21 avqust 2019 22:22
1280

Kuperoz nədir?

Kuperoz üz dərisində qırmızı kapilyarlar torunun olmasıdır. Kuperoz əksər hallarda dərisi nazik, ağ və həssas olan insanlarda müşahidə olunur.

Adətən kuperoz burun və yanaqlar, bəzən alın və çənə nahiyəsində olur. Kuperoz bədən dərisində də ola bilər.

Bəzən kuperozun səbəbi hormonal pozulmalar, mədə və qara ciyərin xroniki xəstəlikləri, immunitetin zəifləməsi, güclü xroniki stress, açıq havada (küləkdə, şaxtada və s.) tez-tez olması, bəzi dəri xəstəlikləri və s. ola bilər.

Əgər sizdə kuperoza meyillilik varsa bu kimi qaydalara əməl edin:

— Tərkibində spirt, turşu olan üz üçün qullaq vasitələri, tərkibində kobud dənəciklər olan skrablar istifadə etmək olmaz. Kuperozu olan insanlar üçün xüsusi qulluq vasitələri var. Xüsusi antikuperoz vasitələr dərinin kapilyarlarını möhkəmləndirir. Belə vasitələrin tərkibində yaşıl çayın ekstraktı, rutin, üzüm çəyirdəklərinin yağı, qinko biloba və s. təbii komponentlər olur.

— Dərinin əllə təmizlənməsi, pilinq, üzün lazerlə cilalanması, vakuum təmizlənmə, bal masajı, xüsusi şotka ilə masaj əks göstərişdir. Belə dəriyə ultrasəs təmizlənmə üsulu, yumşaq pilinqlər daha uyğundur.

— Dərinin buxara verilməsi, isindirici (termik) maskalar, isindirici kompreslər kuperoza meyilli olan insanlar üçün ziyanlıdır.

— Belə insanlar hamam və saunaya getməməli, inqalyasiya etməməli, isti su ilə üzünü yumamalıdır. Üzünü ilıq və ya sərin su ilə yumaq olar.

— Fiziki gərginliklər və ağır əşyaların qaldırılması da əks-göstərişdir.

— Günün altında uzun müddət olmaq, solyariyə getmək olmaz.

— Daim çox isti, acı, ədviyyatlı qidaların, spirtli içkilərin qəbulu kuperozun artmasına səbəb olur.

— Hərarətin tez-tez kəskin növbələşməsi (çöldə soyuq hava, evdə isti) də ziyanlıdır.

— Kuperozu olan insanlar dərini daim günəşdən, küləkdən qorumalı, dərini daim nəmləndirməlidir.

— C vitamini və rutin kuperozla mübarizədə kömək edir (bu maddələr askorutin preparatının tərkibinə daxildir).

Hər bir halda müalicə üsulu həkim dermatokosmetoloq tərəfindən seçilir. Bu, kuperozun yerləşməsindən, dərinliyindən və s. amillərdən asılıdır.

Röya Rasimqızı,

“İki sahil”