KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Lobbiçiliyə pul xərcləmək qanunsuzdurmu?..

15 aprel 2019 14:20
381

AŞPA-da bəzən boşluq olur elə bil. Hamı deyil, müəyyən kateqoriyadan olan deputatlar üçün. Yəni ciddi bir məsələ-mövzu tapa bilmirlər. Onda da bir sağa, bir sola baxırlar, gözlərinə Azərbaycan dəyir. Nə edək, necə edək deyib Azərbaycanla bağlı bir “sənəd” istehsal edirlər.

Bugünlərdə, daha dəqiqi aprelin 11-də AŞPA-da belə bir boşluğu yenə də Azərbaycanın hesabına doldurmağa çalışıblar. AŞPA Hüquq məsələləri və insan hüquqları komitəsi Hollandiyalı deputat Mart van de Venin müəllifi olduğu bir məruzəni təqdim edib. Düzdür, məruzə tam olaraq Azərbaycana aid deyil. Burada Rusiya, Moldova kimi ölkələrin də adı var. Lakin əsas məğzi Azərbaycanın guya az qala bütün Avropa ölkələrindən olan deputatları satın almasına aiddir.

Açığı, durub durduğumuz yerdə AŞPA-da belə bir “məruzə” təqdim edilməsini heç cür anlamaq olmur. Nəsə baş verirmi? Ümumiyyətlə, Azərbaycan AŞPA çərçivəsində kimi və necə satın ala bilər? Yaxud da bu Avropalı deputatlar niyə satılmağa hazırdır ki, Azərbaycan kimi bir dövlət də onları satın alsın? Məgər Avropalıların heç bir pul qarşısında əyilmədiyi haqda deyilənlər yalandırmı? Axı bizə təqdim edilən Avropada rüşvətə əyiləcək heç kimin olmadığı deyilir. Necə olur ki, belə bir durum varkən Azərbaycan hətta AŞPA-da öz ölkələrini təmsil edən Avropalı deputatları satın ala bilir?

Əslində, biz bu sualların cavabını bilirik. Ona görə də ciddi cavab verməyə belə lüzum görmürük. Lakin ölkəmizdə bəzən bəzi qüvvələr Avropalıların bu məqsədli gedişlərini rəhbər tutaraq siyasi manipulyasiyalara girişirlər. Ona görə də müəyyən məsələləri izah etməyə zərurət yaranır.

Holland deputatın üzərində təkidlə durduğu, AŞPA-da dəxli olmadan təkrar gündəmə gətirilmək istənən məsələnin mahiyyəti, əslində, başqadır. Azərbaycan dövləti doğrudan da özünün milli maraqlarını beynəlxalq səviyyədə, lap elə AŞPA müstəvisində təmin etmək üçün pul xərcləyir. Lakin bu pullar qanunsuz yolla xərclənmir. Dövlət, dünyanın qəbul etdiyi norma və qaydalar çərçivəsində lobbiçilik fəaliyyətində maraqlıdır və bunun üçün çalışmalara hər zaman açıqdır. Belə fəaliyyət isə bir qayda olaraq ən ümdə problemimiz olan Ermənistanın işğalçılıq siyasəti, qaçqın və məcburi köçkünlər məsələsi, Azərbaycanı məqsədli şəkildə sıxışdırıb beynəlxalq müstəvidə mövqelərini zəiflətmək istəyənlərə dirəniş və s. kimi məsələləri əhatə edir. Eyni zamanda ölkənin strateji maraqlarına xidmət edən enerji təhlükəsizliyi və karbohidratların Avropa bazarına çıxarılması məsələsi də önəm kəsb edir. Hər kəsə bəllidir ki, bu məsələlərdə dövlətimizə qarşı çox ciddi basqılar var. Özü də bu basqılar bir çox hallarda Azərbaycanın xəritədəki yerini düz-əməlli bilməyən mərkəzlər-fəallar tərəfindən idarə olunur. Bu isə o deməkdir ki, həmin mərkəzlər-fərdlər sadəcə olaraq kimlərinsə sifarişini yerinə yetirir. Yoxsa yönünü belə bilmədikləri bir ölkə haqqında niyə bu qədər yanıb-yaxılsınlar ki?

