KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Kim istefa verməlidir? Bu sualın cavabını veririk

14 oktyabr 2019 11:00
242

Oktyabrın 13-də Müsavat Partiyası qurultay keçirib. Sədr seçkisi də gerçəkləşib bu qurultayda. Əslində, bizə dəxli olmayan bir qurumun öz daxilində seçki keçirməsi qarışacağımız məsələ deyil. Lakin nəzərə alsaq ki, siyasi təhlillə məşğuluq, ictimai rəylə işləyirik, belə məsələlərə də mütləq münasibət bildirməyimiz lazımdır.

Müsavatın sədrliyinə üç namizəd vardı: Yadigar Sadıqlı, Tofiq Yaqublu və fəaliyyətdə olan sədr Arif Hacılı. Bəllidir ki, sonuncu şəxs səs çoxluğu ilə yenidən sədr seçilib. Lakin diqqətimizi çəkən bu deyil. Bizim diqqətimizi daha çox çəkən Yadigar Sadıqlının Arif Hacılının seçilməsinə verdiyi reaksiyadır. O, sosial mediada yazıb ki, “Müsavat dəyişmək istəmədi”. Onun bu qeydi istər-istəməz diqqəti uzun illər vəzifə tutan liderlərin üzərinə cəm edir.

Bəllidir ki, Azərbaycan müxalifəti Prezident İlham Əliyevi, onların fikrincə, uzun müddət vəzifədə olmaqda ittiham edir. Bu qüvvələrin fikrincə İlham Əliyev könüllü şəkildə hakimiyyəti bunlara təhvil verməliymiş. Niyə, nə səbəbdən? Bunu açıqlaya bilmirlər. Sadəcə iddia edirlər.

Bizsə düşünürük ki, Prezident İlham Əliyevin hələ daha neçə illər vəzifədə qalmasına ciddi əsaslar var. Çünki o, 2003-cü ildə bu vəzifəyə seçiləndə təhvil aldığı Azərbaycanla bugünkü Azərbaycan köklü şəkildə fərqlidir. Yaxşı mənada əlbəttə. Biz hamımız yaxşı xatırlayırıq ki, hələ o dövrə qədər ulu öndər Heydər Əliyevin yeni-yeni başlatdığı böyük inkişaf prosesində İlham Əliyev estafeti qəbul etdi, layiqincə və sürətlə, dövrə uyğun yeniləmələrlə həyata keçirdi. Nəticə də odur ki, Azərbaycan ən sürətlə inkişaf edən yeni dövlətlər sırasında öndə gedir. Bu amil onun Prezident vəzifəsində özünü təsdiq etdiyini, eyni zamanda qarşıya qoyulan yeni vəzifələri də icra edəcək gücdə olduğunu göstərir. Bu isə o deməkdir ki, İlham Əliyevin prezidentlikdən çəkilməsi üçün səbəb yoxdur. Onun bu vaxta qədər uğurla gerçəkləşdirdiyi işlər onu deməyə də əsas verir ki, bu lider hələ çox işlər görə bilər. Ona görə də onun vəzifədə qalmasını tənqid edənlər haqsızdır.

Bəs Prezident İlham Əliyevi tənqid edənlərin özləri necə? Örnək üçün, Azərbaycan Xalq Cəbhəsini bir partiya kimi qəbul edib adi bir dərnək səviyyəsinə qədər endirmiş siyasi blogger Əli Kərimli düz 19 ildir ki, bu quruma sədrlik edir. Və ən maraqlısı da odur ki, bu adam uğursuz bir liderdir. Təşkilatı onun rəhbərliyi dövründə darmadağın olub, ideoloji xəttindən sapıb, öz qurucu lideri Əbülfəz Elçibəyin düşmən dediyi qüvvələrlə açıq işbirliyi içindədir. Əli Kərimli başçılıq etdiyi dövrdə AXCP-nin sıralarında bir vaxtlar adı səs gətirənlərdən heç kim qalmayıb. İndi orada toplaşan kiçik bir qrup ya siyasətdə naşı adamlardır, ya da Əli Kərimlinin cəlb etdiyi söyüş dəstəsinin üzvləridir. Daha geniş təhlil etmədən belə qənaətə gəlirik ki, Əli Kərimli lider kimi uğursuzdur, onun başçılıq etdiyi dövrdə təşkilatı öləziyib, bu şəxsin siyasi iddialarını gerçəkləşdirməsi üçün heç bir imkanı qalmayıb. Belə bir durumda siyasi mədəniyyət qaydaları tələb edir ki, uğursuz lider istefa versin, ümumiyyətlə meydandan çəkilsin. Bu adam istefa verirmi?

