KÖŞƏ

Vəli İlyasov

Makron müsyö Jordanlıq etməsin

23 noyabr 2020 19:08
650

Bu gün Fransada bəzi dairələrin Parisdə baş verən biabırçılıqları bir yana atıb erməniləri canfəşanlıqla müdafiə etməsinin köklü səbəbləri var. Belə olmasaydı sərhədlərindən min kilometrlərlə aralıda olan müstəqil Azərbaycan dövlətinin daxili işlərinə qarışmazdı. Məlum olur ki, ermənilər Fransanı Ermənistandan sonra özlərinə ikinci vətən sayırlar. Baxmayaraq ki, məhz çar Rusiyası müxtəlif ölkələrdə xırda toplum halında sürünən erməniləri yığışdıraraq Cənubi Qafqaza gətirmiş və qədim Azərbaycan torpağında onlara qondarma dövlət qurmuşdur.

Xatırladaq ki, SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə məsləhətçisi, akademik Abel Aqanbekyanın Parisdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə verdiyi ilk mesaj 1987-ci ilin noyabrında Fransanın “Humanite” qəzetində dərc olunub. Hazırda orada bir milyona qədər erməninin əzizlənməsi, Emmanuel Makron və onun kimi düşünən bir ovuc fransızın, bir çox KİV-lərin Azərbaycanın haqlı mövqelərinə hücumları və qarayaxmaları və Ermənistanın işğal siyasətini dəstəkləmələri ermənilərə nə qədər bağlı olduqlarını əyani surətdə göstərir. Nəhayət,  erməni əsilli Şarl Aznaurun hətta dövlət başçılığına əsas namizədlər sırasında yer alması Fransada erməni sevdasının isbatına yer qoymur.

Sentyabrın 27-də Azərbaycanın Ermənistanın hərbi təxribatına cavab olaraq əks-hücumlara başladığı andan bu günə kimi Emmanuel Makron və onun curları ölkəmizə qarşı düşmən mövqe nümayiş etdirirlər. Halbuki Fransa Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə həll etməli olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi haqlının hüququnu müdafiə etməli idi. Ancaq ermənidən daha artıq ermənilik nümayiş etdirən makronlar bizə qarşı düşmən mövqedə durdular. Onlar fransız muzdlularının Qarabağda azərbaycanlılara qarşı vuruşmağa göndərilməsinə qədər getsələr də,  qüdrətli Azərbaycan Ordusu Ermənistanın silahlı quldur birləşmələri ilə bərabər bütün terrorçu tör-töküntüləri süpürüb atdı.

Gülünc bir işdir ki, hərbi əməliyyatlar Azərbaycanın qələbəsi ilə, Qarabağın terrorçulardan təmizlənməsi ilə başa çatandan sonra Fransa senatı qondarma “dqr”in tanınması barədə məsələni müzakirəyə çıxarmaqla Azərbaycana təzyiq göstərməyə çalışır.

Ancaq dünyanın heç bir dövləti,  o cümlədən Ermənistan özü hələ də üzdəniraq “dqr”i tanımayıb. Görəsən Fransa bu qondarma qurumu tanısa nə baş verəcək?  Heç nə. Qeyd etmək lazımdır ki, bu sənəd yalnız tövsiyə xarakteri daşıyır və icra mexanizmi yoxdur. Bu, sadəcə desək, Makron hökumətinin həyasızlığı və həddini aşmaqdır.  Çünki mövcud olmayan xəyali qondarma qurum yalnız kağız üzərində olub və indi də elə kağız üzərində qalıb.  Fransa kimi bir dövləti təmsil edən Emmanuel Makron ermənilərin otuz il işğal altında saxladıqları Azərbaycan şəhər və kəndlərini dağıdıb xarabazara çevirdiklərinə heç bir münasibət göstərmirlər. Çünki onun göndərdiyi muzdlular günahsız soydaşlarımızın qətllərində və yurd-yuvamızın dağıdılıb yandırılmasında ermənilərlə əlbir olublar. Makronun düşüncəsinə görə bu, elə belə də olmalı imiş. O, unudub ki, Əlcəzairdə, Ruandada və Afrikada günahsız öldürülən saysız-hesabsız qurbanların ruhları hələ də öz qatillərini- fransız müstəmləkəçilərini lənətləyirlər. On zəif ölkədə özünün imperiya iddialarını yeridən və soyqırımları törədən Fransa bu dəfə ünvanı səhv salıb.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ ərazisində məskunlaşmış ermənilər barədə deyib ki, bizimlə birgə yaşamaq istəmirlərsə bayraqlarını ciblərinə qoyub hansı ölkəyə getmək istəyirlərsə getsinlər. Qoy prezident Makron bu erməniləri Marsel şəhərinə toplayıb onlara ikinci erməni dövləti yaratmağa şərait yaratsın. Ancaq başqa ölkənin daxili işlərinə qarışmağa, özgənin ərazisini ermənilərə “bağışlamağa” ona heç kəs icazə verməz. Azərbaycan Fransadan tələb etsə ki, oradakı ermənilərə dövlət qurmağa ərazi ayırsın, Makron bunu necə qarşılayar?

Qarşıdakı seçkilərdə beş-on erməninin səsini almaq üçün Makronun Azərbaycan  xalqına və Türkiyəyə qarşı düşmən mövqe seçməsi, Qarabağda müharibəni yenidən alovlandırmağa çalışması vicdansızlıqdan və ağılsızlıqdan başqa bir şey deyil. Ağlı başında olan dövlət başçısı belə avantürist addımlarla təkcə özünü deyil,  xalqını da pis vəziyyətə salır. Müstəqil Azərbaycan dövlətinin daxili işinə müdaxilə etmək isə axmaqlıqdır və bir xalqın heysiyyatı ilə oynamaq şərəfsizlikdir. Makron başa düşməlidir ki, sarsılmaz Türkiyə-Azərbaycan birliyini heç vaxt poza bilməz və bu yolda ölkəsinin olan-qalan imicini də itirə bilər. Fransanın özünün problemləri kifayət qədərdir və yaxşı olar ki, öz problemləri ilə məşğul olsun. Bu gün Parisdə hökumətin səhv qərarlarına dinc surətdə etiraz edən on minlərlə vətəndaşını zorakı üsullarla dağıtmağa qərar verən və bununla da demokratiyanı kobudcasına pozan Makron güzgüdə özünə baxsa yaxşı olar.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?