17 noyabr 2020 19:29
897

Məhkəmələr bundan sonra da ədalət mühakiməsini yüksək keyfiyyətlə həyata keçirəcəklər

Ağamalı Qafarov, 
Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin sədri
 

 

Ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə  hər il noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ədliyyə işçilərinin peşə bayramı ilə bağlı məhz bu tarixin müəyyən olunması Heydər Əliyevin Azərbaycanın keçmişinə, dövlətçilik tarixinə olan böyük ehtiramından və bugünkü müstəqil dövlətimizin məhz Xalq Cümhuriyyətinin varisi olmasından irəli gəlir.

Peşə  bayramı gününə sayılı günlər qalır. Bizim üçün olduqca qürurvericidir ki, Azərbaycan ədliyyəsinin yaranmasının 102-ci ildönümünü Vətən müharibəsində qazandığımız tarixi Qələbə günlərində qeyd edirik. Bu günlərdə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri yazıldı. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatına cavab olaraq sentyabrın 27-dən başlatdığı hərbi əməliyyatlar nəticəsində işğal edilmiş torpaqlarımızın böyük bir qismi azad olundu. Qısa müddətdə Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanda Azərbaycan bayrağı ucaldıldı.

Noyabrın ayının 8-də, Dövlət Bayrağı Günü ərəfəsində qədim yurd yerimiz, milli musiqimizin və mədəniyyətimizin, ünvanı, qürur məbədimiz olan Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsində Azərbaycan tarixinə yazılan möhtəşəm hadisə oldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin elə həmin gün Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azad olunduğunu bəyan etməsi Azərbaycanın hər yerində  böyük coşqu ilə qarşılandı.

Məhz Şuşanın azad edilməsindən sonra Azərbaycanla müharibəni uduzduğunu anlayan işğalçı Ermənistan kapitulyasiyasını elan etdi. Noyabr ayının 10-da Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü şərtlərə, Ali Baş Komandan İlham Əliyevin diqtəsinə uyğun hazırlanan bəyanata imza etməklə Ermənistanın müharibədəki məğlubiyyətini rəsmiləşdirdi. Artıq noyabrın 10-u təqvimdə ölkəmiz üçün bayram günüdür. Həmin gün Azərbaycan erməni faşizmi üzərində qələbə çaldı. Beləliklə, müharibənin ilk günlərindən etibarən Prezident İlham Əliyevin Ermənistan qarşısında qoyduğu tələblər çərçivəsində hərbi əməliyyatlar sona çatdı və düşmən məğlubiyyətini bəyan etdi. «Mən deyən oldu. Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır» - deyə Prezident İlham Əliyev bununla bağlı xalqımıza müraciətində bildirmişdir.

Azərbaycan və Rusiya prezidentlərinin, habelə məğlub Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatın bütün bəndləri Azərbaycanın şərtlərini tam əhatə edir. Artıq noyabrın 25-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam, dekabrın 1-dək isə Laçın rayonu tərk ediləcəkdir.

Beləliklə, ədliyyə işçiləri öz peşə bayramlarını məhz belə əlamətdar günlərdə qeyd edirlər. Biz növbəti bayramımızı daha yüksək sevinc hissi, qalibiyyət ovqatı ilə qarşılayırıq.

102 il əvvəl xalqımızın milli inkişaf səviyyəsinin ali göstəricisi kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti bugünkü müasir respublikamızın da bir çox dövlət qurumlarını təsis etmişdi. Təsadüfi deyil ki, indi həmin dövlət orqanlarının yaranma tarixi Xalq Cümhuriyyətinin mövcud olduğu illərdən başlayır. Cümhuriyyətin baniləri həm də bir hüquq dövləti qurmuşdular. İlk müstəqil dövlətimiz demokratik respublika olmaqla yanaşı, cəmiyyətdəki bütün münasibətlər hüquq qaydalarına, qanunçuluğa əsaslanırdı. Bu baxımdan heç təsadüfi deyil ki, Bakıya köçdükdən sonra Cümhuriyyətin Nazirlər Şurasının ilk qərarları ədliyyə sisteminin formalaşması və məhkəmələrin yaradılması barədə olmuşdu. Həmin dövrdə çarizmin dövlət təsisatları sıradan çıxdığı üçün Azərbaycanda məhkəmə sisteminin fəaliyyəti demək olar ki, dayanmışdı. Digər tərəfdən, Rusiya imperiyası dövründə azərbaycanlı hüquqşünasların yetişdirilməsinə maneələr törədildiyindən, təhsilin aşağı səviyyədə olmasından milli kadr çatışmazlığı vardı. Belə bir vaxtda Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmişdir. Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq olunmuşdur.

