29 iyun 2020 17:38
897

Macar nazirdən Avropaya Türkiyə dərsi: ikiüzlü olmayın!

“Türkiyə ilə Avropa Birliyi arasında ən böyük problem Türkiyəyə qarşı ikiüzlü münasibətdir”. “İki sahil” xəbər verir ki, bu fikirləri Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto Kiprə səfəri zamanı deyib. O, Türkiyənin Aralıq dənizinin şərqindəki fəaliyyətinə dair suala cavab olaraq deyib ki, bu, çox mürəkkəb bir məsələdir: “Bu günə qədər AB-nin bu məsələyə vahid münasibətini pozmamışıq. Ancaq Türkiyə ilə AB arasındakı əlaqələr Aralıq dənizinin şərqində baş verənlərdən daha mürəkkəbdir. Bir şey dəqiqdir: Avropa Birliyi nəhayət Türkiyə ilə necə münasibət qurmaq istədiyini səmimi şəkildə söyləməlidir. Bu məsələdə ən böyük problem ikiüzlülükdür. AB ölkələrinin əksəriyyəti Türkiyə nümayəndəsi salonda olarkən fərqli, salondan kənarda olan zaman tam fərqli münasibət ortaya qoyurlar. Bu cür riyakar yanaşmalar, siyasətlər ziddiyətlər və anlaşmazlıqlardan başqa bir şeyə səbəb olmur”.

“İki sahil”