26 avqust 2019 09:15
354

Mehriban xanım Əliyevanın fəaliyyətinin prinsipləri: İnsansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq

    Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir.  Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir.

           Mehriban Əliyeva,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,

Heydər Əliyev Fondunun prezidenti,

UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri

 

     Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  çoxşaxəli fəaliyyəti,  humanist təşəbbüsləri nəinki ölkədə,  bütün dünyada təqdir olunur. Mehriban xanım Əliyevanın qeyd etdiyimiz titullarına  Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri kimi  missiyalarını da əlavə etsək, gördüyü işlərin miqyasının ölçüyəgəlməz dərəcədə böyük olduğunu  görərik. Mehriban xanım Əliyeva haqqında   bir dövlət xadimi, siyasətçi,  ictimai xadim, mədəniyyət, elm xadimi kimi danışmağa  o qədər  iş, fəaliyyət, onların əsasında dayanan uğurlar var ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür.

     Mehriban xanım Əliyevanın müsahibələrinin birində «Sizin fikrinizlə qadın-siyasətçi hansı xüsusiyyətlərə malik olmalıdır? Onun kişi-siyasətçilər qarşısında hansısa üstünlükləri varmı» sualına cavabı əsasında xidmətlərinə qısa baxış keçirməyi  bir vətəndaşlıq borcu hesab edirik.  Mehriban xanım Əliyeva bildirmişdir: «Əvvəla o, siyasətə hansı məqsədlərə nail olmaq üçün gəldiyini dəqiq anlamalıdır. Öz bacarıq və imkanlarını ağılla qiymətləndirməlidir. Qoyulmuş məqsədlərə çatmaq üçün kifayət qədər gücü və sağlam ambisiyaları olmalıdır. Fikrimcə, siyasətin özündə sual qoyuluşu o qədər sərtdir ki, heç bir üstünlükdən söhbət gedə bilməz.»

   Mehriban xanım Əliyeva bu fikri böyük fəxr və qürur hissi ilə bildirir ki, xalqımızın taleyüklü problemlərinin həllinə yardımçı olmaqdan qürur duyuram. Bu, onun Vətən, xalq sevgisindən, Azərbaycanı daha qüdrətli, nüfuzlu, beynəlxalq münasibətlər sistemində əsl söz sahibinə  malik olan ölkə kimi görmək istəyindən qaynaqlanır. Bu reallıq da xüsusi vurğulanmalıdır ki, Mehriban xanım Əliyevanın  siyasi xadim kimi formalaşmasında   müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev siyasi məktəbinin böyük rolu vardır.   Ümummilli Liderin    ideyalarına, Azərbaycan xalqının zəngin mədəniyyətinə, milli- mənəvi  sərvətlərinə dərin bağlılıq Mehriban xanım Əliyevanın həyat amalına çevrilərək, zaman-zaman  daha geniş miqyası əhatə edən layihələrin həyata keçirilməsinə yol açıb. Onun  2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondunun prezidenti kimi qurumun məqsəd və məramına uyğun olaraq Heydər Əliyev irsinin təbliği istiqamətində atdığı addımlar göz önündədir. «Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz  Heydər Əliyevin  həyatı  və fəaliyyəti sübut etdi ki,  əlçatmaz xəyalların və arzuların reallaşması  insan fenomeninin gücünə mümkündür» söyləyən Mehriban xanım Əliyeva  möhkəm təməl üzərində qurulan müasir müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına davamlı töhfələr verir, həmçinin zəngin tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində biri-birindən mühüm layihələrin müəllifi kimi çıxış edir.   Bütün xalqlarla dostluq  əlaqələrini möhkəmləndirməklə  beynəlxalq əməkdaşlığa böyük önəm  verən  ölkəmizin   nüfuz və imic qazanmasında Heydər Əliyev Fondunun, qurumun prezidenti  Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.  Bu günlərdə  Rusiya Prezidenti Vladimir Putinin  Fərmanı ilə  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının «Dostluq» ordeni ilə təltif olunması da onun   Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə verilən yüksək qiymətdir.

