KÖŞƏ

Ceyhun Piriyev

Kimdir müqəssir:  Əmlak sahibləri, yoxsa sığorta şirkətləri?

01 aprel 2019 10:08
2197

Adətən yanğın və fövqəladə halların baş verməsindən sonra aktuallaşan məsələlərdən biri də zərərçəkmişlərə dövlət tərəfindən kompensasiyanın ödənilib-ödənilməməsi olur. Hərçənd ki, istər daşınar, istərsə də daşınmaz əmlakların sığortalanması kompensasiya məsələsinin taleyinə aydınlıq gətirə bilər. 

Prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla bağlı müşavirədə də  bu məsələyə toxunaraq əmlakın sığortalanmasının vacibliyini vurğulayıb: “Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük”.

Sığorta eksperti Xəyal Məmmədxanlı bildirib ki,  Azərbaycanda fəaliyyət göstərən ticarət mərkəzlərini və bazarlarını sığortalamaq da mümkün deyil. Ekspert ilk növbədə fikrini  ticarət obyektlərində yanğın təhlükəsizliyinə riayət olunmaması ilə əsaslandırıb.

X.Məmmədxanlı burada digər bir problemin də orada satılan malların rəsmi uçotunun olmaması ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, rəsmi uçot olmadığından yanğın və ya başqa hadisə baş verəndə orada nə qədər malın olduğunu və qiymətini müəyyən etmək mümkün deyil.

“Atasığorta” Açıq Səhmdar Cəmiyyətinin sığorta agenti Şahin İsmayılov da sığorta şirkətlərinin ticarət obyektlərində fəaliyyət göstərən sahibkarlara məxsus malların sığortalanmasında elə də maraqlı olmadıqlarını bildirsə də, vasitəsilə mallarını sığortaladanların da olduğunu qeyd etdi: “ Türkiyədən olan sahibkarların mallarını sığortalanmasında iştirak etmişəm. Bununla da satış zalında və anbarda olan malların dəyərini hesablayıb orta qiymət  müəyyən etməklə onları sığortalamışıq. 

Ş.İsmayılov  qəzetimizə açıqlamasında bildirdi ki, yanğın baş vermiş ticarət mərkəzindəki sahibkarlara da sığorta xidməti təklif etsə də, qarşı tərəf bundan imtina edib: “Sığorta haqqı da yüksək deyil, təxminən 160-250 manat arasında dəyişir. Hərçənd ki, yanğın zamanı 50-200 min manat itirdilər”.

Sığorta agentinin sözlərinə görə, sahibkarlar ancaq daşınmaz əmlakı sığortaladırlar ki, bu, ölkə qanunvericiliyinə görə icbaridir: “Buraya obyektin özü, o cümlədən divarları, döşəməsi, tavanı, qapı və pəncərələri, elektrik və istilik sistemi aiddir. Lakin bu zaman da sahibkarlar müqavilələrdə daşınmaz əmlakın qiymətini aşağı məbləğdə göstərməklə sığorta haqqını azaltmaqda maraqlı olurlar. Nəticədə sığorta hadisəsi baş verdikdə sığorta şirkətləri tərəfindən ödənilən kompensasiya da natamam olur”.

 “Diqlas” ticarət mərkəzindəki yanğın da onu göstərdi ki, ölkədə sığortaya dırnaqarası baxan xeyli mülkiyyət sahibi var. Hansı ki, onların arasında dəyəri 25 milyon manat olan ticarət mərkəzinə sahib olanlardan tutmuş yanğın təhlükəsizliyinə cavab verməyən yerə  10-100 minlərlə manat dəyərində malını etibar edənlər var. İstisna deyil ki, digər ticarət mərkəzlərində də vəziyyət “Diqlas”dakından fərqli deyil.

Lakin bütün bunlara baxmayaraq ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin humanizm prinsipinə əsaslanması yanğından zərərçəkmişlərin məsuliyyətsizlikləri ilə baş-başa qalmalarına imkan vermədi. Belə ki, yanğınla bağlı ölkə başçısının sədrliyi ilə müşavirənin keçirilməsi və hadisənin xüsusi nəzarətə götürülməsi, yanğınla əlaqədar komissiyanın yaradılması və zərərçəkmiş sahibkarlara maddi yardım göstərilməsi barədə  Prezidentin sərəncamları  onu nümayiş etdirdi ki, dövlət ilk növbədə vətəndaşının, daha sonra isə sahibkarının yanındadır.

Bununla belə ümid edirik ki, ölkə başçısı tərəfindən göstərilən bu cür humanizm gələcəkdə bu cür hallar üçün normaya çevrilməyəcək.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...