Əli Kərimli nəinki istefa vermir, üstəlik, onun təşkilatına sədrlik iddiasına düşənləri gözdən salmaq, çəkindirmək üçün bütün arsenalını işə salır. Arsenal deyəndə də, onun söyüş çetesini nəzərdə tuturuq. Bu adam ən adi alternativ fikrə belə dözümsüz yanaşır, utanmadan da İlham Əliyevin hakimiyyətdə uzun müddət qalmasını tənqid edir. Halbuki bir balaca ədalət hissinə sahib olsa etiraf edər ki, İlham Əliyevin hakimiyyətini uzunömürlü edən onun lider kimi uğur üstünə uğur gətirməsidir. Əli Kərimlidən fərqli olaraq İlham Əliyevin nəinki siyasi komandası zəifləməyib, əksinə, daha da böyüyüb, genişlənib, möhkəmlənib, yeni qüvvələri öz sıralarına cəlb edib. Belə uğurlu sonucları əldə edən bir lider niyə meydandan çəkilməlidir ki? Üstəlik, hətta onun özü belə bir fikrə düşsə, arxasındakı insanlar – ona inananlar buna izn verərlərmi? Təbii ki, verməzlər.

Yazımıza Müsavat Partiyasından başlamışdıq. Yeri gəlmişkən, bu təşkilatın da rəhbərləri heç də az müddət deyil ki, vəzifə başındadır. Keçmiş sədr İsa Qəmbər 1992-ci ildən 2015-ə qədər olmaqla düz 22 il bu quruma rəhbərlik edib. Ardından da onun müavini olmuş Arif Hacılı İsa Qəmbərin dəstəyi ilə sədr seçilib. Oktyabrın 13-də keçirilmiş qurultayda da məhz İsa Qəmbərin açıq dəstəyi ilə Arif Hacılı yenidən sədr seçilib. Baxmayaraq ki, partiyanın içində alternativ iddialılar da vardı. Lakin 2015-ci ildən kölgəyə çəkilmiş İsa Qəmbər hələ də təşkilat üzərində sözünü keçirir, sədr seçkisinə təsir göstərə bilirsə, elə onun özünün faktiki sədr qaldığını da demək mümkündür. İndi bu təşkilat da Əli Kərimlinin təşkilatı kimi İlham Əliyev hakimiyyətinin uzunömürlü olmasından şikayətçidir.

Sual edirik: əgər bir lider tutduğu vəzifədə uğurludursa, ona etibar edilən işi tələb olunandan da yüksək səviyyədə həyata keçirə bilirsə, üstəlik, arxasında xalqın dəstəyi də varsa niyə istefa verməlidir? Bu özəlliklər İlham Əliyevdə var və ona görə də hakimiyyətini davam etdirməsi məntiqlidir, əsaslıdır.

Daha bir sual: illər uzunu bir quruma başçılıq edib onun iflasına səbəb olan lider vəzifəsindən ikiəlli yapışıb qalmalıdırmı? Bu sualın cavabını açıq saxlayırıq. Hər kəs düşünsün. Özəlliklə də illər öncə bir çağırışla meydanları dolduracaq qədər qüdrətli olmuş təşkilatları bu gün adi bir piketə belə səfərbər edə bilməyən qurumların üzvləri – tərəfdarları dərindən düşünsün…

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...