31 yanvar 2020 10:41
1175

İyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz

“İslahatların alternativi yoxdur” söyləyən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatlar vətəndaş məmnunluğunu artırmaqla yanaşı, ölkədə sabitliyin təminatçısı olan xalq-iqtidar birliyini daha da möhkəmləndirir

Dövlətimizin başçısı  İlham Əliyev Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında moderatorun “Hökuməti yeniləməyinizi müşahidə etmək mənim üçün maraqlı idi. Siz gənc texnokratları sıralarınıza cəlb etmisiniz” fikrinə dövlətimizin başçısı İlham Əliyevin cavabını qeyd etmək istərdik. “Bəli, tamamilə doğrudur, hökumət dəyişdi.  Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz” söyləyən ölkə Prezidenti bildirmişdir ki, ölkəmizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaq.

Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.

Azərbaycan ilk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə mühüm uğurlara imza atıb. Ölkənin idarə olunmasında  əhəmiyyətli rol oynayan qanunların qəbulu və zamanın tələbinə uyğun təkmilləşdirilməsi də bu tərkibdəndir.  Ulu öndər Heydər Əliyev bildirmişdir ki, hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi, siyasi, sosial islahatları həyata keçirmək məsələləri durur. Azərbaycanı keçmiş sosialist ictimai-siyasi, iqtisadi sistemindən yeni sistemə keçirmək prosesi uğurla həyata keçirildi və  buna  nail olduq.  Azərbaycan xalqı bunların nəticəsində öz müstəqil ölkəsində tam azadlığa çıxıb.

Demokratiyanı şərtləndirən əsas amillərdən biri kimi sabitliyin və qanunun aliliyinin ölkəmizdə yüksək səviyyədə təmin olunması Azərbaycanın iqtisadi tərəqqisinə geniş yol açır. Belə ki, ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı daha da artdı. Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi bugünkü uğurlarımızı şərtləndirdi. Neft  gəlirlərinin idarə olunmasında şəffaflığın təmin edilməsi, ədalət prinsipinin qorunması ölkəmizin hərtərəfli inkişafına xidmət edən  sosial-iqtisadi layihələrin uğurlu icrasına yol açdı. Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən cənab  İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini önə çəkərək, bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarını təsdiqlədi və uğurlu icrası həyata keçirildi. Ötən  ilin əvvəlində dördüncü Dövlət Proqramı təsdiqlənərək icrasına başlanıldı. Dövlət proqramlarında,  regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafını, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, investisiya qoyuluşunun artmasını, yeni müəssisələrin, iş yerlərinin açılmasını və  əhalinin məşğulluğunun artırılmasını, yoxsulluq səviyyəsinin azaldılmasını təmin etdi. İqtisadi islahatların əsas istiqamətlərindən  birinin qeyri-neft sektorunun inkişafının, enerji sektorundan asılılığın minimuma endirilməsinin olduğunu nəzərə alsaq, IV Dövlət Proqramının icrası nəticəsində   ötən ildə 90 mindən artıq yeni iş yeri açılıb.  Yeni iş yerlərinin bir hissəsi regionlarda açılan çoxsaylı istehsal, emal, sənaye, xidmət və sosial obyektlərin payına düşür. Sahibkarlığın inkişafı istehsalın artımı ilə bərabər, həm də yeni iş yerləri deməkdir. Buna görə də dövlət regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlarda bölgələrdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Belə hal həm iqtisadi inkişafı, həm də əhalinin sosial müdafiəsini stimullaşdırır.

Uğurlara yol açan düşünülmüş və məqsədyönlü  siyasət,  ayrı-ayrı sahələri əhatə edən  Dövlət proqramları, ənənəyə uyğun olaraq   hər ilin bir sahənin adı ilə bağlanması və bu istiqamətdə təkmil islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, reytinq agentliklərinin hesabatlarında da liderliyini qorumasını şərtləndirir.  İnkişaf modeli dünyaya nümunə göstərilən Azərbaycana bu gün hansı tərəfdən baxsaq təkmilləşməni, yeniləşməni görərik. İdarəetmə sistemində təkmilləşmə, kadr hazırlığı, dövlətimizin gəncləşmə siyasəti yeni-yeni hədəflərin gerçəkləşməsini təmin edir.  Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz artıq reallıqdır. Kadrlarla yanaşı, strukturların da yenilənməsi, təkmilləşməsi Prezident Administrasiyanın həm də cəmiyyətin bütün zümrələri ilə Prezident arasında etibarlı, səmimi, effektiv körpü kimi fəaliyyət göstərəcəyinə əminlik yaradır. 2020-ci ilə təkmil islahatlarla, yeni hədəflərlə  qədəm qoyduq.  

Zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünə dəstəyin bariz nümunəsi olaraq cənab İlham Əliyevin Sərəncamı əsasında fevralın 9-na növbədənkənar parlament seçkilərinin təyin edilməsi  müasir çağırışlara adekvat parlamentin formalaşmasını sürətləndirir və islahatlar prosesinin davamına yeni impuls verir. Təhlillərdə qeyd olunduğu kimi, hakimiyyətin digər qolları kimi, qanunvericilik orqanının da fəaliyyəti həm Azərbaycanın bugünkü inkişaf səviyyəsinə, həm də müasir dövrün çağırışları və qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə adekvat olmalıdır.

İcra, hüquq və  qanunvericilik orqanlarında həyata keçirilən təkmilləşmə, yeniləşmə  qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə yönəlib. Təsdiq olunmuş struktur müasir dövrün çağırışlarına uyğun yeni istiqamətləri və fəaliyyət sferalarını nəzərdə tutur. Prezident Administrasiyasının yeni strukturu səmərəli idarəçiliyi, qərarların çevik qəbulunu və onların icrasına nəzarətin gücləndirilməsini təmin edəcək. Qanunverici orqanda təkmilləşmə, yeniləşmə cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımızın dövrün, zamanın tələblərinə uyğunlaşdırılmasını stimullaşdıracaq. 

Atılan hər bir addım iqtisadi tərəqqini, güclü sosial siyasəti təmin etməklə yanaşı, vətəndaş məmnunluğunu daha da artırır. Bu isə öz növbəsində ölkəmizdə sabitliyin təminatçısı kimi dəyərləndirilən xalq-iqtidar birliyini daha da möhkəmləndirir.

Azərbaycanın bugünkü uğurlarına baxış fonunda bu reallığı böyük inam və fəxrlə qeyd edə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, imzaladığı biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar  10-20 il sonrakı Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi mənzərəsini formalaşdırır. Göründüyü kimi, dövlətimizin başçısının  gələcəyə baxış konsepsiyası  çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür. Malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması istiqamətində ciddi səylər göstərən Azərbaycan  “Yeni əsrin  müqaviləsi”ni 2050-ci ilədək uzatmaqla,  qlobal tranzit marşrutlarını bir neçə onillik sonrakı geoiqtisadi və geosiyasi reallıqlara  uyğunlaşdırdı. Bir sözlə, dövlətimizin başçısı İlham Əliyevin   bu gün qəbul etdiyi qərarlar daha çox sabahımız, gələcəyimiz  üçündür. Bu baxımdan cənab İlham Əliyevin həyata keçirdiyi  gəncləşmə siyasəti ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır, gənclərimizin daha səylə çalışmalarına, öz potensial imkanlarını ortaya qoymalarına stimul verir. Bu etimadı göstərməklə ölkə Prezidenti məlum sərəncamları ilə   yalnız sabahın peşəkar idarəçilərini formalaşdırmır, eyni zamanda, dövrün,  zamanın müasirliklə, yeniliklə, təkmilləşmə ilə  bağlı çağırışlarını yüksək səviyyədə cavablandırır.  Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında uğurlarla yanaşı, problemlərin də qabardılmasını qarşıya mühüm tələb kimi qoyur.

Ümumi təhlil əsasında qeyd edə bilərik ki,  yüksək biliyə, savada, dünyagörüşünə, vətənpərvərlik hissələrinə malik olan Azərbaycan gəncliyi öz potensial imkanlarından səmərəli istifadə etməklə ölkəmizin davamlı inkişafına dəstək vermək imkanındadır. Cənab İlham Əliyev bələdiyyələrdə, parlamentdə, dövlət idarəçiliyində gənclərin irəli çəkilməsini, təmsilçilik faizlərinin artırılmasını qarşıya qoymaqla bu imkanları daha da genişləndirir. Alternativi olmayan islahatlar prosesinin dərinləşməsi fonunda  müstəqil Azərbaycanımızın gələcəyini daha aydın görür, ən əsası  beynəlxalq maliyyə qurumlarının hesabatlarında  ən islahatçı ölkə kimi  möhkəmlənən mövqeyinə hər an yeni əlavələr edir.

Yeganə Əliyeva, “İki sahil”