10 oktyabr 2019 17:17
177

İtaliyanın spirtli içkilər sektoru təhlükə altındadır

İtaliyanın spirtli içkilər sektoru ABŞ-ın tətbiq etdiyi rüsumlardan sonra təhlükə altındadır.

Bu barədə İtaliyanın Şərab və Likör Federasiyası “Federvini” məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın tətbiq etdiyi vergi spirt, likör və likör məmulatları istehsalının bütün sektorunu təhlükəyə atmaqla 100-dək şirkətə və bir neçə minədək iş yerinə ziyan vura bilər. Rüsumların ən azı 35 faiz ixrac dəyərinin xalis itkisinə səbəb olacağı qeyd edilir. İtaliyanın bu sektorda Almaniyadan sonra ikinci ən böyük ixracat bazarı ABŞ-dır.

ABŞ ötən çərşənbə günü Avropa İttifaqına (Aİ) “Airbus” şirkətinə qeyri-qanuni subvensiyalarına görə, şirkətin təyyarələrinə 10 faiz, fransız şərabına, Şotlandiya və İrlandiya viskisinə, bütün qitədən idxal olunan pendirə 25 faiz gömrük rüsumu tətbiq edib.

Bu bəyanat Dünya Ticarət Təşkilatının Vaşinqtona uzunmüddətli perspektivdə 7,5 milyard dollar dəyərində Aİ məhsullarına ticarət tarifini tətbiq etməsinə icazə verməsindən sonra gəlib ki, bu addım transatlantik ticarət savaşını alışdırmaq təhlükəsi yaradır.