KÖŞƏ

Vəli İlyasov

Mehriban düşmənlərin saxta göz yaşları...

26 sentyabr 2019 19:35
228

Dağıdıcı müxalifətə uzun illər rəhbərlik edən İsa Qəmbərin, Arif Hacılının və Əli Kərimlinin daha bir riyakarlıqları üzə çıxdı. Onlar illər boyu sadistlik edərək əzab-əziyyət verdikləri bir “dostlarının” matəmində timsahvari göz yaşları axıdaraq özlərini rüsvay etdilər. Əslində onların bu yas mərasiminə gəlməyə üzləri yox idi. Niyə? Onlar neyləyiblər ki? Bu və digər suallara cavab maraqlı olar.

Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü ildə keçirilən VIII qurultayında Arif Hacılı İsa Qəmbərin dəstəyi ilə başqan seçildi, lakin partiya daxilində Qubad İbadoğlunun tərəfdarları seçkidə saxtakarlıq edildiyini əsas gətirərək etiraz səslərini ucaltdılar. Etiraz edənlər arasında Vurğun Əyyub da var idi. O, qətiyyətlə deyirdi ki, “Mən qurultay seçkilərinin ədalətsiz keçirildiyinin qənaətindəyəm. İlk günlər legitimlik mənim üçün şübhəli idi, sonra əldə etdiyim informasiyalar şübhəni aradan qaldırdı və mən qurultayın səsverməsinin nəticələrini legitim hesab etmirəm”. Həmin bu etiraz Vurğun Əyyubun siyasi fəaliyyətinə son qoyulmasına apardı.

Artıq başqanlığı ələ keçirmiş Arif Hacılının göstərişi ilə onu partiyada gözdən saldılar. “Vurğun Əyyub partiyanı dağıtmaq istəyir”, “Vurğun Əyyub mübarizədə heç vaxt öndə olmayıb” -deyə ittiham etdilər.

Başqan Arif Hacılı və komandası köhnə başqanın təklifi ilə Vurğun Əyyubu Məclis üzvlüyündən çıxardı. İsa Qəmbər ümumiyyətlə, bu məsələni səsverməyə çıxarmağa belə ehtiyac görmədi. 2015-ci ilin may ayında isə bu hücumun məntiqi sonluğu olaraq Müsavat Partiyasının Binəqədi rayon təşkilatının özəyi Vurğun Əyyubun üzvlük haqqı ödəməməsi və iclaslara gəlməməsini əsas gətirərək partiya sıralarından xaric olunması barədə qərar qəbul etdi. Arif Hacılı və tərəfdarları həmin vaxt Vurğun Əyyubla bağlı əks-təbliğat kampaniyasına başladılar və onu intizamsızlıqda, bölücülükdə, partiya rəhbərliyinə hörmətsizlikdə günahlandırdılar. Başqan müavini Osman Kazımov Vurğun Əyyubun partiyadan çıxarılmasına haqq qazandırmaq üçün belə əsas gətirmişdi: “İclasa dəvət edirlər, həmin adam saymazyanalıq nümayiş etdirir, mesaj yazır, deyir ki, xəstəydim. Dəfələrlə Divana çağırılıb. Divanda iştirak etməyib və müxtəlif bəhanələr gətirib. Partiyanın nizamnaməsinə əməl etmək lazımdır. Qurultay keçirilib, artıq hər şey bitib. Nizamnaməyə uyğun hərəkət etmək lazımdır, sayğısızlıq nümayiş etdirmək, özünü hamıdan yuxarı tutmaq lazım deyil”.

Müsavatda bilirdilər ki, Vurğun Əyyub uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir, ona əsəbi mühit zərərdir, lakin partiyadan çıxarılmalarına haqq qazandırmaq üçün onun sağalmaz xəstəliyini bəhanə gətirdilər. Təbii ki, bütün bu təzyiqlər, hörmətsizliklər və s. Vurğun Əyyubdan təsirsiz keçmirdi.

“linç” kampaniyasına Müsavatın keçmiş başqanı, indi Vurğun Əyyubun cənazəsinin başında guya kədərlə dayanan İsa Qəmbərin və Arif Hacılının göstərişləri ilə aparıldığı da məlum idi. Qərarları arxada verən keçmiş başqan üzdə susurdu. İndi matəm mərasimində İsa Qəmbərin “alovlu” nitqi məsələnin mahiyyətini bilənlər üçün ikrah doğurdu. “Azərbaycanımızın görkəmli ictimai-siyasi xadimi, dəyərli ziyalımız Vurğun Əyyubu bu gün torpağa tapşırdıq. Vurğun bəyi 1988-ci ildən tanıyırdım. Ötən 31 ilin 26-sını bir yerdə olmuşuq - xalq hərəkatında, AXC-də, Elçibəy hakimiyyətində və Müsavatda bir yerdə olmuşduq və bir-birimizə dost demişdik. Son beş ili bir yerdə ola bilmədik...”, - İsa Qəmbər dəfn mərasimində üzünə qondardığı saxta kədərlə belə deyirdi.

Qəmbərsayağı kədərlənən Əli Kərimli də “böyük itkidir” deyir, halbuki, AXCP-də bəzilərinin Vurğun Əyyubu sevmədiyi, həmişə ona qarşı sosial şəbəkələrdə hücumlar edildiyini gizlətmək mümkün deyil. İndi istər Müsavatda, istərsə də AXCP-də bir çoxları xatırlayırlar ki, Vurğun Əyyubun xəstəliyinin şiddətlənməsində və sonda dünyasını dəyişməsində bu “dostların” böyük “xidmətləri” var. Belə çıxır ki, bunlar heç olmasa yas mərasiminə də bir üzlə getmirlər...görəsən, bəs o dünyaya bunlar neçə üzlə gedəcəklər?

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...