23 sentyabr 2019 12:27
221

Kərbəlaya ağlayanların xaçpərəstliyi, yaxud hedonistlərin kirşanlı maskası - FOTO

Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atasının ailəsinə qarşı etdiyi zorakılığı və AXCP sədri Əli Kərimlinin bunu bilə-bilə müavininə haqq qazandırması haqda açıqladığı faktlar illərdir başqalarını zorakılıqda ittiham edən, insan haqları, söz azadlığından danışanların üzlərinə ustalıqla düzəldilmiş ənlik-kirşanlı maska taxdığını bir daha sübut etdi.

Və bu adamlar, özlərindən zəif olan zərif cinsin nümayəndələrinə əl qaldıranlar Azərbaycanda “azad cəmiyyət” quracaqlarını vəd edirlər.

Öz ailələrində normal idarəçiliyi bacara bilməyənlər bu ölkəni idarə etməyə iddia edirlər.

Milli dəyərləri, xalqın tarixi ənənələrini, inanclarını özlərinin siyasi maraqları naminə istismar etməyə cəhd göstərirlər.

Düşən maskaları altında diqqətçəkən əsas detallardan biri də Əli Kərimli və dəstəsinin inanclı kəsimin dəstəyini almaq üçün çıxardığı şəbihdir. Selcan Yağmurun atasının iddialarını təkzib etdiyi videogörüntüsündə bu şəbih çılpaqlığı ilə ortaya çıxdı.

S.Yağmurun məlum açıqlamasından sonra F.Qəhrəmanlı əvvəlcə qızının profilinin oğurlandığını iddia etdi, bu yalan baş tutmayanda ailədaxili problemlərinin 4-5 il öncəyə aid olduğu fikrini ortaya atdı. Lakin S.Yağmur sosial şəbəkə hesabında canlı yayıma çıxaraq, atasının bu iddialarını təkzib etdi. Videogörüntülərdə F.Qəhrəmanlının qızının boynundan xaç asdığı görünürdü, hətta bu detal sosial şəbəkə istifadəçilərinin də diqqətindən yayınmadı.

S.Yağmurun dini əqidəsi və boynundan xaç açması onun şəxsi seçimidir. Azərbaycanın tolerantlıq mühitində hər kəsin dini əqidəsinə hörmətlə yanaşılıb, etiqad azadlığı təmin olunub.

Burada əsas məsələ S.Yağmurun xaç taxması yox, (artıq imtina etdiyi) atası Fuad Qəhrəmanlının insanlara Kərbəla müsibəti haqda moizə oxuması, İmam Hüseyn üsyanına çağırmasıdır.

2015-ci ildə Nardaran hadisələri zamanı F.Qəhrəmanlı Əli Kərimlinin tapşırığına əsasən ölkədə konstitusiya quruluşu dəyişməyə cəhd edənlərin müdafiəsinə qalxır və yazırdı: “Yezidin yanında durub İmam Hüseyn üçün ağlayan azərbaycanlılar. Gerçək imam Hüseyn aşiqisinizsə, o zaman niyə bu gün susursunuz. Zaman nisbidir, yüz illər öncə haqq uğrunda mübarizə aparmaqdan qorxan zehniyyəti daşıyanlar, o zaman İmam Hüseyni meydanda Yezidin qarşısında tək buraxdılar, bu gün də Yezidin əməllərini davam etdirən hakimiyyətin qarşısında mübarizə aparanları tək buraxırlar. İl boyu haqqın qətl edilməsinə, insanlığın alçaldılmasına, yalanın, haramın hökm etməsinə, ədalətin tapdanmasına susucaqsınız, sonra da Aşura günü ağlamaqla, baş-gözünüzə döyməklə özünüzü İmam Hüseynin ardıcılları sayacaqsınız? Bu cür olmaqla ancaq İmam Hüseyni meydanda arxasız, köməksiz buraxmış kufəlilərə bənzəmək olar. Yezidin əməllərinə etinasız qalıb, İmam Hüseyn üçün göz yaşları axıtmaq dindarlıq deyil, riyakarlıqdır. Niyə Yezidin əməllərinin, düşüncəsinin bu ölkədə hökm etməsi qarşısında səsinizi çıxarmırsınız? Hardadır İmam Hüseyn üçün ağlayıb yezidi lənətləyənlər?”.

Dövlət əleyhinə təhdid çağırışlarına görə məsuliyyətə cəlb olunan F.Qəhrəmanlı həbsdən çıxandan sonra da “dini moizələri”ni davam etdirdi və bir az da irəli gedərək, “Hizbullah” ideologiyasına söykənən fikirlər irəli sürməyə başladı.

“Bizim müqəddəs dinimizdə də Allah neytrallıq qoymur. Deyir ya Allahın firqəsisən, ya şeytanın firqəsisən. Bu gün cəmiyyətimizdə də bu məsələ açıq qoyulub. Ya haqqın tərəfindəsən, ya şeytanın tərəfindəsən” – F.Qəhrəmanlı deyirdi.

Bu fikirlər “Hizbullah”ın adını götürdüyü və özünü “Allahın ordusu” adlandırmasının mənbəyi olan Maidə surəsinin 56-cı ayəsinə istinaddır. Ayədə deyilir: “Allaha, Peyğəmbərə və möminlərə iman gətirənlər (bilsinlər ki) şübhəsiz onlar Allahın hizbidir (camaat). Qalib gələcək olanlar onlardır”.

Cəmiyyətə “Hizbullah” ideologiyasını təlqin edən, insanları “İmam Hüseyn eşqinə” üsyana dəvət edən adam küçədə insan azadlığından danışıb, evində qadınlara qarşı zorakılıq etdiyi kimi, inanclı insanların önündə Kərbəla müsibətinə ağladığı halda övladlarını xaçpərəst kimi böyüdürmüş.

Bu, təkcə ikiüzlülük, saxtakarlıq, siyasi oyunbazlıq deyil, bu həm də onların heç bir dəyərə inanmadıqlarının sübutudur. İmam Hüseyndən danışan Qəhrəmanlı xaçpərəst yetişdirir, humanizmdən, azadlıqdan dəm vuran Əli Kərimli zorakılığa haqq qazandırır, əsas işi yeni “söyüş və təhqir” ixtira etmək olan trol dəstəsi ilə həqiqəti açıqladığı üçün Qəhrəmanlının qızına ən ağır formada hücumlar edir. Bunların inandığı hansısa dəyər varmı?!

Onlar üçün yeganə dəyər həzdir, həyatda da, siyasi fəaliyyətdə də hedonizmə – həzz hissinin ali məqsəd olması təliminə inanırlar, Cəmili də, Əlisi də, Vəlisi də...

Asif Nərimanlı