    Hər bir mükafat görülən işə verilən dəyərdir. Milli- mənəvi irsimizi  bəşəri dəyərlərlə vəhdətdə inkişaf etdirən, Azərbaycan qadınının simvolu olan Mehriban xanım Əliyevanın  fəaliyyətinə verilən beynəlxalq səviyyəli qiymət onun xeyirxah-humanistlik, insanlıq  missiyasının göstəricisi olmaqla ölkəmizin iqtisadi, mədəni, elmi inkişafının təcəssümü kimi diqqəti cəlb edir. "Qızıl ürək" və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülən Mehriban xanım Əliyevanın   "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, "XXI əsrin böyük qadını" laureatına, UNESKO-nun "Qızıl Motsart" medalına, Krans Montana Forumunun qızıl medalına layiq görülməsi onun çoxşaxəli fəaliyyətinin beynəlxalq aləmdə izlənildiyini və təqdir olduğunu bir daha nümayiş etdirir.  "XXI əsrin böyük qadını" fəxri titulunun nominantı Mehriban xanım Əliyevanın  xeyriyyəçilik işlərində, xüsusilə  Azərbaycan qadınının  ictimai-siyasi  fəaliyyətdə   zəngin təcrübəyə malik olduğunu göstərməklə yanaşı, eyni zamanda,  dünya birliyində fəal mövqe tutmasının nümunəsidir.  Mehriban xanım Əliyeva  bütün çıxışlarında fəaliyyətinin əsas prinsiplərinə diqqəti yönəldərək bildirir ki, öz fəaliyyətimlə bir neçə məqsədə çatmağı düşünmüşəm ki, bunlar vətənpərvərlik və mərhəmətlilikdir.
   Mehriban xanım Əliyevanın  məqsədi, amalı qeyd etdiyimiz kimi, Azərbaycanı beynəlxalq aləmdə  zəngin mədəni irsə, mənəvi dəyərlərə malik ölkə kimi tanıtmaq,  dəyərlərimizin təbliğində  vətəndaş kimi vəzifə borcunu yerinə yetirməkdir. Təbii ki, hər bir xalqın varlığı,  milli kimliyi ilk növbədə  milli-mənəvi dəyərlərində ehtiva  olunur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirmişdir: “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik”.” Təbii ki, Azərbaycanın çoxəsrlik tarixə, zəngin mədəniyyətə  malik olması  dünya birliyində fəal roluna və mövqeyinə də öz müsbət təsirini göstərir. Bu gün Azərbaycanın adının beynəlxalq aləmdə multikulturalizm ünvanlarından biri kimi çəkilməsi  həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Heydər Əliyev Fondunun fəaliyyətində  tariximizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımıza, musiqimizə verilən dəyərdən qaynaqlanan addımların uğurlu nəticələrini Azərbaycanımızın bugünkü reallıqlarında görürük. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycan bu il UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Bu mühüm hadisə Azərbaycanın   milli-mənəvi dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunması və təbliği, eyni zamanda  beynəlxalq səviyyədə  dünya irsinin müdafiəsi və  mühafizəsinə dəstək olmaq istiqamətində atdığı addımlara, malik olduğu təcrübəyə bir daha işıq saldı. Bu uğurumuz, eyni zamanda, Azərbaycan-UNESKO əməkdaşlığının hazırkı səviyyəsinin göstəricisi oldu.  2004-cü ildə UNESKO-nun  və 2006-cı ildə  İSESKO-nun  xoşməramlı səfiri  kimi  üzərinə düşən məsuliyyəti  əməli fəaliyyəti ilə doğruldan  Mehriban xanım Əliyevanın  milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliği  yönümündə həyata keçirdiyi layihələrin miqyası genişdir.      UNESKO ilə Azərbaycan  arasındakı əlaqələr Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2004-cü ildə qurumun  xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başlamışdır. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb.  Muğamın, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında  əməkdaşlığın davamlılığını diqqətə çatdırır. Onu da qeyd edək ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi qurumun Ümumdünya İrs Siyahısına daxil edildi.                                                                                                                                                                                                                  

