11 fevral 2019 20:27
242

Madrid separatçılara qarşı mitinq keçirdi

İspaniyanın paytaxtı Madriddə ölkənin ərazi bütövlüyünün qorunması tələbi ilə on minlərlə vətəndaşın qatıldığı mitinq keçirilib.

Milli.Az bildirir ki, "Vahid İspaniya uğrunda, seçkilər indi keçirlsin!" şüarının daha çox səsləndiyi mitinqin təşkilatçıları müxalifətdəki Xalq, mərkəzçi Vətəndaşlar və sağçı VOX partiyaları idi.

Kolumb meydanındakı aksiyaya İspaniyanın müxtəlif yerlərindən gəlmiş insanlar da qatılıblar.

45 min nəfərlik aksiyanın iştirakçıları arasında Nobel ədəbiyyat mükafatı laueratı Mario Varqas Lyosa, Barselona meri postuna sabiq namizəd Manuel Vals və Fransanın sabiq baş naziri də vardı.

Mitinqə toplaşanlar sosialist baş nazir Pedro Sançesdən Kataloniya hökuməti ilə aparılan danışıqların dərhal dayandırılmasını tələb ediblər.

VOX-un lideri Santyaqo Abaskal deyib: "İspaniyanın suverenitetini separatçılarla müzakirə etmək olmaz. Kataloniya muxtariyyət statusundan məhrum edilməlidir".

Vətəndaşlar Partiyasının sədri Albert Rivera isə bildirib ki, rəsmi Madrid dövlət büdcəsini separatçılarla, həbsxanada müzakirə edir.

İspaniya hökuməti yeni dövlət büdcəsinin müzakirəsi ilə bağlı deputatlar Konqresində çətinliklərlə üzləşib. Katalon millətçilər büdcənin lehinə səs vermirlər. Katalon millətçilərin partiyası "Pademos"un lideri Pablo İqlesias büdcəni müzakirə etmək üçün həbsxanaya, "Kataloniyanın Sol Respublikaçıları" Partiyasının lideri Oriol Junkerasın yanına yollanmışdı.