18 iyul 2019 20:51
324

İxtisas seçimi: abituriyent və valideynlərin həyəcanlı anları

Düzgün qərar vermək üçün hansı qaydalara əməl etməli?

Bir neçə gündən sonra ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminə start veriləcək. Abituriyentləri  və valideynləri narahat edən məsələlərdən biri də ixtisaslar üzrə formalaşacaq keçid balları ilə əlaqədardır.

İxtisas seçimi zamanı diqqət edilməli məqamlar:

  • cari ilin müsabiqə vəziyyətinin reallıqları yəni, ixtisaslar üzrə plan yerləri;
  • imtahan nəticələrinin bal intervalları üzrə paylanması;
  • və fərdi imtahan göstəricilərinin  bu sıradakı yeri.

İxtisas seçmək hüququnu əldə edən şəxslər imtahan verdiyi ixtisas qrupuna  uyğun  olaraq 15-ə qədər ixtisas kodunu qeyd edə bilərlər. Bütün bu proseslər isə onlayn şəkildə internet vasitəsilə aparılır.

Abituriyentlər üçün Azərbaycan və rus bölmələri üzrə, dövlət sifarişli və ödənişli əsaslı Ali məktəblər təqdim edir. Dövlət sifarişini qazanan tələbələr ali təhsil müəəsisələrində dövlət vəsaiti hesabına təhsil alır. Bu proqram həm dövlət, həm də özəl təhsil müəssisələri tərəfindən təqdim oluna bilər. Abituriyentlər seçim etdikdən sonra onu dəqiqləşdirib təsdiq etməlidirlər.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “İki sahil”ə açıqlamasında bildirdi ki, ali məktəbə qəbul olunmaq üçün yetərincə bal yığmaq kifayət etmir, düzgün ixtisas seçimi bu məqamda mühüm rol oynayır: “Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi statistik məlumatlara və abituriyent jurnalına istinad etmək, ciddi şəkildə baxmaq lazımdır. Yoxsa yüksək bal toplamış abituriyentlər belə tələbə adını qazanmaqdan mərhum ola bilər. Xüsusi ilə abituriyentlər plan yerlərini və imtahan iştirakçıların topladığı balı əvvəlki illərlə müqayisə etməlidirlər”.

Ekspert cari təhsil ilinin müəyyənləşdirilmiş plan yerlərinin sayında əhəmiyyətli dərəcədə artım olduğunu qeyd etdi: “2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas qruplarına plan yerləri  I ixtisas qrupunda həm Azərbaycan, həm də rus bölmələri üzrə ümumilikdə 15031, II ixtisas qrupunda 14241, III ixtisas qrupunda isə 11271, IV ixtisas qrupu Azərbaycan bölməsi 3615 plan yeri ayrılıb. Ötən illə müqayisədə bu il I qrupda ümumilikdə 556, III qrupda 670, IV qrupda isə 300 yer artıb. Digər qruplardan fərqli olaraq II qrupda 154 plan yeri azalıb. Valideynlər də övladlarının seçəcəyi ixtisasla bağlı hansı sosial problemlərin yaranacağını qabaqcadan nəzərə almalıdırlar. Ödənişlidirsə, ödəniş haqqını verə biləcəkmi? Hansı ali məktəb daha yaxşı kadr yetişdirəcək? Xarici ölkədə, yoxsa burda təhsil almaq istəyəcək? Bunlarla yanaşı abituriyent həm universitet şəraitini, universitetdəki mühiti, tələbə-müəllim münasibətlərini də nəzərə almalıdır. Digər əsas amillərdən biri abituriyentin seçəcəyi ixtisas üzrə gələcəkdə iş tapa bilməsidir. Gənc özünə və getdiyi yola inanmalıdır. Özünü ruhlandırmalıdır ki, mən hədəfə çatacağam, mütəxəssis olacağam, öz yaxşı qabiliyyətimlə iş tapa biləcəyəm. Azərbaycanda 65 faiz ailə öz övladına ixtisas seçimində nələrisə təlqin etməyə çalışır. Valideynlər onları arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Belə halda isə övladlarının əvəzinə seçimi valideynlər etmiş olur. Valideynlərin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almırlar. Doğrudur, hər bir valideyn övladının uğur qazanmasını istər. Amma hərdən övladın fikrinə də hörmət etmək valideynin borcudur. Bu sadalanan məsələlər dəqiq nəzərə alınarsa, sonradan peşmançılıq olmaz”.

Ekspert onu da əlavə etdi ki, ixtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır: “Yüksək bal toplayan tələbələrdə ixtisas seçimi çətinlik yaratmır. Yəni, onlar hansı ixtisası öz potensiallarına uyğun hesab edib seçirlərsə, həmin ixtisasa da qəbul olmaq ehtimalları çox olur. 600 və 700 bal toplayan abituriyentlər hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə, buna asanlıqla yiyələnə bilirlər. Ballar aşağı düşdükcə isə heç şübhəsiz abituriyentlər ciddi seçim qarşısında qalırlar. Əsasən 300-400 bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa-olsun universitetə qəbul olmaq olur. Abituriyentin balı aşağı düşdükcə seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır və bu ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir. Təhsil ekspertinin sözlərinə görə, abituriyent 15 ixtisas seçimindən ilk ikisini topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır”.

Abituriyentin ixtisas seçərkən kodlaşdırmada səhv etmək şansı yoxdur. Çünki səhv olan zaman proqram avtomatik olaraq abituriyentə yanlış olması ilə bağlı məlumat verir. Abituriyentə yalnız informasiyaları düzgün təhlil etmək və balına uyğun olaraq ixtisası müəyyənləşdirmək qalır.

Sonda onu da qeyd edək ki, ixtisas seçimi qəbul dövründə ən mühüm mərhələlərdən biridir. Nəticələr elan olunduqdan sonra “Qəbul imtahanından kifayət qədər bal toplamışdım. İnanırdım ki, bu balla istədiyim universitetə daxil ola bilərəm. Lakin ixtisas seçimini düzgün etmədiyimə görə, arzuma çata bilmədim” kimi cümlələr qurmamaq üçü bütün bu məqamlara xüsusi olaraq diqqət etmək lazımdır. Önəmli olansa seçəcəyimiz peşəni sevmək, işimizin dəyərini anlamaq və peşəyə sadiqlikdir.

Yaqut Ağaşahqızı, “İki sahil”