11 sentyabr 2019 11:11
94

Məmmədağa Şirəliyev - 110

AKADEMİK MƏMMƏDAĞA ŞİRƏLİYEV VƏ DİALEKTOLOGİYA MƏSƏLƏLƏRİ

Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətləri olan dilçi alim, Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, akademik Məmmədağa Şirəliyevin anadan olmasının 110-cu ildönümü tamam olur. Yubileyin qeyd edilməsi ilə bağlı Azərbayacan Respublikasının Prezidenti İlham Əliyev 19 iyul 2019-cu ildə Sərəncam imzalamışdır.

Dünya şöhrətli türkoloq, böyük Azərbaycan dilçisi, görkəmli akademik Məmmədağa Şirəliyevin elmi yaradıcılığı olduqca geniş və çoxşaxəlidir. Dilçilik sahəsində  tədqiqatlarının genişliyi ilə seçilən görkəmli alim müraciət etdiyi hər bir mövzunu zəngin faktlarla, mükəmməl nəticələrlə tamamlamışdır. O, sistemli şəkildə dialektologiya ilə məşğul olsa da, dilçiliyimizin elə bir sahəsi yoxdur ki, ora müraciət etməsin və həlli yollarını göstərməsin. M.Şirəliyev mühüm elmi əhəmiyyətə malik sanballı tədqiqatları ilə Azərbaycan dilçiliyini zənginləşdirib, onun bir çox istiqamətlərinin müəyyənləşməsi və formalaşmasında təqdirəlayiq xidmətlər göstərib. Alimin dilçiliyin aktual problemlərinin öyrənilməsində, xüsusən Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanmasında müstəsna rolu var. Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərin tərtibi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır. Görkəmli elm xadiminin adı ədəbi dil tarixi, müasir Azərbaycan dili, türkoloji dilçilik, ümumi dilçilik, Azərbaycan dilinin qrammatikası və habelə nitq mədəniyyəti, orfoepiya məsələləri, üslubiyyat və b. sahələrdən hər birinin mötəbər tədqiqatçıları sırasında iftixarla çəkilir. Onun elmi yaradıcılığı, türkologiya elminin ən dəyərli əsərləri sırasına daxildir. Buna görə də, elmi yaradıcılığı Azərbaycan dilçiliyinin böyük bir mərhələsini təşkil edən akademik Məmmədağa Şirəliyev dilçilik sahəsində məktəb yaratmış alimlərimizdən biridir.  Alim ömrünün 50 ildən çoxunu dilçiliyin nəzəri və tətbiqi problemlərinin araşdırılmasına həsr etmişdir. Alim bu sahədəki tədqiqatlarının nəticəsi olaraq 200-dən çox elmi əsərin, o cümlədən 10-a yaxın kitabın, 20-dən çox kollektiv monoqrafiyanın əsas müəlliflərindən biri olmuşdur.

Bu korifey dilçinin yaradıcılığı kifayət qədər monoqrafik material verir. Bu məqalədə  akademik M.Ş.Şirəliyevin zəngin və çoxşaxəli elmi yaradıcılığının konkret bir istiqamətinə  - dialektologiya məsələlərinə toxunacağıq.

Bəri başdan vurğulamaq lazımdır ki, Məmmədağa Şirəliyevin bir dialektoloq kimi formalaşmasında Bəkir Çobanzadənin müstəsna xidmətləri olmuşdur. O, Azərbaycan dilinin dialekt və şivələrinin inkişaf tarixinə diqqət yetirir, onu digər türk dilləri ilə müqayisəli şəkildə tədqiqata cəlb edir. Amansız repressiyanın qurbanı olan Bəkir  Çobanzadə dialektologiya və bu sahədəki yarımçıq qalan tədqiqatların tamalanması işini öz xələfinə -  Məmmədağa Şirəliyevə  həvalə etmişdir. Unutmaq olmaz ki, 30-cu illərin əvvəllərindən dialekt və şivələrimizin monoqrafik tədqiqi işinə başlanılmışdır. Lakin repressiyalar və sonra da İkinci Dünya müharibəsi araşdırmaların ləngiməsinə səbəb olmuşdur.  Belə bir dövrdə istedadlı dialektoloq  kimi yetişməkdə olan M.Şirəliyev professor Bəkir Çobanzadənin tövsiyəsinə sadiq qalaraq öz fəaliyyətini birdəfəlik dialektologiya elminin inkişafına yönəltmişdir.

