19 may 2020 17:51
862

Kimyaçılardan 4 mindən çox aztəminatlı ailəyə ərzaq yardımı - FOTO

SOCAR həmrəylik, xeyirxahlıq və şəfqət, ruzi-bərəkət ayı olan  Ramazan ayı boyunca Sumqayıt şəhəri və şəhər ətrafındakı qəsəbələrdə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı aksiyası həyata keçirib. Gənc nəslin Vətənə və millətə sadiq, düzgün və sağlam, tolerant yetişməsində mühüm rol oynayan bu ayda SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin əməkdaşları Sumqayıtda 4 mindən artıq aztəminatlı ailənin qapısını döyüb, bu ailələrin hər bir üzvünün sevinməsinə səbəb olublar.

Aztəminatlı ailələrə dəstək aksiyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yeni növ koronavirusun geniş yayılmasının qarşısının alınması, eləcə də pandemiya dövründə vətəndaşların maddi ehtiyaclarının təmin olunmasına yönəlmiş tədbirlərdən biridir. SOCAR da həmişəki kimi,  keçirdiyi yardım kampaniyaları ilə dövlətimizə və xalqımıza dəstək və sadiqlik nümayiş etdirir. Bu kampaniya bu gün də davam etdirilir.

Ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada SOCAR-ın müxtəlif idarə və müəssisələri yaxından iştirak ediblər. Paytaxtın Nizami, Sabunçu, Səbail, Qaradağ, Nərimanov, Xətai, Nəsimi, Suraxanı, Binəqədi, Pirallahı rayonlarında, eləcədə Siyəzən rayonunun kənd və qəsəbələrində müxtəlif yardım kampaniyalarına qoşularaq, ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları ilə köməklik göstəriblər.

Qeyd edək ki, bir neçə gün davam edən kampaniyada 15-ə yaxın gündəlik tələbat mallarının daxil olduğu yardım paketi əsasən Sumqayıtın minlərlə veteran kimyaçısına, 65 yaşdan yuxarı tənha və kimsəsiz insanlara, Böyük Vətən müharibəsi iştirakçılarına, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə ərzaq və gündəlik tələbat mallarından ibarət yardım qutuları təqdim olunub.

Yardım edilən ailələr göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Orxan Vahidoğlu, “İki sahil”