03 sentyabr 2019 16:45
392

Kərimlinin yalan maşını və daldalanacağı son sığınacaq

İnsanı ən çox utandıran şey yalanının üzə çıxmasıdır, hərçənd, bəzi insanlar yalanı nə qədər aşkar olsa da, utanmaq hissinin nə olduğunu bilmir. Azərbaycan müxalifəti belə insanlardan kasad deyil, xüsusilə, müxalifətin ultraradikal qanadı olmaları ilə fəxr edən AXCP sədri Əli Kərimli mütəmadi olaraq, bu vəziyyətə düşür, lakin hər şeyə rəğmən o, hər kəsin bildiyi həqiqətləri təhrif etməkdən, ictimaiyyətə öz maraqları kontekstində sırımağa çalışmaqdan çəkinmir. Çünki yalan zəiflərin daldalanacağı sığınacaq kimidir.

İctimai dəstəyi sürətlə azalan AXCP sədri də son daldalanacaq olaraq yenə yalanı seçdi. Günlərdir “silahlı fədai” iddiası ilə hakimiyyətə qarşı hücuma keçən Əli Kərimli dövlət katibi olduğu AXC-Müsavat iqtidarı dövründə mövcud olan özbaşınalığı ört-basdır etmək və “sözünün kəsərini” artırmaq üçün son 26 ildə ölkədə “üstü açılmayan cinayət işlərini” sadalayır. Və bununla sübut edir ki, ya sadaladığı cinayət işləri haqqında tədqiqat materiallarından, məhkəmə qərarlarından xəbərsiz olacaq qədər öz balaca dünyasında yaşayır və buna rəğmən, ölkənin gündəmindən bəhs etməyə cəhd göstərir, ya da son daldalanacağı yer yalandan başqa bir şey deyil.

Öz balaca dünyasında yaşayan bu adamın “üstü açılmadığını” iddia etdiyi cinayət hadisələrini bir-bir yada salanda onun yalan üzərində qurduğu siyasi mahiyyəti də ortaya çıxır.

Hacı Məmmədov işi: 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin (Dövlət Təhlükəsizlik Xidməti) keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində cinayətkar dəstə ifşa olundu. Bu dəstənin cinayət əməlləri haqqında aparılan istintaq işi, eləcə də məhkəmə prosesi ilə bağlı ictimaiyyətə detallı məlumatlar verilirdi. Hətta Əli Kərimlinin rəhbəri olduğu “Azadlıq” qəzeti həftəlik “Qara kəmər əməliyyatı” adlı xüsusi buraxılış dərc edirdi və həmin buraxılışda məhkəmə prosesi ətraflı şəkildə işıqlandırılırdı. Məhkəmənin sonunda Hacı Məmmədov və dəstəsinin üzvləri qanunla məsuliyyətə cəlb olundular. Məhkəmənin qərarı da “Azadlıq” qəzeti və qəzetin xüsusi buraxılışında ətraflı işıqlandırılmışdı. İndi Əli Kərimli iddia edir ki, Hacı Məmmədov işi açılmayıb. O zaman bu adam ya sahibi olduğu qəzeti oxumur, ya da ictimaiyyətə yaxşı məlum olan hadisələri “Youtube”də bir neçə dəqiqəlik çıxışı naminə təhrif etməkdən çəkinmir.

Ziya Bünyadovun qətli: Müstəqil Azərbaycan tarixinin ən sensasiyalı hadisələrindən olan bu qətlin təfərrüatları da ictimaiyyətə məlumdur. Qətllə bağlı hərtərəfli istintaq işi aparılıb və qətlin icraçıları məhkəmənin qərarı ilə həbs olunub. Cinayəti törədən Nizami Nağıyev hazırda həbsxanadadır. Əli Kərimliyə tövsiyə edərdik ki, “Yeni Müsavat” qəzetinin 31 yanvar 2018-ci il sayında N.Nağıyevin atası, Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı Adil Nağıyevin müsahibəsinə baxsın. “Yeni Müsavatı” oxumaq istəmirsə, həmin müsahibənin yayımlandığı öz qəzetinə - “Azadlıq”a nəzər salsın. Buna da inanmırsa, o zaman, yenə “Yeni Müsavat” qəzetinin 20 fevral 2018-ci il sayında Nizami Nağıyevin hər şeyi etiraf etdiyi müsahibəsini oxusun. N.Nağıyev etiraf edir ki, qətli məhz “Hizbullah”ın əmri ilə həyata keçiriblər və bütün bu faktlar vaxtında istintaq tərəfindən ortaya çıxarılıb, məhkəmə hökmü verilib. Ziya Bünyadovun qətlinin açılmaması iddiası ilə ittihamlar irəli sürən AXCP sədri faktları təhrif etmək əvəzinə, Bünyadov kimi bir ziyalının ölüm fərmanını verən “Hizbullah”ın idealogiyasını Azərbaycanda yaymağa çalışan və dövlətə qarşı silahlı təxribat törədən qruplaşma üzvlərini “vicdan məhbusu” adlandırmasının, onları alovlu müdafiə etməsinin və rəhbərlik etdiyi partiyanın məhz “Hizbullah” idealogiyasının ruporu rolunu üstlənməsinin hesabatını verməlidir.

Etibar Erkinin qətli: Xalq Biliciləri və Ekstrasensləri İttifaqının, Parapsixoligiya və İlahiyyat İnstitutunun yaradıcısı, ekstrasens Etibar Erkin (Məmmədəliyev) və iki oğlunun qətlini “Ceyşullah” qruplaşması həyata keçirmişdi. Əli Kərimlinin “Azadlıq” qəzeti bu cinayət işi ilə bağlı məhkəmə prosesindən silsilə reportajlar verirdi. Əli Kərimli həm yiyəsi, həm də gizli müxbiri olduğu qəzetin yazdıqlarını unudubmu?! Xeyr, sadəcə o qədər bəsit adamdır ki, ictimaiyyəti aldada biləcəyini hesab edir.

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı dedikləri də bəsitliyindən xəbər verir. Məişət zəminində baş vermiş bu cinayət işi ölkə rəhbərliyi tərəfindən nəzarətə götürülüb və cinayət əməlinə görə konkret şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Neft Akademiyasındakı qətlləri hakimiyyətlə əlaqələndirmək qədər təhrifə əl atmaq isə Əli Kərimlinin bəsit müxalifətçilik kimliyini ortaya çıxardı.

Asif Nərimanlı