20 yanvar 2021 19:37
312

Kimyaçı alimlər şəhidləri anıblar

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda bu elmi müəssisəsinin Gənc Alim və Mütəxəssislər Şurası və Azad Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

"İki sahil"in məlumatına görə, İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən onlayn rejimdə keçirilən tədbirdə ilk olaraq 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitut həmkarlar təşkilatının sədri, dosent Elxan İsakov bildirib ki, 1990-cı ilin Qanlı Yanvarında günahsız, əliyalın insanlara qarşı həyata keçirilən qətliam insanlığa qarşı törədilmiş ən ağır cinayət olmaqla yanaşı, ölkəmizin əsrlər boyu qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb.

Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Səbiyə Osmanova “20 Yanvar Ümumxalq Hüzn Günü” mövzusunda məruzə edib. O məruzəsində qeyd edib ki, 20 Yanvar təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.