KÖŞƏ

Nigar Orucova

Könüllülük gənclərin həyat tərzidir

20 may 2020 17:22
614

Son illərdə ölkəmizdə könüllülük bir çox sahələrə dərin nüfuz edərək ümummilli hərəkata çevrilib. Məhz könüllülük fəaliyyəti sayəsində əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə kömək edilir, uşaqlar və gənclərlə işlər aparılır, mədəni tarixi sərvətlərin qorunması təmin olunur, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın saxlanması, insan hüquq və azadlıqlarının, qanunçuluğun, sülh mədəniyyətinin, tolerantlığın təbliği həyata keçirilir.

Bu gün, yəni dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda könüllülərin fəallığı diqqətdən kənarda qalmır. Dünyanı cənginə alan COVİD-19 pandemiyasının yaratdığı çətinliklər Azərbaycan könüllülərini də virusla mübarizə siyasəti ətrafında səfərbər edib.

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin həyata keçirdiyi aksiyalar çərçivəsində könüllülər ehtiyacı olan şəxslərin həyatı üçün pandemiyanın yaratdığı təhlükənin aradan qaldırılmasına töhfə verirlər. Ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak edib. “Könüllü qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.

Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.

Azərbaycanda könüllülərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dövlətinin könüllülər hərəkatına verdiyi önəmin nəticəsidir ki, ölkə Prezidentinin Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan olunub.

Azərbaycanda könüllülük hərəkatının tətbiqi, reallaşdırılması, eyni zamanda gənclərin gələcək həyatlarının formalaşmasına, xüsusilə onların müxtəlif ixtisaslar üzrə kadr kimi yetişmələrinə təkan verir. Bu model özünün müasirliyi, kreativliyi ilə yanaşı, eyni zamanda, gənclərin sağlam mühitdə inkişafı prosesində əhəmiyyətli məqamları ehtiva etməkdədir. O da əbəs deyil ki, cənab İlham Əliyev daim gənclərin yanında olduğunu bəyan edir, onların ölkənin inkişaf və tərəqqisi üçün böyük bir güc olduğunu vurğulayır. Bu baxımdan, könüllülər hərəkatı get-gedə daha da güclənir, əhatə dairəsini genişləndirir.

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?