        Mehriban xanım Əliyevanın humanistliyi, xeyirxahlığı, gənc nəslin  formalaşması istiqamətində  həyata keçirdiyi layihələr, onun təşəbbüsü ilə Bakıda keçirilən sivilizasiyalararası dialoq və konfranslar  Azərbaycan haqqında məlumatların beynəlxalq ictimaiyyətə  çatdırılması baxımından əhəmiyyətlidir. Milli-mənəvi dəyərlərimizin, tariximizin, mədəniyyətimizin inkişafını, təbliğini fəaliyyətinin önündə saxlayan   Heydər Əliyev  Fondunun təşəbbüsü ilə həyata keçirilən tədbirlər, layihələr  təkcə bu günümüz  üçün deyil,  gələcək naminə görülən işlər kimi dəyərləndirilir. Belə bir ümumiləşdirməni apara bilərik ki,   Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin hamisidir.  Özünün də qeyd etdiyi kimi,  indi kütləvi, mədəniyyət stereotiplərin hakim olduğu bir şəraitdə  milli ənənələrin qorunub saxlanılması, onlara qayğı ilə, düşünülmüş münasibət  göstərilməsi son dərəcə vacibdir. 

   Onun   muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində gördüyü işlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dünya miqyasında yüksək dəyərləndirilir.  «Qarabağ xanəndələri»  musiqi albomunun,  «Muğam»  jurnalının, "Muğam Ensiklopediyası"nın nəşri  xalqımıza  məxsus zəngin sənətin təbliğində böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə görülən işlərin davamı kimi  "Muğam irsi", " Muğam dəstgahı" kimi  layihələr Heydər Əliyev Fondunun  prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsünün  nəticələridir. Beynəlxalq  Muğam Mərkəzinin istifadəyə verilməsi də bu qəbildəndir.  Heydər Əliyev Fondunun təşəbbüsü ilə   hər il Qəbələdə  Beynəlxaq Musiqi festivallarının keçirilməsində də məqsəd  dünya və milli musiqimizin pərəstişkarlarını  bir  araya toplamaq, musiqinin dili ilə dövlətlər, xalqlar arasında körpü rolumuza yeni bir əlavələr etmək, rəng qatmaqdır. Onu da qeyd edək ki, 1996-cı ildə Mehriban xanım  Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan «Azərbaycan-İrs» jurnalını təsis etmişdir. 

    Atılan hər addım Azərbaycanın uğurlu siyasətinin təqdimatına, ən əsası xarici siyasətinin prioritetlərinə bir işıq salır. Bu uğurlar sırasında Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə  2012-ci ildə keçirilən «Evrovision» mahnı yarışmasını, 2015-ci ildə ilk Avropa Oyunlarını, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını qeyd edə bilərik. Hər bir tədbir özlüyündə bir təqdimat, çağırışdır. Qərblə Şərqin qovşağında yerləşən Azərbaycan bu kimi tədbirlərə ev sahibliyi etməklə, eyni zamanda tolerantlıq, multikulturalizm təcrübəsini dünyaya təqdim edir. Ölkəmizdən dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajları ünvanlanır. Dövlətimizin başçısı İlham Əliyevin  29 iyun 2015-ci il tarixli Sərəncamı ilə Mehriban xanım Əliyeva ölkəmizdə təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və eyni zamanda  birinci  Avropa Oyunlarının təşkilində  böyük xidmətlərinə görə «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir.

    Heydər Əliyev Fondunun fəaliyyətinin əsas tərkib hissələrindən biri də həqiqətlərimizin təbliği, Dağlıq Qarabağ probleminin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Müxtəlif dövlətlərdə təşkil olunan  aksiyalar, münaqişə nəticəsində  hüquqları pozulan azərbaycanlıların haqq səsinin, tələblərinin beynəlxalq təşkilatlarda səsləndirilməsində  Heydər Əliyev Fondunun,  Mehriban xanım Əliyevanın xidmətləri böyükdür.

    Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs edərkən uşaqlara qayğını, təhsilə, səhiyyəyə diqqəti xüsusi qeyd etməliyik. Gələcəyin ixtisaslı mütəxəssislərinin hazırlanması mexanizminin əsası məktəb illərində qoyulduğu üçün təhsil müəssisələrinin ən müasir İKT avadanlıqları ilə təmin olunmasını başlıca vəzifə kimi  irəli sürən Heydər Əliyev Fondunun  «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsini həyata keçirməsi də bu istəkdən irəli gəlir. Layihə çərçivəsində 300-dən artıq  məktəbin tikintisinə, yenidən bərpasına, dünya standartlarına cavab verən şəkildə  avadanlıqlarla təchiz olunmasına Mehriban xanım Əliyevanın  göstərdiyi diqqət ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.  Heydər Əliyev Fondunun «Uşaq evləri və internat məktəblərinin inkişafı» proqram və layihələrinə uyğun olaraq həyata keçirilən  yenidənqurma və bərpa işləri də təqdirəlayiqdir.  «Hər bir uşağın ailəyə ehtiyacı var» layihəsinə uyğun olaraq uşaqların ailələrə verilməsi kimi  önəmli kampaniyaların həlli istiqamətində mühüm addımlar həyata keçirilir. Atılan bu kimi addımların, gerçəkləşdirilən layihələrin  əsasında bir amal   dayanır: Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı övladlar yetişdirilsin. Diabetli, hemofiliyalı, fiziki cəhətdən qüsurlu uşaqların sağlamlığı qayğısına qalan Mehriban xanım Əliyevanın  bilavasitə diqqət və qayğısı ilə həyata keçirilən  «Talassemiyasız həyat naminə», «Diabetli uşaqlara ən yüksək qayğı», «Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması» kimi  layihələr də bu qəbildəndir. Bu məqsədlə  Bakıda  Talassemiya Mərkəzinin,  Qan Bankının yaradılması xeyirxahlıq, vətənpərvərlik hisslərinin məcmusundan qaynaqlanan addımlardır.

     Qeyd edək ki, Mehriban xanım Əliyevanın  2006-cı ildə İSESKO-nun  xoşməramlı səfiri adına layiq görülməsi onun sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə və xidmətlərinə verilən dəyərdir.

     Bütün bu layihələr bir daha bu reallığı ortaya qoyur ki,  Mehriban xanım Əliyeva üçün özünün də ifadə etdiyi kimi, məsuliyyətin və  yerinə yetirilən vəzifənin  böyüklüyü, kiçikliyi yoxdur. Yalnız xalqa, dövlətə xidmət istəyi, insanları sevindirəcək, imkansızlara yardım, humanistlik və xeyirxahlıq duyğuları vardır. Mehriban xanım Əliyevanın «Bakı» jurnalına müsahibəsində «Fikrinizcə, həyatda hər şey qanunauyğundur və heç bir şey təsadüfi olmur, yoxsa Siz xoşbəxt hadisəyə inanırsız» sualına cavabını bir daha xatırlatmaq istərdik: «Bu suala birmənalı cavab verə bilmərəm. Düşünürəm ki, həyatda hər şey əvvəlcədən müəyyən edilib və çox vaxt təsadüf kimi qəbul olunan hadisələr əslində heç də elə deyil. Nə dialektik materializmin qanunauyğunluğunun və təsadüflüyünün nisbətinin xülasəsi, nə də nisbilik nəzəriyyəsinin öyrənilməsi həyatda nəyin qanunauyğun, nəyin təsadüf olduğuna aydınlıq gətirə bilməz. Fikrimcə, hər bir insan öz taleyinin yaradıcısı ola bilər və olmalıdır. Seçim həmişə var. Mən nə təsadüfi bir hadisəyə, nə də əvvəlcədən müəyyən olunmuş dünyaya inanmıram. Mən Allaha və insanın imkanlarına inanıram.»

