12 fevral 2019 10:20
173

İstehsal etdiyimiz enerjinin nə qədəri ixrac olunub?

Hazırda Azərbaycanda əhalinin elektrik enerjisi ilə etibarlı təminatı  100 faizdir. Bu barədə Dünya İqtisadi Forumunun hələ  bir neçə ay əvvəl açıqladığı “Qlobal Rəqabətlilik İndeksi 2018” hesabatında da bildirilib.

Sənədə əsasən, Azərbaycan elektrikləşdirmə indeksi üzrə müəyyən edilmiş maksimum 100 baldan hamısını toplayaraq 140 ölkə arasında birinci yerə çıxıb. Artıq ölkəmizdə ən ucqar dağ kəndlərində belə əhali fasiləsiz elektrik enerjisi ilə tam təmin olunub. Bu faktlar sübut edir ki, ölkəmizdə elektrik enerjisi istehsalı sahəsində görülən işlər və həyata keçirilən tədbirlər çoxşaxəlidir.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bu barədə ətraflı danışıb. Bildirib ki, bu il infrastrukturla bağlı bir çox önəmli layihələr icra ediləcək: “Biz son illər ərzində infrastrukturun yaradılması ilə çox ciddi məşğul olmuşuq. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, infrastrukturun inkişafı üzrə qabaqcıl yerdədir. Ancaq hələ ki, görüləsi işlər var və bu istiqamətdə işlər aparılacaq. Bu il “Şimal-2” yeni böyük elektrik stansiyasının istifadəyə verilməsi gözlənilir.Bu stansiya 400 meqavat enerji istehsal edəcək.İndi biz özümüzü elektrik enerjisi ilə tam təmin edirik. Hətta böyük həcmdə ixrac da edirik. Ancaq biz yeni güclər yaratmalıyıq. Çünki tələbat artır, əhali artır və ixrac imkanlarımız genişlənir. Ona görə 400 meqavat gücündə “Şimal-2” elektrik stansiyasının işə salınması mühüm hadisə olacaqdır. Bununla bərabər, keçən ilin ikinci yarısından başlayaraq - o qəza baş verəndən sonra bizim enerji sistemimiz çox ciddi təftiş olunur...Çatışmazlıqlar operativ qaydada aradan qaldırılır və eyni zamanda, mövcud enerji bloklarımızın reabilitasiyası, yenidən qurulması prosesinə start verilib.”

Prezidentin keçənilki qəzanı xatırlatması təsadüfi deyil. Çünki həmin qəza zamanı Bakı Metropoliteninin işini dayandırması, yollarda işıqforların işləməməsi, idarə və müəssisələrdə işin ahənginin pozulması, mənzillərdə işıqların sönməsi böyük narahatlıqlar yaratdı. Məlum oldu ki, bəzi məmurların səhlənkarlığı ucbatından enerji sistemi ekstremal şəraitə hazır deyil. Ona görə də belə halların baş verməməsi üçün təcili ciddi tədbirlər görüldü. İclasdakı nitqində bu hadisəyə geniş yer verən Prezident İlham Əliyev vurğuladı ki, metroda, xəstəxanalarda, rabitə obyektlərində və digər strateji obyektlərdə generatorların quraşdırılması zərurəti yarandı. Artıq həmin sahələrin əksəriyyətində nəzərdə tutulan qabaqlayıcı tədbirlər həyata keçirilib. Bununla bərabər, ölkənin bütün yaşayış məntəqələri dayanıqlı elektrik enerjisi ilə etibarlı surətdə təmin edilib.

Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, keçən ilin ikinci yarısında bu istiqamətdə aparılan işlər bu ilin ilk ayında müvəffəqiyyətlə davam etdirilib. Nəticədə 2 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 200 milyon kilovat-saat çoxdur. İstehsal edilən enerjinin on faizə qədəri ixrac edilib. Bu, əlbəttə, böyük nailiyyətdir.

Dövlətimizin başçısının Nazirlər Kabinetinin sözügedən iclasındakı  nitqindən də göründüyü kimi, ölkənin elektrik enerjisi ilə təminatına və hətta enerji ixracatına böyük diqqət yetirilir. Enerji bloklarının bərpası və 400 meqavat gücündə yeni elektrik stansiyasının işə salınması ilə bu məqsədlər tam reallaşacaq, yəni enerjinin xarici ölkələrə  ixracı ölkəmizə yüz milyonlarla dollar vəsait gətirəcək.

Vəli İlyasov, “İki sahil”