15 noyabr 2019 15:44
188

Macarıstanlı mütəxəssislərin iştirakı ilə seminar keçirilib - FOTO

Macarıstan Xarici İşlər Nazirliyinin dəstəyi ilə su sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində seminar keçirilib. Əvvəlcə Macarıstandan olan qonaqlar və seminar iştirakçıları komplekslə tanış olublar. 

Qonaqlara məlumat verilib ki, 2011-ci ildə təməli qoyulmuş kompleks 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan kompleksdə suyun emalı 5280 ədəd membran tipli süzgəclərdə aparılır. Bu kompleksdə su heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə, mexaniki üsulla təmizlənir. Burada emal olunan su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi  standartlara tam cavab verir.  Qeyd olunub ki, kompleks 2016-cı ildə Abu-Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib. Bu kompleks hesabına Bakı şəhəri və Abşeron yarımadasının böyük hissəsi, ümumilikdə 1 milyondan çox sakin yüksək keyfiyyətli içməli su ilə təmin olunub.

Komplekslə tanışlıq çərçivəsində qonaqlar mərkəzi idarəetmə sistemi - SCADA otağında idarəetmə proseslərini izləyiblər.

Kompleksin konfrans zalında keçirilən seminarda “Sukanal” ETLİ-nin direktor müavini Fərda İmanovun, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederenkinin, Macarıstan Milli Universitetinin dosenti Tamas Karçnesin, Budapeşt Sukanal şirkətinin mütəxəssisi Yanoş Qombaszoginin məruzələri dinlənilib.

Seminarda Ceyranbatan su hövzəsində  bioloji dəyişikliyin təhlili, ultrabənövşəyi filtrlərin istismarı dövründə çirklənmə dərəcəsinin müəyyənləşdirilməsi, fakturalanmanın təşkili, elektron xidmətlər və Zəng mərkəzinin idarə edilməsi sahəsində də  müzakirələr aparılıb.

Orxan Vahidoğlu, "İki sahil"