16 iyul 2020 17:23
780

İşğalçı Ermənistan təxribat törətməyi özünə məqsəd seçib

Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar Ermənistanın dünya birliyinə və beynəlxalq hüquqa tam sayğısız yanaşdığını bir daha göstərdi.

Ölkəmizdən işğalla qopardığı torpaqları azad etmək prosesinə real şəkildə qoşulmaq əvəzinə Ermənistanın təxribatlara əl atması daimi hal alıb. Bir daha sübut olunur ki, işğalçı ölkə münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil və işğala əsaslanan indiki vəziyyəti dəyişməz saxlamaq istəyir.

Azərbaycanla sərhədlərdə törədilən bütün təxribatların məsuliyyəti tam şəkildə Ermənistan rejiminin üzərindədir. İndiki Ermənistan rejimi həm Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə hər vəchlə mane olur, həm də ölkənin strateji təhlükəsizlik sənədlərinin hazırlanmasında regional sülhə heç bir töhfə vermək istəmədiyini açıq göstərir. Əgər baş nazir N.Paşinyan “əsas vəzifəmiz Qarabağın azadlıq uğrunda tarixi mübarizəsinin indiki nəticələrini qorumaq və tanıtmaqdır” kimi regional sabitliyi alt-üst edən tezisi ölkənin milli təhlükəsizlik strategiyasına daxil edilirsə, bu, artıq qəti şəkildə o deməkdir ki, Ermənistan rejimi regionumuzu müharibəyə sürükləməyi özünə məqsəd seçib.

Azərbaycanla sərhəddə sonuncu təxribatları Ermənistan rejimi özü üçün çox əlverişsiz daxili və beynəlxalq münasibətlər şəraitində törədir, daha doğrusu, törətməyə məhkumdur. Koronovirusla uğursuz mübarizə və daxildə ağırlaşan sosial-iqtisadi şərait üzündən N.Paşinyan hakimiyyətinin əhali arasında “inqilabçı populyarlığı” sonadək dağılmaq üzrədir. Ölkənin əsas siyasi qüvvələri Paşinyan hakimiyyətinə qarşı sürətlə birləşməkdədir. Mövcud Ermənistan rejimi ictimai diqqəti özü üçün çox çətin daxili vəziyyətdən yayındırmaq naminə Azərbaycanla sərhədlərdə mütəmadi təxribatlar törətməkdə mütləq maraqlıdır.

Hazırkı beynəlxalq münasibətlər şəraiti də Ermənistan üçün getdikcə daha əlverişsiz xarakter almaqdadır. İşğalçı dövlətin təcavüzkar və faşist-diktatura mahiyyəti dünya üçün getdikcə daha aydın şəkildə açılır, Azərbaycan diplomatiyasının ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyi Ermənistanı daha təklənmiş vəziyyətə salır. Azərbaycanla sərhəddə törədilən son təxribatlar Ermənistan rejiminin ölkə daxilindən və beynəlxalq miqyasdan gördüyü təzyiqlərə məcburi və uğursuz cavab reaksiyasıdır. Paşinyan hakimiyyəti yaxşı başa düşür ki, getdikcə ondan narazı düşən erməni cəmiyyətinin diqqətini başqa tərəflərə yönəltməsə, onun üçün çıxılmaz vəziyyət daha tez yetişəcək.

Azərbaycanın Dağlıq Qarabağ məsələsində Ermənistanı daha təklənmiş duruma salması onu kənarlarda yeni himayədarlar axtarışına sövq edir. Heç bir şübhə yoxdur ki, Ermənistan rejimi sərhəd təxribatları ilə özünün üzv olduğu hərbi-siyasi təşkilatları Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb etmək istəyir. Təhlillər göstərir ki, Ermənistanın öz hərbi-siyasi təşkilat ortaqlarını münaqişəyə cəlb etmək səyləri növbəti iflasla nəticələnəcək. Azərbaycanla sərhəddə Ermənistanın son təxribatları mövcud rejimin ölkədaxili siyasi və beynəlxalq diplomatik uğursuzluqlarının məntiqi davamıdır.

Cavid Əkbərov, “İki sahil”