22 may 2020 16:02
202

"KOB könüllüləri" qoruyucu maska və əlcək paylayıblar 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Qəbələ-Oğuz “KOB Dostu” ofisinin və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyası çərçivəsində rayonda xidmət, ticarət və sənaye sahələrində fəaliyyət göstərən sahibkarlara qoruyucu maska və əlcək paylayıblar.

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədilə həyata keçirilən aksiya çərçivəsində müəssisə və ictimai iaşə obyektləri ilə yanaşı, əhalinin daha çox toplaşdığı yerlərdə vətəndaşlara da qoruyucu vasitələr təqdim edilib. Ümumilikdə aksiya zamanı indiyədək “KOB könüllüləri” və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri tərəfindən 250-yə yaxın Qəbələ sakininə qoruyucu maska və əlcək paylanılıb.

Həmçinin, könüllülər Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara əməl etməklə özlərinin və yaxınlarının sağlamlıqlarını qoruya biləcəklərini bir daha sahibkarların və vətəndaşların diqqətinə çatdırıb, onlara maarifləndirici bukletlər təqdim ediblər.

Aksiya may ayının sonuna qədər davam edəcək. Könüllülərin bu nəcib aksiyası Qəbələ sakinləri tərəfindən maraqla qarşılanıb.