  Yazının  əvvəlində də qeyd etdiyimiz kimi, humanizm, insanpərvərlik və mərhəmətlik kimi bəşəri prinsiplər Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında dayanır. Məlum olduğu kimi,  Mehriban xanım  Əliyeva dəfələrlə Amnistiya aktlarının təşəbbüsçüsü kimi çıxış edib və   Milli Məclis  bu təşəbbüslərlə  bağlı yekdiliklə müvafiq qəbul edib.  Mehriban xanım Əliyeva bu təşəbbüsünü belə əsaslandırır ki,   Heydər Əliyev Fondu hər bir  addımında, hər bir fəaliyyətində  insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı və yardıma ehtiyacı olan  insanlara kömək etməyə çalışır. Bu gün azadlıqdan  məhrum olmuş minlərlə  həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzi qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında  başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir. Qəbul olunmuş hər bir Amnistiya Aktını humanizm prinsiplərinin, ideyalarının qələbəsi kimi dəyərləndirən Mehriban xanım Əliyeva bildirir: «Mərhəmət təkcə  çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik.»

    Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyi  dövrlərdə də gördüyü işlərin  zənginliyi xüsusi diqqət çəkmişdir. Azərbaycanın  birinci xanımının seçildiyi Xəzər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində gördüyü işlərə diqqət yetirmək kifayətdir. O, mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirərək onların qayğıları ilə yaxından tanış olub.  Sözü ilə işi bir olan, verdiyi vədlərə layiqincə əməl edən,  mühüm  problemlərin həllinə nail olan  Mehriban xanım  Əliyevanın gördüyü işlər  Xəzər  rayonunun sakinlərində böyük ruh yüksəkliyi yaratmışdır.  

Dövlətimizin başçısı İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bu kimi mühüm məqamları xüsusi vurğulayaraq  bildirmişdir: «Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.» Dövlətimizin başçısı İlham Əliyevin  bu etimadını yüksək dəyərləndirən Mehriban xanım Əliyeva «Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam» vədini verməklə, istər bu günədək  Heydər Əliyev Fondunun prezidenti, istərsə də son iki  ildən artıq dövr ərzində Azərbaycanın Birinci vitse-prezidenti kimi  bütün fəaliyyətini məhz bu prinsiplər üzərində qurub. Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyət göstərdiyi iki ildən artıq dövr ərzində onun gördüyü işlərin miqyasına diqqət yetirsək bu fəaliyyətin ölçüyəgəlməz olduğunu görərik.  Mehriban xanım Əliyevanın sosial təşəbbüsləri də ölkə ictimaiyyəti tərəfindən daim yüksək dəyərləndirilir. Mütəmadi olaraq dövlətimizin başçısı cənab İlham Əliyevlə birgə xalqın arasında olmaq, onların qayğıları ilə maraqlanmaq, insanlarla səmimi ünsiyyət qurmaq Azərbaycanın birinci  xanımına milyonların  sevgisini qazandırır.

          Qeyd etdiklərimiz Mehriban xanım Əliyevanın xidmətlərinin çox az bir hissəsidir. Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edən prinsiplərin dəyişməzliyi uğurlarının davamlılığının bələdçisidir. Müsahibəsində «Sizin həyat deviziniz» sualına cavabında bildirir: «Həmişə öz ləyaqətimi saxlamaq, özümə və prinsiplərimə sadiq olmaq.»

        Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı  doğum günü münasibətilə təbrik edir, Ona möhkəm  cansağlığı, Azərbaycanın davamlı inkişafının, xalqın yüksək rifahının təmin edilməsi istiqamətində atdığı addımlarda, humanist təşəbbüslərinin gerçəkləşdirilməsində  uğurlar diləyirik.