16 aprel 2019 12:34
104

Mahathir Məhəmməd: Dəmir yolu layihəsi iqtisadiyyatı inkişaf etdirəcək

Malayziyanın Baş naziri Mahathir Məhəmməd bildirib ki, Çinin də dəstəklədiyi dəmir yolu layihəsinin bərpası, investisiyaların cəlbinə, yeni iş yerlərinin açılmasına və ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək.

Baş nazir bu barədə aprelin 15-də keçirilən mətbuat konfransı zamanı deyib.

Xatırladaq ki, ötən il M.Mahathir ölkənin qərb sahillərini şərqdəki kənd təsərrüfatı rayonları ilə birləşdirən dəmir yolu layihəsini həddindən artıq baha başa gəldiyinə görə dayandırmışdı. Ötən həftə Çin tərəfi ilə aparılan müzakirələrdən və layihənin dəyəri üçdə bir qədər aşağı salındıqdan sonra hökumət layihənin bərpası barədə qərar qəbul edib.

Bu barədə jurnalistlərə məlumat verən Baş nazir bildirib ki, onun ölkəsi digər şirkətlərin bu layihəni daha ucuz yerinə yetirəcəyini təsdiq edib. O əlavə edib ki, Çin tərəfi layihənin həddindən artıq baha olduğunu yəqin ki, başa düşüb.

Əldə edilən razılaşmaya görə, dəmir yolu xəttinin uzunluğu 640 kilometr təşkil edəcək ki, bu da ilkin variantdan təqribən 50 kilometr qısadır. Eyni zamanda, layihənin həyata keçirilməsində yerli şirkətlər də iştrak edəcək.

M.Mahathir qeyd edib ki, müqaviləyə yenidən baxılması, Malayziyanın Çinin borc tələsinə düşməsinin qarşısını alıb.

Əldə edilən razılaşmaya əsasən, layihənin 2026-cı ildə tamamlanması planlaşdırılır. Bu, ilkin variantda nəzərdə tutulduğundan 2,5 il çoxdur.

AZƏRTAC