Onun 1941-ci ildə müdafiəyə namizədlik dissertasiyası kimi təqdim etdiyi “Bakı dialekti” araşdırması Dissertasiya Şurası üzvləri tərəfindən yüksək qiymətləndirilmiş və heç bir tərəddüdsüz o, birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Dialektologiyaya həsr olunmuş sonrakı hər bir araşdırma da M.Şirəliyevin “Bakı dialekti” monoqrafiyasından faydalanmışdır. M.Şirəliyevin bu tədqiqat əsəri nəinki Azərbaycanda, eləcə də digər türk respublikalarında dialektoloji araşdırmalar, xüsusilə monoqrafik tədqiqatlar üçün bir nümunə rolunu oynamışdır. Buna görə də Azərbaycan ictimaiyyəti M.Şirəliyevi Azərbaycan dialektologiyası məktəbinin yaradıcısı kimi qiymətləndirir.

M.Şirəliyev Azərbaycan filoloji elmində dilçilik coğrafiyasının da banisidir. Maraqlıdır ki, hələ 1941-ci ildə M.Şirəliyev rus dilində çap etdirdiyi bir məqaləsində ilk dəfə olaraq Azərbaycan dialektlərinin təsnifini coğrafi prinsip əsasında aparmış və bu bölgü sonralar, 1959-cu ildə UNESCO-nun “Fundamental turcica” əsərində öz əksini tapmışdır. M.Şirəliyev, həmçinin türk dillərinin dilçilik coğrafiyası üsulu ilə öyrənilməsi ideyasının da müəllifidir. Akademik Bolqarıstanda türk kəndlərini gəzərək zəngin material toplamış və həmin materiallar əsasında “Türk dialektologiyası” əsərini ərsəyə gətirmişdir.

M.Şirəliyev müharibənin gərgin dövründə - 1942-ci ildə ali məktəblər üçün Azərbaycan dialektologiyası fənnindən ilk dəfə proqram və dərs vəsaiti “Azərbaycan dialektologiyası” I hissəsini (6),  II hissəsini isə 1943-cü ildə çap etdirmişdir.

1945-ci ildə Azərbaycanda Elmlər Akademiyasının təşkil olunması  və ondan az sonra Dilçilik İnstitutu yaradılarkən açılan üç şöbədən birinin dialektologiya  şöbəsi olması və uzun  müddət akademik M.Şirəliyevin bu şöbəyə rəhbərlik etməsi daim bu şöbənin öz elmi fəaliyyətilə öndə getməsinə və dilimizin dialekt və şivələrinin öyrənilməsində respublika elminə rəhbərlik etməsinə stimul vermiş oldu. M.Şirəliyevin dialektologiya sahəsində elmi tədqiqatları canlandırmaqla dialektoloqların hazırlanmasında da xidmət göstərmişdir. O, Musa Adilov, Musa İslamov, Məmməd Qasımov, Müseyib Məmmədov, İsmayıl Məmmədli və başqa alimlərin elmi rəhbəri olmuşdur. Həmçinin türkdilli respublika və vilayətlərdə çoxlu elmlər namizədi və doktorları yetişmişdir.

Akademik M.Şirəliyev tez-tez ekspedisiya yolu ilə Azərbaycan dialektlərini öyrənmək üçün 1933-1958-ci illərdə fasilələrlə Qafqaz ərazisində, o cümlədən Azərbaycanın rayonlarında elmi səfərlərə başçılıq etmiş, 400-dən artıq şəhər, qəsəbə və kəndindən dil materialı toplamışdır.

Bu materiallar Azərbaycan dili dialekt və şivələri ilə bağlı sanballı kitabların və Azərbaycan dilinin dialektoloji atlasının meydana çıxması üçün əsaslı zəmin yaradırdı. 50-ci illərdə müqayisəli-tarixi metoddan istifadə üçün geniş imkanlar yaranmışdı. Bu dövrə qədər təsviri şəkildə davam etdirilən dialektoloji tədqiqat işlərində 50-ci illərdən başlayaraq müqayisəli metoda geniş yer verilir, müqayisəli və tarixi-müqayisəli metodlardan lazımi şəkildə istifadə edilir, Azərbaycan dilinin dialekt və şivə faktları yeri gəldikcə müasir türk dilləri və türk dillərinin qədim abidələri ilə müqayisəli şəkildə öyrənilir.

Cəlb edilən elmi qüvvələrin topladığı materiallar əsasında 1962-ci ildə M.Şirəliyevin ümumiləşdirici “Azərbaycan dialektologiyasının əsasları” kitabı ilk dəfə  nəşr olunur. 1968-ci ildə isə təkrar nəşr edilir. Akademik M.Şirəliyevin bu fundamental əsəri 1972-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülür. Yeri gəlmişkən qeyd edək ki, M.Şirəliyevin bu əsəri ölkə Prezidentinin xüsusi Sərəncamı əsasında 2008-ci ildə yenidən nəşr edilmişdir.

