08 noyabr 2019 11:31
110

Kənd təsərrüfatı sahəsində təlimlər başlayıb

Aqrar Kredit və İnkişaf Agentliyinin Dünya Bankı və Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə birgə həyata keçirilən layihəsi çərçivəsində beynəlxalq ekspert Arne Hede ölkəmizdə səfərdədir.  

"İki sahil" xəbər verir ki, səfər çərçivəsində Arne Hede Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, eləcə də Əkinçilik Elmi-Tədqqiat İnstitutunun direktoru Cavanşir Təlai ilə görüşüb. Görüşlərdə  institutun Qobustan, Şəki, Tərtər təcrübə stansiyalarında sahə baxışının nəticələri və elmi əməkdaşlıqla bağlı söhbət aparılıb.

Daha sonra isə üç günlük təlimə start verilib. C.Təlai bildirib ki, ilk dəfə olaraq 2003-cü ildə Arne Hede akademik Cəlal Əliyev tərəfindən peşəkar seleksiyaçı kimi dəvət olunub. Üç gün ərzində keçiriləcək təlimlərdə Arne Hede ənənəvi seleksiya əsasında qurulmalı olan müasir seleksiya, müasir yanaşma metodları, müasir tələblərə cavab verəcək tədqiqat işlərinin istiqaməti, beynəlxalq təcrübələr  haqqında fikirlərini bölüşəcək.

Beynəlxalq ekspert Arne Hede “Müasir bitki seleksiyası iqlim dəyişkənliyi kontekstində” mövzusunda təqdimatla cıxış edib. Təqdimatda bitki seleksiyasının əhəmiyyəti, məhsuldarlığın artırılması yolları, bitki seleksiyasının iqlim dəyişikliyinə uyğunlaşdırılması, Azərbaycanda iqlim dəyişikliyi və kənd təsərrüfatı, XXI əsrdə iqlim dəyişkənliyi proqnozları üzrə geniş məlumatlar verib. Bitki seleksiyasının iqlim dəyişkənliyinin nəticələrinin yüngülləşdirilməsində və adaptasiya olunmasında mühüm əhəmiyyət kəsb edəcəyi diqqətə çatdırılıb.

Təlim müddətində fərqli fikirlər üzrə diskussiyalar aparılıb, iştirakçıların sualları cavablandırılıb. Təlimdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları iştirak  edirlər.