14 fevral 2020 11:17
969

Koronavirus Çinin avtomobil bazarını da “vurur”

Dünyanın ən böyük avtomobil bazarı olan Çində dekabrın sonundan başlayan koronavirus epidemiyası avtomobil sahəsinə də təsirsiz ötüşmür.

AZƏRTAC Çin Avtomobil İstehsalçıları Assosiasiyasına istinadla xəbər verir ki, yanvar ayında ölkədə avtomobil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azalıb. Ötən ay Çində 1,95 milyon ədəd avtomobil satılıb. Yanvarda avtomobil istehsalı isə 24,6 faiz azalıb.

Assosiasiyanın məlumatında ötən ay sərnişin avtomobillərinin satışının 20,2, istehsalının isə 27,6 faiz azaldığı qeyd olunur. Ən çox azalma ekoloji təmiz avtomobillərin istehsalında və satışında qeydə alınıb - müvafiq olaraq 54,4 və 55,4 faiz.

Epidemiya Çində azalan avtomobil satışlarının cari ildə canlanmasına dair proqnozları da şübhə altına almağa başlayıb. Virusla əlaqədar avtomobil və ehtiyat hissələri istehsal edən müəssisələrin fəaliyyətlərinin dayanması, daxili tələbatın azalması, bəzi xarici ölkələrin Çindən idxal edilən məhsullara məhdudiyyətlər qoyması Çinin avtomobil sənayesini qarşıda çətin günlərin gözlədiyini deməyə əsas verir. Assosiasiya ilin birinci rübündə ciddi azalma gözlənilməsinə baxmayaraq, epidemiyanın nəzarət altına alınması sayəsində növbəti rüblərdə satışların çoxalacağına ümid edir.

Qeyd edək ki, 18 il ardıcıl artımın ardından son 2 ildə Çində avtomobil satışlarında azalma müşahidə olunur. 2018-ci ildə satış əvvəlki illə müqayisədə 2,8 faiz, ötən il isə 8,2 faiz azalıb.