16 may 2019 11:07
707

IV sənaye inqilabı: kiçik sahibkarlığı nələr gözləyir?

Dünyada hər bir ölkədə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi prioritetlərdən sayılır. Bu məqsədlə özünəməxsus münbit ekosistemin yaradılması istiqamətində çoxlu işlər görülür, layihələr hazırlanır və sair. Cənab Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamlarına uyğun olaraq Azərbaycanda da bu istiqamətdə bir sıra böyük layihələr həyata keçirilir, uğurlar əldə olunur.

Şübhəsiz ki, kiçik və orta sahibkarlıq subyekləri ölkə iqtisadiyyatının inkişafında cox böyük əhəmiyyətə malikdir. İşsizliyə qarşı mübarizədə və innovasiyaların tətbiqində bu biznes sahəsinin rolu danılmazdır. Etiraf etməliyik ki, bu gün dünyada yeni sənaye inqilabı baş verir və burada ən önə çıxan sahələrdən biri də kiçik sahibkarlıq və eləcə də sosial biznesdir. Ümumiyyətlə, sosial biznes və IV sənaye inqilabı nədir, kiçik və orta sahibkarlığın inkişafında rolu nə dərəcədədir?

Bu sahənin mövcudluğu işsizliyin aradan tam qaldırılması baxımından hər bir ölkə üçün çox vacib amildir. Təsadüfi deyil ki, bu gün Amerika Birləşmiş Ştatlarında əmək fəaliyyəti  ilə məşğul olanların təxminən 90%-i kiçik biznes subyektlərində çalışır. Həmçinin tədqiqatlar göstərir ki, iqtisadi böhranlar zamanı digər sahibkarlıq subyektlərindən fərqli olaraq ilk işə götürənlər də elə kiçik biznes müəssisələridir. Kiçik sahibkarlığın inkişafı üçün bir neçə komponentdən ibarət münbit sahibkarlıq  sisteminin  mövcudluğu  önəmlidir. Bu komponentlərə uyğun mövcüd  bazara  çıxışın  olması, ölkədə  insan  kapitalının  mövcudluğu, maliyyə resurslarının olması, mentor və dəstək sisteminin təmin edilməsi, dövlət  dəstəyi və müvafiq qanunların  mövcudluğu, təhsil və treyninqlər,  universitetlərin bu işləri həyata keçirmək üçün katalizator rolunu  oynama imkanları, sahibkarlıq mədəniyyəti və ya sahibkarlığın  fəaliyyətinin milli  mədəniyyətdə dəstəklənməsi kimi amillər daxildir.

İnternetin kəşfi və istifadəsi ilə başlayan məlumatların sürətlə yayılması və paylaşılması prosesi texnologiyanın inkişafı ilə yanaşı, insanların sosial və iqtisadi həyatını da yenidən şəkilləndirməyə başladı. Bunun nəticəsi olaraq III sənaye inqilabından IV sənaye inqilabına keçid səssiz bir şəkildə baş verdi. Aparılan araşdırmalar  2017-2022-ci illərdə dünyada internetlə bağlı sistemlərin 15% artacağını və sensor texnologiyasının inkişafı nəticəsində ağıllı infrastrukturun genişlənərək şəhərlərin pərakəndə sektorunda ağıllı evlərin, ictimai nəqliyyat, səhiyyə, təhlükəsizlik və kənd təsərrüfatından tutmuş bir sıra sektorlara tətbiqinin genişlənəcəyini söyləməyə əsas verir.  Bu müddət ərzində internetə bağlı cihazların sayının 30 milyarda çatacağı və bunun da dünya iqtisadiyyatına 3-6 trilyon dollar əlavə dəyər verəcəyi proqnozlaşdırılır.