Əsərdə ədəbi dilimizlə müqayisə əsasında dialekt və şivə qruplarına aid fərqli fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərin ətraflı şərhi verilmişdir. Burada çox qədim dövrlərlə bağlı olan bir sıra arxaik elementlərin ilkin tədqiqi də xüsusi əhəmiyyətə malik idi. M.Şirəliyev əsərdə ümumtürk leksik qatı ilə yanaşı, şivə leksikası içərisində qədim alınmalara da diqqət yetirmiş, onların şivə tələffüz tərzinin Azərbaycan dili qanunları ilə bağlı izahını vermişdir. Dialekt və şivələrimizi fərqləndirən əsas əlamətlər xalqımızın təşəkkülündə iştirak etmiş aborigen türk tayfalarının ümumxalq dilinin qollarında sabitləşmiş qədim izləridir. Eradan əvvəlki minilliklərdən Azərbaycanda kök salmış aborigen türk tayfalarının və onların dillərinin ümumxalq Azərbaycan dilinin təşəkkülündə rolu əsas olmuşdur.

Akademik M.Şirəliyevin ən böyük xidmətlərindən biri də türkologiya tarixində ilk olaraq “Azərbaycan dilinin dialektoloji atlası”nı yaratmasıdır. M.Şirəliyevin təşəbbüsü, rəhbərliyi və iştirakı ilə hazırlanan atlas türkoloji aləmdə bu sahədə atılan ilk və uğurlu addımdır. Hələ tərtib proqramı 1958-ci ildə hazırlanmış dialektoloji atlasın ərsəyə gəlməsi uzun illərin və böyük zəhmətin bəhrəsi idi. Onun rəhbərliyi və şəxsi təşəbbüsü ilə Azərbaycan dialektoloqları bu işə başlamış və 20 il gərgin əmək sərf etməklə 128 xəritədən ibarət “Azərbaycan dilinin dialektoloji atlası”nı 1990-cı ildə nəşr etdirməyə müvəffəq olmuşlar. Bu atlasın redaktorları akademik M.Şirəliyev və professor M.İslamovdur.

Azərbaycan dilinin dialektoloji lüğətlərinin tərtibi və nəşri sahəsində də akademik M.Şirəliyevin dəyərli xidmətləri olmuşdur. Belə ki, o, 1964-cü ildə çapdan çıxmış bircildlik Azərbaycan dilinin dialektoloji lüğəti”nin redaktoru olmuşdur. Sonralar bu lüğətin sözlüyü artırılaraq Ankarada 1999-2000-ci ildə ikicildlik kimi nəşr olunmuşdur.

Akademik M.Şirəliyevin Naxçıvan Muxtar Respublikasının da dialekt və şivələrinin öyrənilməsində danılmaz xidmətləri və əvəzedilməz əməyi var. Belə ki, onun Naxçıvan dialekt və şivələrin xüsusiyyətləri haqqında 1949-cu ildə nəşr etdirdiyi “Naxçıvan dialekti” (ümumi qeydlər) məqaləsi diqqəti özünə cəlb edir. Burdan aydın olur ki, Naxçıvan Azərbaycan Respublikasının dialektoloji baxımdan zəngin bölgələrindən biridir.

Cənub qrupuna daxil olan Naxçıvan dialekt və şivələri hələ keçən əsrdən özünəxas xüsusiyyətinə görə dialektoloq-alimi özünə  cəlb etmişdir. M.Şirəliyevin rəhbərliyi ilə beş il müddətində (1950-1955) Naxçıvan MR-in Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarının müxtəlif kəndlərindən ekspedisiya yolu ilə külli miqdarda dialektoloji materiallar toplanmışdır. Əldə edilən dil faktlarının təhlili və müqayisəsi nəticəsində M.Şirəliyevin redaktorluğu ilə 1962-ci ildə “Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri” adlı əsər meydana gəlmişdir. Həmçinin M.Şirəliyev dialekt materialları əsasında dilimizdə mühafizə olunan qıpçaq xüsusiyyətlərini müəyyən etmiş, qədim qıpçaq yazılı abidələri və müasir qıpçaq dilləri ilə müqayisələr aparmışdır. Bəhsi keçən əsər kollektiv əməyin nəticəsi olaraq meydana çıxmışdır.

Naxçıvan dialekt və şivələri özünəməxsus xüsusiyyətləri ilə seçilir. Lakin bu dialekt və şivələri birləşdirən bir sıra ümumi cəhətlər də mövcuddur ki, bunlar Naxçıvan qrupu dialekt və şivələrini Azərbaycan dilinin digər dialekt və şivələrindən ayırır.

Məmmədağa Şirəliyev eyni zamanda, mövcud elmi potensialdan daim ölkənin və xalqın mənafelərinə uyğun səmərəli istifadə olunmasına çalışan bacarıqlı elm təşkilatçısı kimi Azərbaycan xalqının yaddaşına həkk olub.

Zülfiyyə İsmayıl,

AMEA Naxçıvan Bölməsi

İncəsənət,  Dil və Ədəbiyyat

İnstitutunun aparıcı elmi işçisi,

filologiya üzrə

fəlsəfə doktoru, dosent