Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Sevinc Azadi

İtaliya - Azərbaycan münasibətləri yeni mərhələdə

24 fevral 2020 20:52
1618

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 19-da İtaliya Respublikasına dövlət səfəri də bunu bir daha təsdiqlədi ki, iki ölkə arasında münasibətlərin inkişaf dinamikası yüksəkdir və müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. Digər tərəfdən, bu səfər həm də regional və beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə İtaliya arasındakı yüksək siyasi dialoq həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edəcək. Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalandı. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticari, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəniyyət, elm, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələrini əhatə edir. Onlardan 17-si Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Kontenin iştirakı ilə imzalandı və mübadilə olundu. Digər sənədlər biznes forum çərçivəsində imzalandı. İmzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Sənədin bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanması bu sənədin siyasi yükünü göstərir. Bu, Azərbaycanın digər ölkələrlə, o cümlədən “Böyük Yeddiliyin” və Avropa İttifaqının üzvü olan ölkə ilə imzaladığı ilk sənəddir. Bu sənədlə ölkələrimiz arasında münasibətlər yeni, daha yüksək səviyyəyə qədəm qoyur. Belə ki, tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün istiqamətlərdə daha da gücləndirilməsi istəyini ortaya qoyurlar.

Azərbaycan ilə İtaliya arasında siyasi sahədə olduğu kimi, iqtisadi sahədə də əməkdaşlıq uğurla davam edir. Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Şübhəsiz ki, ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin əhəmiyyəti mühüm önəm daşıyır. Bunu müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırması, Azərbaycanın isə İtaliyaya 135 milyon dollardan çox investisiya qoyması faktından da aydın görə bilərik.

Qeyd edək ki, İtaliya dünyanın 7-ci iqtisadiyyatıdır. Qabaqcıl texnoloji yeniliklərə və nou-haulara malik italyan şirkətləri Azərbaycanın neft-qaz və qeyri-neft sektorunda ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan 300-dən artıq müxtəlif layihələrdə iştirak edirlər. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkəti qeydiyyata alınıb.

Təsadüfi deyil ki, dövlət səfəri çərçivəsində Prezident İlham Əliyevin dünyanın ən aparıcı italyan şirkətlərinin rəhbərləri ilə görüşü oldu. Habelə cənab Prezidentin iştirakı ilə hər iki tərəfdən sənaye, o cümlədən tekstil və qida sənayesi, energetika, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, turizm, konsaltinq, tikinti sahələrini təmsil edən 100-ə yaxın şirkətin qatıldığı Azərbaycan-İtaliya biznes forumu keçirildi. Əvvəlki biznes forum 2018-ci ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda baş tutmuşdur. İki ölkənin iş adamları arasında dövlət başçılarının iştirakı ilə belə görüşlərin keçirilməsi ənənəvi hal almaqla yanaşı, ikitərəfli iqtisadi-ticari əlaqələrin inkişafına dövlət səviyyəsində verilən yüksək diqqətin göstəricisidir.

Enerji sahəsində əməkdaşlığın olduqca yüksək səviyyəsi xüsusilə qeyd olunmalıdır. Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. Bu il Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi üzrə işlərin tamamlanmasından sonra bu rəqəm daha da artacaq. Bu layihənin reallaşdırılması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına mütləq şəkildə xidmət edəcək.

Azərbaycan və İtaliya hərbi-texniki sahədə də əməkdaşlıq barəsində razılıq əldə ediblər. Bu sahədə əməkdaşlıq ölkələrimiz arasında qarşılıqlı etimadın yüksək səviyyəsinin və Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlığının coğrafiyasının genişliyinin təzahürüdür.

Digər ikitərəfli əməkdaşlıq sahələrindən bəhs edərkən mədəni-humanitar sahədə son illər həyata keçirilən uğurlu təşəbbüsləri xüsusilə qeyd etmək lazımdır. Bu xüsusda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun rolu qeyd olunmalıdır. Heydər Əliyev Fondu tərəfindən İtaliyada müxtəlif layihələr reallaşdırılır. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən fəal dəstək göstərilir. Mütəmadi əsasda İtaliyada keçirilən Azərbaycan kino və mətbəx festivalları ölkəmizin mədəniyyətinin təbliğinə xidmət edir. İtaliya dövlətinin başçısı tərəfindən 2020-ci ilin İtaliyada “Azərbaycan Mədəniyyəti İli” elan olunması ölkəmizin mədəniyyətinin İtaliyada və Avropada daha geniş kütlələrə çatdırılmasına, xalqlararası təmasların daha da güclənməsinə və Azərbaycan-İtaliya əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək.

Nurəddin Muğanlı
Bura Vətəndir...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?