezident , Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında xalqımıza müraciət edərək böyük sevinc hissi ilə ruhumuzun özü, varlığımızın nüvəsi olan Şuşamızın dünyanın ən mənfur təcavüzkarı olan terrorçu Ermənistan ordusunun işğalından azad olunması müjdəsini verdi: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! 

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi xalqımıza sonsuz sevinc və qürur hissi yaşatdı. Yüzminlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa zəfərini qeyd etdi.

Qəhrəman ordumuzun şücaəti ilə Şuşa şəhərinin terrorçu Ermənistan silahlı qüvvələrinin işğalından azad olunması Azərbaycanda olduğu kimi, qardaş Türkiyədə də böyük Çoşqu ilə qeyd olundu. Hər zaman olduğu kimi, ilk təbriklər Türkiyədən gəldi. Başda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla dövlət rəsmiləri, sadə vətəndaşlar- bütün türk xalqı bu haqq işimizdə yanımızda olduqlarını bir daha bəyan etdi. Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq Türkiyə bizim yanımızdadır. Qardaş Türkiyənin lideri, Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Dost, qardaş ölkənin ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinə, qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ülvi duyğusuna söykənən bu siyasi-diplomatik və mənəvi dəstəyi bu gün də davam edir.

Sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin şəhərlərimizi, kəndlərimizi artilleriya atəşinə tutmasından sonra Azərbaycan Qarabağda antiterror əməliyyatlarına başlamaq barədə qərar verdi. Türkiyə Respublikası Azərbaycanın haqq işini dəstəklədi. Bu müddətdə qardaş ölkənin dövlət rəsmiləri- Türkiyə Böyük Millət Məclisinin Sədri, Xarici İşlər naziri, Müdafiə naziri və digər yüksək vəzifəli şəxslər dəfələrlə ölkəmizə səfər edərək Azərbaycanın haqq işini dəstəklədiklərini bəyan etməklə terrorçu, işğalıçı Ermənistanın havadarlarına göz dağı verdilər, onlara “qırmızı xətləri” bir daha xatırlatdılar. Bu qardaş dəstəyi xalqımızı ruhlandırdı, ona qol-qanad, güc-qüvvət verdi. Elə Şuşanın yağı düşməndən azad edilməsi müjdəsinin verildiyi tarixi bir gündə qardaş Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun və  Müdafiə naziri Hulusi Akarın ölkəmizə səfəri də bunun bariz nümunəsidir.

Şuşanın işğaldan azad edilməsi münasibətilə ən böyük  təbrik mesajı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəldi: “Bir millət-iki dövlət” şüarını paylaşdığımız Azərbaycan torpaqlarının işğal edilməsinə səssiz qala bilməzdik və səssiz qalmadıq. Biz indi Azərbaycandayıq. Niyə? Çünki onlar bizim qardaşlarımız, soydaşlarımızdır. Dünən İlham Əliyev qardaşımızın açıqlamalarını izlədik. Niyə? “İki dövlət – bir millət” olmanın eşqi budur, ona görə. Dünən Şuşanın işğaldan azad olunması ilə birgə sevincimiz və ümidlərimiz artıb. Bu münasibətlə İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımızı təbrik edir, şəhidlərimizi rəhmətlə anıram. İnşallah, qısa vaxtda işğal altındakı başda Kəlbəcər və Laçın olmaqla buralar da sahiblərinə təhvil veriləcək”.

Prezident İlham Əliyev bu günlərdə “BBC News”a müsahibəsində jurnalistin “Türkiyənin birbaşa hərbi iştirakını istəyəcəyiniz günü gözləyirsinizmi” sualına cavab olaraq bildirib ki, biz münaqişənin beynəlmiləlləşdirilməsinin əleyhinəyik: “Biz beynəlxalq səviyyədə tanınan torpağımızda döyüşürük. Bu, bizim mövqeyimizdir. Mən düşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə, Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayacaq. Lakin uzun illər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə, həm də hərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik”. 

Bəli, qədim tarixi köklərə malik olan Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır. Bu birlik, qardaşlıq dostlarımızın sevinci, düşmənlərimizin göz dağıdır.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?