Əslinə qalanda, Azərbaycanı korrupsiyada, çirkli pulların yuyulmasında ittiham edənlərin özləri çox zaman bu cür əməllərə bulaşmış adamlar olurlar. Yaxud da bizdən şəffaflıq tələb edənlərin əksəriyyəti şəffaflıq imtahanından kəsilmiş olanlardır. Elə yuxarıda sözünü etdiyimiz “məruzə”ni təqdim edən Hollandiyalı deputat Mart van de Ven haqqında eyni fikri dilə gətirə bilərik. Bu şəxsin AŞPA-nın saytındakı maliyyə bəyannamələrinə baxanda şəxsən mənə heç də inandırıcı gəlmir.

Örnək üçün, 2018-ci ildə Mart van de Ven cəmi 43 955 avro pul qazanıbmış. Bir Avropalı üçün azdır. Həm də belə bir siyasi xadim üçün çox az puldur bu. Üstəlik də Avropa kimi yüksək qiymətlərin tüğyan etdiyi bir coğrafiyada bir deputatın bu pulla keçinə biləcəyinə bizi heç kim inandıra bilməz. Yeri gəlmişkən, bu gəlirin mənbəyi göstərilməyib…

M.Venin 2019-cu il yanvarın 30-da dərc edilmiş bəyannaməsi də çaşqınlıq yaradır. Bu otuz günlük dövrü əhatə edən bəyannamədə onun deputat kimi aylıq 2575 avro aldığı, gəlirlərininsə 30 900 avro olduğu yazılıb (mənbəyi göstərilməyib). Bir Avropalı deputatın 2575 avronun ümidinə qalacağı təqdirdə başına gələcəkləri bir kənara qoyub başqa məqama diqqət çəkmək istərdik.

M.Venin bəyannamələrində onun bir sıra qurumlarda (biznes və ictimai) müxtəlif vəzifələrdə də adı keçir. Lakin həmin vəzifələrdən gəlirlərini 0 avro məbləğində göstərir. İnanaqmı? İnana bilərikmi? Çətin. Qeyd etdiyimiz kimi, bir Avropalı deputatın 2575 avro aylıqla keçimini təmin etməsi sadəcə mümkün deyil də, ondan.

Bu M.Venin bir də Azərbaycan məsələsində (hətta bəzi hallarda yalnız Azərbaycan) çox “həssas” olması diqqət çəkir. Hətta cəmiyyət içində “üzdəniraq” kimi bilinənlərin hüquqlarının qorunması məsələsində. Özü də adamın AŞPA-dakı az qala bütün fəaliyyəti Azərbaycanla bağlıdır. Sanki başımıza jandarm kəsilib. Halbuki öz ölkəsilə bağlı məsələləri də AŞPA tribunasından dilə gətirə bilərdi…

Lakin bizim işimiz Hollandiyanın problemləri ilə deyil. Biz bu “məruzə”lərin durub durduğu yerdə niyə ortaya çıxmasına diqqət çəkmək istədik sadəcə. Bunların imkanı və çarəsi olsa dünyanın bütün günahlarını Azərbaycan kimi ölkələrin üstünə yıxarlar…

Sözardı: “Azərbaycan rəhbərliyi beynəlxalq təhlükəsiziyin təmin edilməsində etibarlı tərəfdaşımızdır. Biz uyuşdurucunun hər bir ölkə üçün hansı təhlükəni təşkil etdiyini bilirik və Azərbaycan bu beynəlxalq bəlaya qarşı mübarizədə öndərlik edib.” ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib bu sözləri. AŞPA-da bəziləri qaşınmayan yerdən qan çıxarmaq istəsə də bəzən belə yüksək səviyyəli diplomatlar Azərbaycanın və onun rəhbərliyinin gerçək mahiyyətini açıq ifadə etməklə o cür qüvvələrə ismarıc vermiş olurlar…