Xalq Cümhuriyyətinin məhkəmə sistemi dövrün tələblərinə uyğun idi və demokratik meyarlar çərçivəsində fəaliyyət göstərirdi. Yaranmış məhkəmələr cəmi 23 ay müddətində böyük inkişaf yolu keçməklə yanaşı, ədalət mühakiməsini ən yüksək səviyyədə təmin edə bilmişdilər.

Sovet hakimiyyəti illərində məhkəmələr mövcud sistemin tələbləri çərçivəsində fəaliyyət göstərməyə məcbur idilər. Yalnız Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra məhkəmələrin fəaliyyətində ədalət mühakiməsinin tələbləri baxımından mühüm keyfiyyət dəyişiklikləri baş vermişdir. Düzdür, ilkin dövrlərdə bu sahədə ləngimələr baş vermiş, ölkədə hüquq sisteminin dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində heç bir addımlar atılmamışdı. Yalnız ulu öndər Heydər Əliyevin xalqımızın təkidli tələbləri ilə hakimiyyətə gəlişindən sonra hüquq sistemində köklü dəyişikliklər baş vermiş, o cümlədən məhkəmə-hüquq islahatları həyata keçirilmişdir.

Təbii ki, hər bir islahat ilk növbədə qanunvericilik bazasının formalaşdırılmasından başlayır. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası hüquqi islahatlar, o cümlədən məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində ilk mütərəqqi addım olmuşdur.      Belə ki, Əsas Qanunda respublikamızda müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması ilə bağlı bir sıra mühüm müddəalar əksini tapmış, habelə bu qurumun dövlət idarəçiliyi sistemində layiqli yeri və rolu müəyyənləşdirilmişdir. Ulu öndər Heydər Əliyev çıxışlarında xüsusi qeyd etmişdir ki, hüquqi dövlətin ən prinsipial şərti məhkəmə sistemində islahatların keçirilməsidir. 1996-cı il fevralın 21-də yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən hazırlanan «Konstitusiya Məhkəməsi haqqında», «Məhkəmələr və hakimlər haqqında» qanunlar ölkədə məhkəmə-hüquq islahatları sahəsində ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır. Bu qanunların qəbulu məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşması baxımından mühüm əhəmiyyət daşımışdır. Bunların əsasında məhkəmə-hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmişdir. Xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası məhkəmələrinin təşkili və fəaliyyətinin təmin edilməsi haqqında» 17 iyun 1999-cu il tarixli Fərmanına əsasən, qanunun aliliyi və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi  zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədi ilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda yeni - üçpilləli məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamış və şəffaf prosedur əsasında hakim korpusu formalaşmışdır.

Yeni məhkəmə sisteminin fəaliyyətə başlaması üçün hakimlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun test üsulu ilə imtahan və müsahibə ilə seçilməsi qərara alınmışdır. Postsovet ölkələri içərisində ilk dəfə 2000-ci ildə Azərbaycanda imtahan və müsahibə ilə yeni hakimlər seçilərək təyin edilmişdir.

Cəmiyyət inkişafda olduğu üçün bütün sahələrlə yanaşı, hüquq sistemi də  daim islahatlara ehtiyac duyur. Təsadüfi deyil ki, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyə başlamasından ölkəmizin sürətli inkişafı hüquq sistemində də yeni islahatların həyata keçirilməsini zərurətə çevirmişdir. Prezident İlham Əliyev sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq məhkəmələrin də fəaliyyətinin müasirləşdirilməsini vacib saymışdır. Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, hakimlər korpusunun sağlamlaşdırılması bu istiqamətdə qarşıya qoyulan əsas vəzifələr olmuşdur.

Əvvəldə qeyd etdiyim kimi, islahatlar qanunvericilikdən başlayır. Bu baxımdan Prezident İlham Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunların qəbulu xüsusi əhəmiyyət kəsb etmişdir.  2005-ci ildən Ədliyyə naziri cənab Fikrət Məmmədovun rəhbərliyi altında Məhkəmə-Hüquq Şurasının yaradılması həmin dövrdə atılan ilk mütərəqqi addımlardan olmuşdur. Yeni qanunvericiliklə hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmış, hakim vəzifəsinə müddətsiz təyinat müəyyən olunmuş, onların intizam məsuliyyəti məsələləri şuranın səlahiyyətinə aid edilmiş, hakim vəzifələrinə namizədlərin seçilməsi üçün yeni qurum - Hakimlərin Seçki Komitəsi yaradılmışdır.