IV sənaye inqilabı iqtisadiyyatda və biznes həyatında bir sıra dəyişikliyə əsas olacaq. Bu dəyişikliklərin çox müsbət cəhətləri mövcuddur. Bunlardan ən əsası sahibkarlığın sürətlə inkişafı, kiçik və orta biznes sahələrinin genişlənməsi, araşdırma və inkişaf sahələrinin dərinləşməsi, “home office”lərin sayının və qadınların iş həyatında rolunun artması, innovasiya sahəsində çalışanların çoxalması və digər aspektləri qeyd etmək olar. IV sənaye inqilabı nəticəsində sahibkarlıq fəaliyyətinin genişlənməsi və yeni bizneslər üçün şərait yaranması ilə yanaşı, bir sıra sektorda avtomatlaşdırma və yeni texnologiyaların tətbiqində dolayı insan əməyinin maşınlarla əvəzlənmə prosesi də gedəcək. Belə ki, bəzi araşdırmalara görə, gələcəkdə təxminən insan əməyinin 47%-i maşınlarla əvəz olunacaq. Bunun nəticəsində inkişaf etmiş ölkələrdə işlərini itirənlər yeni bilik və bacarıqlar əldə etməklə əmək bazarında özlərinə müvafiq iş tapa biləcəklər. Lakin inkişaf etməkdə olan ölkələrdə bu prosesin nə qədər uğurlu olacağı ən çox müzakirə olunan məsələlərdən biri kimi qalmaqdadır. Belə ki, araşdırmalara əsasən inkişaf etməkdə olan və nisbətən kasıb ölkələrdə olan işçilərin yeni bilik və bacarıqları əldə etməsi və bir sektordan digər sektora keçmə prosesi inkişaf etmiş ölkələrdən daha uzun zaman alacaq. Bu səbəbdən yarana biləcək işsizliyin əngəllənməsi və azaldılması yollarından biri də sosial biznes konseptinin daha da dəstəklənməsi və inkişaf etdirilməsi hesab olunur. Çünki bugünədək sosial biznes cəmiyyətin yoxsul təbəqəsinin işlə təmin olunmasında, onların sosial rifahının və yaşam standartlarının yaxşılaşdırılmasında özünü döğrultmuş bir konseptdir.

Bu biznesi digərlərindən fərqləndirən əsas əlamət onun cəmiyyətin hər hansı bir sosial probleminin həllinə yönəlməsi və qoyulan investisiyanın geri götürülməsi, həmçinin şəxsi investorun cüzi miqdarda mənfəətin əldə olunmasından başqa özəl marağının olmamasıdır. Sosial biznesin uğuru əldə olunacaq gəlirin səviyyəsi ilə deyil, onun cəmiyyətə və ətraf mühitə olan təsiri ilə müəyyən olunur. Sosial biznesi xeyriyyəçilikdən fərqləndirən əsas cəhət qoyulan pulun investora geri dönmə faktıdır. Sözügedən biznes konseptini yaradan Muhammad Yunus onun iki növünü qeyd edir. Bunlardan biri sırf sosial problemin həllinə yönələn biznes fəaliyyətinin qurulması, ikincisi isə əhalinin aztəminatlı hissəsinə uğurlu biznes qurulmasında köməklik göstərilməsi və bu biznesin nəticəsində investorun da birbaşa və ya dolayı yolla gəlir əldə etmə imkanının saxlanmasından ibarətdir. Hər iki halda cəmiyyətdə əhalinin aztəminatlı təbəqəsi sosial imkanlar əldə etməklə yanaşı, investorlar da qoyduğu investisiyanı geri götürür. Hal-hazırda dünyada yoxsul əhalinin çoxluq təşkil etdiyi ölkələrlə yanaşı, inkişaf etməkdə olan ölklərin də aztəminatlı qisminin sosial problemlərinin aradan qaldırılmasında və işlə təmin olunmasında sosial biznes uğurla tətbiq olunmaqdadır. Eyni zamanda internet və kommunikasiya texnologiyalarının inkişafı nəticəsində dövlət və qeyri-dövlət sektorunda bir sıra yeni xidmət sahələri yaranacaq ki, bu da əksər hallarda kiçik və böyük sahibkarlıq müəssisələri tərəfindən həyata keçirilə biləcək. Qərb dünyasında sosial biznesin inkişaf tempinə baxdığımız zaman məlum olur ki, texnoloji yeniliklər nəticəsində dövlət və qeyri-dövlət sektorunda fəaliyyət göstərən və sosial bizneslə məşğul olan sahibkarlıq fəlaiyyəti artmaqdadır.

Qeyd etmək lazımdır ki, IV sənaye inqilabında sosial bərabərliyin qorunması üçün dövlətlərin və böyük transmilli şirkətlərin üzərinə çox önəmli vəzifə düşür. Belə ki, yarana biləcək çətinliklərin aradan qaldırılması üçün sahibkarlıq ekosistemi daim genişləndirilməli, yeni sənaye və biznes sektorlarında kiçik və orta sahibkarlığın fəaliyyət göstərməsi üçün münbit şərait daha da yaxşı səviyyədə olmalıdır. Böyük transmilli şirkətlər üzərilərinə düşən sosial məsuliyyət və biznes etikasının tərkib hissəsi kimi gəlirlərinin bir qismini müxtəlif ölkələrdə gəlir bərabərsizliyinin aradan qaldırılması və ətraf mühitin qorunması məqsədi ilə sosial biznesə yönəltməlidirlər.

Turan Süleymanov,

UNEC-in Strateji inkişaf şöbəsinin müdiri,
biznes-menecment müəllimi