21 mart 2020 17:22
634

Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Kontakt Home” da vəsait ayırıb

Cəmiyyətimiz qarşısındakı sosial öhdəliyini hər zaman dərk edən, onun ictimai-sosial rifahının yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirən “Kontakt Home” koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait ayırıb.

“Ölkə vətəndaşlarının sağlam və təhlükəsiz şəraitdə yaşamasının təmini dövlətimizin əsas prinsiplərindəndir. Bu prinsiplərin qorunması təkcə hökumətin deyil, eyni zamanda, özəl sektor nümayəndələri kimi bizim də öhdəliyimizdir. Biz bunu şirkətimizin korporativ sosial məsuliyyətinin ayrılmaz parçası kimi görürük. Bütün sahibkarları da pandemiya ilə mübarizədə Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək olmağa çağırırıq”, - deyə “Kontakt Home”un ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib.

Şirkət pandemiyaya yoluxma hallarının qarşısının alınması, müştərilərinin və əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları əsasında bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə maarifləndirmə işlərini davam etdirir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb.