18 iyul 2019 15:59
263

Matteys de Liqt “Ayaks”dan “Yuventus”a keçib

Müdafiəçi Matteys de Liqt Hollandiyanın “Ayaks” komandasından İtaliyanın “Yuventus” klubuna keçib. Hər iki komandanın mətbuat xidmətinin məlumatına görə, bu transfer 75 milyon avroya başa gəlib.

AZƏRTAC xəbər verir ki, 19 yaşlı hollandiyalının Turin klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-dək nəzərdə tutulub.

“beIN Sports” telekanalının jurnalisti Tankedi Palmeri daha əvvəl bildirib ki, müdafiəçinin illik məvacibi 12 milyon avro olacaq. Bundan əlavə, o, bonus şəklində daha 3 milyon avro ala biləcək. Futbolçunun agenti Mino Rayola isə bu transfer hesabına 12 milyon avro qazanacaq.

Ötən mövsümdə de Liqt yetirməsi olduğu “Ayaks” komandasının heyətində 55 görüş keçirib, bu oyunlarda 7 qol vurub və 4 səmərəli ötürmə edib.

Matteys de Liqt “Ayaks”ın əsas heyətində 117 matç keçirib, bu oyunlarda 13 qol vurub və 7 səmərəli ötürmə edib. Futbolçu bu komandanın heyətində 2018/2019-cu illər mövsümündə Niderland çempionu və Niderland Kubokunun sahibi olub.