Qeyd edim ki, həmin illərdə apellyasiya  və inzibati-iqtisadi məhkəmələri Bakı şəhərində yerləşirdi. Bu isə digər şəhər və rayonlarda yaşayan vətəndaşlar üçün xeyli çətinlik yaradırdı. Bu baxımdan Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Fərmanı qeyd olunan problemə son qoyulması istiqamətində mütərəqqi addım olmuşdur. Bu Fərman reallıqdan doğan zərurət olmaqla məhkəmə islahatlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etdi. Fərmana əsasən, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, hakimlərin iş yükünün azaldılması, məhkəmələrin yeni informasiya texnologiyaları ilə təmin edilməsinə dair müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi üçün regionların inkişafı nəzərə alınmaqla  respublika apellyasiya və iqtisad məhkəmələrinin əvəzinə 5 regional apellyasiya (Bakı Apellyasiya Məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Əli Bayramlı Apellyasiya Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi), habelə əlavə 3 yeni yerli iqtisad məhkəməsi (2 saylı Bakı yerli iqtisad məhkəməsi, Sumqayıt yerli iqtisad məhkəməsi, Şəki yerli iqtisad məhkəməsi), Naxçıvan Muxtar Respublikasında isə Ağır Cinayətlərə dair işlər üzrə məhkəmə təşkil edilmişdir. 3 yeni yerli iqtisad məhkəməsinin yaradılması ilə belə məhkəmələrin sayı 7-yə çatdırılmışdır.

2010-cu ildə isə Prezident İlham Əliyevin Fərmanı ilə respublika üzrə vahid olan ağır cinayətlər məhkəməsinin əvəzində  Bakı, Lənkəran, Gəncə, Şəki ağır cinayətlər məhkəmələri yaradılmışdır. Eyni zamanda, respublikamızın məhkəmə-hüquq sistemində ən mühüm hadisələrdən biri kimi ilk dəfə olaraq inzibati ədliyyə institutu təsbit edilmiş, 1 və 2 saylı Bakı, Gəncə, Sumqayıt, Şəki, habelə Naxçıvan iqtisad məhkəmələrinin bazasında 1 saylı Bakı, 2 saylı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki,və Şirvan inzibati-iqtisadi məhkəmələri təşkil olunmuşdur.

Son illərdə dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində insanların müxtəlif xidmətlərdən istifadə etmək imkanları asanlaşmış, həmin xidmətlərin keyfiyyət və səmərəliliyi artmış, informasiya cəmiyyətinin dayanıqlı və davamlı inkişafına etibarlı zəmin yaranmışdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə          ölkə başçısının 13 fevral 2014-cü il tarixli Sərəncamı ilə “Elektron məhkəmə” informasiya sistemi yaradılmışdır. Ədliyyə Naziri cənab Fikrət Məmmədov bununla bağlı demişdir: «Məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqi obyektiv zərurətə çevrilmişdir. "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncam isə bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoymuşdur.Belə ki, "Elektron məhkəmə" informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcəkdir».

Ötən illərdə “Elektron məhkəmə” informasiya sisteminin məhkəmə fəaliyyətinə gətirdiyi yeniliklər göz önündədir. Bu sistemin işləməsi ilə insanlar artıq məhkəməyə gəlmədən, elektron formada müraciət edə bilir, proses barədə məlumatları elektron daşıyıcıda dərhal alır, məhkəmə prosesləri audio-video və digər texniki vasitələrlə qeydə alınır. Habelə  prosesi onlayn rejimdə müşahidə etmək imkanı yaradılıb.

Beynəlxalq təcrübəyə müraciət etdikdə elektron məhkəmələrlə bağlı maraqlı məqamlar görünür. Məsələn, Sloveniyada kiçik məbləğli iddialar üzrə elektron məhkəmə və icra sisteminin tətbiq olunması ilə 44 məhkəmədə 350 hakim və məhkəmə işçisi tərəfindən görülən iş hazırda cəmi 1 məhkəmədə 4 hakim və 62 məhkəmə işçisi tərəfindən həyata keçirilir. Avstriya, Türkiyə, Sinqapur və digər dövlətlərdə tətbiq edilən təcrübə, o cümlədən iddiaların elektron formada təqdimi və qeydiyyatı, tərəflərin SMS və digər elektron üsullarla məlumatlandırılması, müxtəlif məlumat bazaları ilə inteqrasiyanın aparılması diqqəti xüsusi cəlb edir. Lakin o da qeyd olunmalıdır ki, bütün Avropa məkanında cəmi 4 dövlətin məhkəmə sistemində (Avstriya, Estoniya, Malta və Portuqaliya) müasir İKT-lərin tam tətbiq olunduğunu demək olar.

Təhlillər göstərir ki, məhkəmələrdə ən mühüm problemlərdən biri proses iştirakçılarının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamasıdır. Məhkəmə bildirişlərinin vaxtında çatmaması çəkişmə prinsipinə əməl edilməməsi, işlərə qanunla müəyyən edilmiş müddətdə baxılmaması ilə nəticələnir və haqlı şikayətlər doğururdu.

