06 avqust 2020 10:21
368

Laşa Darsaliya: Gürcüstan bölgədə sülh və sabitliyin tərəfdarıdır

Gürcüstanın tranzit imkanlarından bir çox ölkələr istifadə edir. Ölkəmiz tranzit yüklərlə bağlı bütün beynəlxalq qaydalara riayət edir. Silah-sursatın çatdırılması qarşılıqlı razılıq əsasında həyata keçirilir.

Bu sözləri Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalia İmedi telekanalının “Xronika” verilişində söyləyib.

O deyib: “Qonşularımız Azərbaycan və Ermənistan da bu imkanlardan yararlanır. Bununla bağlı biz beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edirik. Hərbi yüklərin də daşınması ilə bağlı xüsusi qaydalar mövcuddur”.

Gürcüstanın Azərbaycan və Ermənistana münasibətdə mövqeyinin aydın olduğunu vurğulayan nazir müavini deyib: “Biz bölgədə sülh və sabitliyin tərəfdarıyıq. Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı, Ermənistanla mehriban qonşuluq münasibətləri var”. //AZƏRTAC