22 fevral 2020 13:58
1037

İtaliyanın nüfuzlu Rai telekanalı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfəri ilə bağlı reportaj yayımlayıb

İtaliyanın nüfuzlu Rai televiziya kanalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfəri ilə bağlı reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Prezident İlham Əliyevin İtaliyaya dövlət səfərinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyəti qeyd edilir. Xüsusən də imzalanmış sənədlərin əlaqələrin daha da dərinləşməsinə təkan verəcəyi vurğulanır.

Reportajda Azərbaycan Prezidentinin səfər zamanı keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərdən bəhs edilir. Prezident Sercio Mattarella ilə görüşə daha çox diqqət yetirilən reportajda İtaliya dövləti başçısının ölkələrimiz arasında münasibətlərin inkişafı, eləcə də bu istiqamətdə müzakirə edilən məsələlərlə bağlı fikirləri diqqətə çatdırılır.

Enerji sahəsində əməkdaşlığa toxunulan reportajda TAP layihəsi üzrə işlərin yekunlaşma mərhələsində olduğu, bunun İtaliya-Azərbaycan əlaqələrinin daha da inkişafında töhfə verəcəyi vurğulanır.

Həmçinin keçirilən görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulduğu qeyd olunur.