Bununla əlaqədar "Elektron-bildiriş" informasiya proqramı hazırlanmışdır. Bu proqrama uyğun olaraq məhkəmə iclası barədə bildirişlər iş təyin olunan anda hakimin elektron imzası ilə təsdiq olunur və dərhal tərəflərin e-mail ünvanlarına və ya mobil telefonlarına SMS formasında göndərilir. Artıq "Elektron məhkəmə" sistemi Azərbaycanın məhkəmələrinin 61 faizində tətbiq olunur.

Məhkəmə-hüquq islahatları çərçivəsində məhkəmə fəaliyyəti üçün müasir infrastruktur da yaradılmışdır. Dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində paytaxtda və bölgələrdə müasirliyi ilə fərqlənən və ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni məhkəmə bina və kompleksləri tikilib istifadəyə verilmişdir. Görülən məqsədyönlü işlər ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına, keyfiyyətli xidmətlərin göstərilməsinə öz müsbət təsirini göstərmişdir.

Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanı təsdiq etdi ki, hüquq sistemindəki islahatlar davamlıdır. Belə ki, Fərmanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturun təkmilləşdirilməsi və məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi,hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətlərində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamıdır.

Fərmanın icrası ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklər əsasən inzibati-iqtisadi məhkəmələrin, habelə Apellyasiya məhkəmələrində və Ali Məhkəmədə inzibati-iqtisadi və hərbi kollegiyaların ləğv edilərək, regional inzibati və kommersiya məhkəmələrinin yaradılması, o cümlədən yuxarı instansiya məhkəmələrində müvafiq kollegiyaların təsis edilməsi olmuşdur. Yeni yaradılmış inzibati və kommersiya məhkəmələrinə dövlət başçısının Sərəncamı ilə yüksək bilik və təcrübəyə malik hakimlərin təyinatları həyata keçirilmişdir. Bu da öz növbəsində istinad edilən sahədə ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına ciddi töhfə vermişdir.

Fərmana əsasən, qanunvericiliyə edilən dəyişikliklərin digər mühüm istiqaməti ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən məhkəmə ekspertizası fəaliyyətini əhatə etmiş, özəl məhkəmə ekspertləri ilə bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş etmək imkanı təsbit olunmuşdur.

Həmçinin məhkəmələrdə baxılan işlərin hakimlərin sayına nisbətdə proporsional olmaması nəzərə alınaraq, Fərmanla hakimlərin sayı 200 vahid artırılaraq 800 vahidə çatdırılmışdır. Təkmilləşdirilmiş prosedurlar əsasında hakimliyə namizədlərin seçimi prosesi nəticəsində hakim ştatlarının komplektləşdirilməsi məhkəmələrdə iş yükünün azalmasına, işlərə daha keyfiyyətli baxılmasına xidmət edir. Eyni zamanda, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin və digər mənfi halların aradan qaldırılması ilə bağlı Fərmanda irəli sürülmüş məsələlərin icrası məqsədilə Məhkəmə-Hüquq Şurasında institusional tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur.

Göründüyü kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanı ölkəmizdə məhkəmə islahatlarının yeni mərhələsini təşkil etməklə, məhkəmə hakimiyyətinin daha da möhkəmləndirilməsini və məhkəmə sisteminin inkişafını şərtləndirmişdir. Bütövlükdə, məhkəmə orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər ölkədə ədalət mühakiməsinin yüksək keyfiyyətini təmin etmiş, vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, humanizm ideyalarının daha da geniş təşəkkül tapmasına imkanlar açmışdır.

Prezident İlham Əliyevin inkişaf siyasətinin nəticəsi olaraq tezliklə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işlərinə başlanılacaq. Düşmən tapdağından xilas olunan şəhər və rayonlarımız əvvəlki şöhrətini özünə qaytaracaq. Əlbəttə, bu yolda bütövlükdə bütün dövlət strukturlarının, o cümlədən ədliyyə orqanlarının və məhkəmələrin üzərinə mühüm vəzifələr düşür. 

22 noyabr ədliyyə işçilərinin peşə günü münasibətilə bütün həmkarlarımı təbrik edir, xoş arzularımı çatdırıram. Əminəm ki, respublikamızın ədliyyə sistemi bundan sonra da qarşısında dayanan vəzifələri şərəflə, layiqincə icra edəcək, məhkəmələr ədalət mühakiməsini yüksək keyfiyyətlə həyata keçirərək, demokratik Azərbaycanın çiçəklənməsinə öz töhfəsini verəcəklər.