23 aprel 2019 19:15
132

“Le Figaro”: BP Azərbaycanda neft sektoruna sərmayə yatırır

Fransanın “Le Figaro” portalında “BP Azərbaycanda neft sektoruna sərmayə yatırır” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə BP və tərəfdaşlarının Azərbaycanın neft sektoruna 6 milyard dollar investisiya yatırmaq və Xəzərdə yeni ofşor platforma tikmək niyyətindən söz açılır.

Sərmayə BP-nin 30,37 faiz paya malik olduğu və istismarını həyata keçirdiyi “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokuna yatırılacaq. Layihəyə yeni dəniz platforması və gündəlik 100 min barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

Layihə üzrə tikinti işlərinə bu il başlanacaq. 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8 min işçinin cəlb olunacağı gözlənilir.

Azərbaycan Rusiya və Meksika körfəzindən sonra təxminən 134 milyard dollarlıq bazarın kapitallaşdırılması ilə dünyanın 8-ci neft şirkəti olan BP-nin 3-cü ən böyük əməliyyat sahəsidir.

Məqalədə 10 milyon əhalisi olan Azərbaycanın karbohidrogen ehtiyatlarından, Naftlanın neft kurort mərkəzindən söhbət açılır.