21 noyabr 2019 21:00
127

Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatı:  Ayrılacaq vəsait azalıb?

Bugünlərdə “ayna.az” portalında iqtisadçı-ekspertlərdən birinin sosial şəbəkə statusu üzərində qurulmuş “Övladlarımızın “boğazından kəsib” nəyə xərcləyəcəyik - 35 FAİZ İXTİSAR” başlıqlı yazı yayımlanıb.  Yazıda  növbəti ilin dövlət büdcəsində məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təmin edilməsi üçün proqnozlaşdırılan vəsaitin cari ildə nəzərdə tutulan göstərici ilə müqayisədə azalması xüsusi təlaşla vurğulanıb.

Bəs məsələnin əsl mahiyyəti necədir?

Məlumat üçün qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təmin edilməsi üçün 64 milyon 972 min 40 manat proqnoz edilib ki, bu da 2019-cu ildə nəzərdə tutulandan 34,5 faiz az, 2018-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə 21 faiz, 2017-ci ildəkindən isə 56,25 faiz çoxdur.

Rəqəmlərin müqayisəsindən də göründüyü kimi, cari ili çıxmaq şərtilə göstərici artan istiqamətdədir. Cari illə bağlı isə onu demək mümkündür ki, il başa çatmayıb və 99 milyon 256 min 330 manatın nəzərdə tutulması bu məbləğin tam şəkildə xərclənəcəyi anlamına da gəlmir.

Rəsmi statistikaya görə, bu ilin əvvəlinə ölkədə 1679  dövlət məktəbəqədər təhsil müəssisəsi olub. Eyni zamanda, ölkədə bu tip fəaliyyət növünün 2014-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olması  bu sahədə özəl müəssisələrin yaranmasını stimullaşdırıb və qeyri-dövlət bölməsinin bu sahədəki payı artmaqdadır. Müşahidələr onu deməyə əsas verir ki, bu da öz növbəsində ölkədə məktəbəqədər təhsil sahəsində özəl müəssisələrin xidmətindən istifadəni də sürətlə artırmaqdadır.

Həmçinin bu ilin aprel ayında Bakı Şəhər İcra Hakimiyyətində  paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə uşaqların qidalanması, bağçalara uşaqların qəbulunun şəffaf, neqativ hallara yol verilmədən aparılması müzakirə olunub. Rəhbər işçilərə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edilib, bildirilib ki, qəbul məsələləri nəzarətə götürülüb və bağçalara qəbulun elektronlaşdırılması işləri artıq bu ilin sonuna kimi həyata keçiriləcək.

Bundan başqa, cari ildə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin əmri imzalanıb. Sənədə əsasən, məktəbəqədər təhsil müəssisəsində hər bir qrupda uşaqların sayı dəyişməyərək onların yaşından asılı və ya qarışıq olmaqla müvafiq olaraq 15-20 və  10-15 arasında nəzərdə tutulub.

Nəticədə qrup saylarının bir daha təsdiqlənməsi, eyni zamanda, qəbulun elektronlaşması dövlət bağçalarına qəbulda neqativ halları aradan qaldırmaqla, tutumundan çox uşağın yerləşdirilməsinə də imkan verməyəcəyi gözlənilir. Aydın məsələdir ki, indiyədək qəbulda neqativ halların mövcudluğu sistemsizliyin yaranmasına, bu da öz növbəsində belə təhsil müəssisələrində sıxlığın artmasına şərait yaradırdı. Başqa sözlə, bu, həm də, dövlət məktəbəqədər təhsil müəssisələrində ərzaq məhsulları ilə təminatında sui-istifadələrə gətirib çıxaran amildir.

Lakin məlum olduğu kimi, növbəti ildə bu sahəyə yönəldilməsi proqnozlaşdırılan vəsait cari ili nəzərə almasaq, əvvəlki illərdən çox olacaq. Bunun müqabilində isə bağçalara qəbulun tutumun əsasında aparılmasından dolayı gözlənilən azalma ərzaq məhsulları ilə təminatın daha da yaxşılacağını deməyə imkan verir.

Ceyhun Piriyev, “İki sahil”