KÖŞƏ

Mənsumə Babayeva

İşğalçı ölkənin maddi-mədəni irsimizi məhv etməsi vəhşilik və vandalizmdir

24 noyabr 2020 19:52
636

30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan düşmən bu illər ərzində həmin ərazilərdəki mülki əhaliyə məxsus evlər, infrastruktur obyektləri ilə yanaşı, tarixi, mədəni və dini abidələrimizə qarşı da vəhşiliklər törədiblər. Bununla da bir sıra tarixi, dini abidələrimiz, məscidlərimiz dağıdılıb, təhqirə məruz qalıb.

Sentyabrın 27-də təcavüzkar ölkənin hərbi təxribatı nəticəsində başlayan və 44 gün davam edən müharibədə, döyüş meydanında rəşadətli Azərbaycan Ordusu­nun qarşısında duruş gətirə bilməyən Ermənistan şəhərlərimizi, kəndlərimizi ağır artilleriya­dan, qadağan olunmuş ballistik raketlərdən, kassetli bombalardan atəşə tutmaqla, cəbhə zonasından uzaqda yaşayan dinc sakinlərin evlərini dağıtmaqla, məscidləri təhqir etməklə təsəlli tapmağa çalışırdı. Dünyada terrorçu dövlət kimi ad çıxar­mış Ermənistanın bu hərəkətlərinə, təəssüf ki, nə nüfuzlu beynəlxalq təşkilatlar, nə də böyük dövlətlər səviyyəsində münasibət bildirilmir. Bir çox hallarda belə özlərini görməzliyə vurur, bəzən isə üzərindən sükutla keçirlər. Lakin bu məsələyə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bir neçə dəfə reaksiya verib. Təşkilatın Baş Katibliyi bugünlərdə yaydığı bəyanatda da İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını ifadə edib.

Heç kimə sirr deyil ki, Ermənistan hər zaman Azərbaycana qarşı hərbi təcavüz və işğal siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb. Bununla da işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən yüzlərlə tarixi abidə, onlarla muzey, məscid və mədəni irs nümunələri vandalizm obyektinə çevrilib. Hətta XIX əsrə aid Ağdam məscidi dağıdılıb talan edilməklə yanaşı, donuz və mal-qara saxlanılması üçün tövlə kimi istifadə edilib və təhqir obyektinə çevrilib.

Göründüyü kimi, işğal olunmuş ərazilərdə əsrlərboyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasına dair” 1954-cü il Haaqa Konvensiyasının və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulması deməkdir. Bugünlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı araşdırmalara əsasən, məlum olub ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində 67 məscid olub. Onlardan 66-sı dağıdılıb.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məsələ ilə bağlı deyib: “Yalnız bir məscid - Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidi məqsədyönlü şəkildə saxlanılıb və orada yüngülvarı təmir işləri aparılıb. Ermənistanın məkrli planına əsasən, Şuşa məscidi saxlanılıb və İslam aləminə, bütün dünyaya təqdim ediləcəkdi ki, guya “Ermənistan məscidləri dağıtmır” və “Ermənistanın İslam dünyası, müsəlmanlarla problemi yoxdur”. Buna nümunə olaraq Yuxarı Gövhər Ağa məscidini göstərirlər. Lakin onların məkrlərinə baxın ki, həmin məscidi İran məscidi kimi qələmə verirdilər”.

G.İsmayılov, həmçinin onu da qeyd edib ki, işğaldan azad olunan ərazilərdə tarixi-dini abidələrimizlə bağlı Ermənistanın siyasətində üç əsas məqam dayanır: tarixi-dini abidələri özününküləşdirmək, özgəninkiləşdirmək və dağıtmaq: “Özgəninkiləşdirmək deyəndə Yuxarı Gövhər Ağa məscidini nəzərdə tuturam. Özününküləşdirdikləri isə Qafqaz Albaniyasının yadigarı olan alban məbədləri idi. Ermənilər bunları qriqoryanlaşdırmışdılar. 192 ziyarətgahımız olub. Onların hamısı dağıdılıb. Bir neçə məsciddən donuz saxlamaq üçün istifadə ediblər. Biz bunu Ağdam Cümə məscidi, Qubadlı rayonundakı Məmər məscidi və digərlərində gördük”.

Prezident İlham Əliyev Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscidin açılışında demişdi ki, “ermənilər bizim məscidləri dağıda bilərlər, amma onları bizim ürəyimizdən silə bilməzlər. Biz o məscidlərin hamısını işğaldan azad edəcəyik və bərpa edəcəyik”. Məhz bu gün həmin məscidlər işğaldan azad olunub və həmin məscidlər mütləq bərpa ediləcək. Yeri gəlmişkən onu da diqqətə çatdıraq ki, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 46-cı iclasında “İslamın müqəddəs yerlərinin qorunması haqqında” 3-46-S saylı qərar qəbul edilib. Qərarda erməni təcavüzkarları tərəfindən Azərbaycandakı İslama aid tarixi və mədəni irsin tamamilə məhv edilməsi ilə bağlı barbar hərəkətlər qəti şəkildə pislənilib. Təbii ki, ermənilərin viran qoyduqları ərazilərimiz artıq işğaldan azad edilib və dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi, burada həyat dirçələcək. Daha gözəl evlər, məscidlər tikiləcək.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?